Əbülhəsən Rəhmani () ― hərbçi, siyasətçi, tarixçi. Qızılbaş Xalq Qoşunları Ordusunun zabiti, Tudə Partiyasının üzvü və Azərbaycan Demokrat Firqəsinin İcraiyyə Bürosunun üzvü.

21 Azər hərəkatı dövründə fədai dəstələrinin formalaşdırılmasında və şəhərlərin şah qoşunlarından təmizlənməsində iştirak edib. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra mühacirət edib. Tarix elmləri doktoru adını alıb və Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunda fəaliyyət göstərib.

Haqqında

İlk illəri Əbülhəsən Əli oğlu Rəhmani 1910-cu ildə Təbrizdə anadan olub. Atası Əli Rəhmani, "Zərqam Homayun" ləqəbi ilə Məşrutə hərəkatının fəal iştirakçılarından biri olub. Əbülhəsən Rəhmani orta məktəbi Təbriz şəhərində bitirib. 1927-ci ildə İran Kommunist Partiyasına üzv olub. 1928–1931-ci illərdə Moskva Dövlət Universitetində təhsil alıb. 1931-ci ildə İrana qayıtdıqdan sonra həbs olunub. Bir neçə aydan sonra həbsdən azad olunub. Zabitlik məktəbinə daxil olub və buranı bitirdikdən sonra İran ordusunda xidmət edib. 1935-ci ildən 1937-ci ilə qədər ali təhsil alıb.

1941-ci ildə Tudə Partiyasına qoşulub və gizli siyasi fəaliyyətlə də məşğul olub. Partiyanın hərbi təşkilatını qurmaq üçün fəaliyyət göstərib və Həsən Nəzəri, Məhəmməd Agahi, Abbas Səqayi və Tağı Musəvi ilə birlikdə təşkilatlanıb. 1945-ci ildə İran ordusunun tərkibində inqilabi fəaliyyət göstərdiyinə görə həbs olunub və Kirman şəhərinə sürgün edilib. Sürgündən qaçaraq Təbrizə gəlib. Azərbaycan Demokrat Firqəsinə qoşulub. 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulub. Azərbaycan Milli Hökuməti dövründə Qızılbaş Xalq Qoşunlarının kadr şöbəsinin rəisi vəzifəsində işləyib.

1946-cı il dekabrın 5-də Miyanə istiqamətində hücum edən şah qoşunları Qulam Yəhyanın rəhbərlik etdiyi fədailər tərəfindən dayandırıldı. Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşununa qarşı mübarizə aparmaq üçün Milli Hökumətə müraciətlər edirdilər. Bundan sonra Mir Cəfər Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi quruldu. Komitənin ilk işi Təbrizdə hərbi vəziyyət elan edib, "Babək" adlı könüllü dəstələr qurmaq oldu. Könüllü dəstələrə ilk etapda 600 nəfər üzv oldu. Bundan sonra Mir Cəfər Pişəvəri yenidən hərbi dəstək üçün Sovet İttifaqına müraciət etdi. Lakin bu istəyi cavabsız qaldı.

1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarının və fədai qüvvələrinin şah qoşunlarına qarşı müqavimət göstərməmələri və döyüş meydanlarını tərk etmələri haqda qərar verdi. Elə həmin gündən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar. Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar. Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi. Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar. Azərbaycan Milli Hökuməti süqut etdi. 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu. Bundan sonra da qırğınlar və talan davam etdi. Minlərlə insan həbs olundu, sürgün edildi. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.

AMH dağıldıqdan sonra Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Əbülhəsən Rəhmani Azərbaycan SSR-yə mühacirət edib. 1947–1951-ci illərdə Bakı Ali Partiya məktəbində təhsil alıb. 1951–1953-cü illərdə Azərbaycan Radioinformasiya Komitəsinin İran bölməsinin tərcüməçisi (fars və Azərbaycan dilindən) və redaktoru işləyib. 1953-cü ildən Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunda fəaliyyət göstərib. 1959-cu ildə "Tarix-i Aləm Aray-i Abbasi Azərbaycan tarixinin mənbəyi kimi" mövzusunda namizədlik dissertasiyasını, 1971-ci ildə isə "Azərbaycan XVI əsrin ortalarından XVII əsrə qədər" mövzusunda doktorluq işini müdafiə edib. Azərbaycan Demokrat Firqəsinin İcraiyyə Bürosunun üzvü olub.

1987-ci il oktyabrın 14-də vəfat edib və Bakıda Yasamal qəbiristanlığında dəfn olunub.

Mənbə

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Yazdığı kitablar Əbülhəsən Rəhmani -"Tarix-i Aləm Aray-i Abbasi" Azərbaycan tarixinin mənbəyi kimi, Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı, Bakı, 1960-cı il. Əbülhəsən Rəhmani — Azərbaycan XVI əsrin sonu və XVII əsrdə (1590–1700 illər), Elm nəşriyyatı, Bakı, 1981-ci il.

Kateqoriya:Azərbaycan Demokrat Firqəsinin üzvləri Kateqoriya:İran azərbaycanlısı hərbçilər Kateqoriya:İran azərbaycanlısı alimlər Kateqoriya:Tudə hərbi təşkilatının üzvləri