Qoşqar Teymur oğlu Əhmədov () — görkəmli sovet və Azərbaycan riyaziyyatçısı, Böyük Vətən Müharibəsi iştirakçısı (1941–1945), fizika- riyaziyyat elmləri doktoru (1960), professor (1961), Azərbaycan SSR EA müxbir üzvü (1969).

Həyatı Qoşqar Teymur oğlu Əhmədov 1917-ci il oktyabrın 25-də, indiki Azərbaycan Respublikası Gədəbəy rayonunun Söyüdlü kəndində ziyalı ailəsində anadan olmuşdur. İbtidai təhsilini Söyüdlü kəndində almış, V–VII sinifləri isə Gədəbəy qəsəbə natamam orta məktəbində oxumuşdur.

Qoşqar Əhmədov, 1930–1933-cü illərdə Bakı Beynəlmiləl Pedaqoji Texnikumunda təhsil almış, 1934-cü ildə texnikumu bitirdikdən sonra Gədəbəy rayonunun Xarxar kənd natamam orta məktəbində fizika və riyaziyyat müəllimi işləmişdir. Kənddə bir il müəllimlik etdikdən sonra, S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin nəzdindəki hazırlıq kursunda oxumuşdur.

1936-cı ildə Qoşqar Teymur oğlu Əhmədov Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin "Riyaziyyat" bölməsinə və Tibb İnstituna daxil olmuşdur. (O vaxt eyni zamanda iki institutda oxumağa icazə verilirdi) Qoşqar Əhmədov bir il bu ali məktəblərin hər ikisində əla qiymətlərlə oxuyub, lakin bir ildən sonra eyni zamanda iki ali məktəbdə təhsil almaq qaydasına son qoyulub. Universitet müəllimlərinin, xüsusən Mikayıl Xıdırzadənin və Maqsud Cavadovun, Əşrəf Hüseynovun təkidi ilə Qoşqar Əhmədov, Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin "Riyaziyyat" bölməsində təhsilini davam etdirməli olur. O, beş il ərzində əla qiymətlərlə oxumuş, təhsil aldığı fakültədə tələbələr üçün dövrün ən yüksək təqaüdü olan İ. V. Stalin adına təqaüdə layiq görülmüşdür. 1941-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib, riyaziyyatçı ixtisasına yiyələnmişdir.

1941-ci ildə Böyük Vətən Müharibəsinin başlanması ilə əlaqədar olaraq, 24 yaşlı gənc Qoşqar Əhmədov Qızıl Ordu sıralarına çağırılmışdır. Müharibənin ilk illərində Qoşqar Əhmədovun riyaziyyat və fizika sahələrində biliyi və bacarığı nəzərə alınaraq, onu həmin il Moskva şəhər Lenin ordenli Feliks Edmundoviç Dzerjinski adına Artilleriya Akademiyasına göndərirlər. 1942-ci ildə Akademiyanı əla qiymətlərlə bitirdikdən sonra Tiflisə- Zaqafqaziya hərbi dairəsinə, oradan da Bakı Qarnizonuna göndərilmişdir. Müxtəlif hərbi hissələrdə əvvəlcə texnik, mühəndis, 1945-ci ilin sonuna qədər Bakı Qarnizonunun zenit artilleriyası üzrə komandir müavini vəzifələrində, baş leytenant, sonra isə kapitan rütbələrində xidmət etmişdir.

1946-cı ildə ordu sıralarından tərxis olunandan sonra həmin il Qoşqar Əhmədov, Azərbaycan Dövlət Universitetinə işə bərpa olunaraq, "Funksiyalar nəzəriyyəsi və cəbr" kafedrasında müəllim işləməklə yanaşı, həmin kafedra üzrə aspiranturaya daxil olub, müəllimi, görkəmli riyaziyyatçı, akademik Əşrəf Hüseynovun rəhbərliyi ilə "Bəzi qeyri-xətti inteqral tənliklərin tədqiqi" mövzusunda elmi iş götürüb tədqiqatlara başlayır. Qoşqar Əhmədovun namizədlik dissertasiyası nüvəsi parametrdən asılı olan daha ümumi qeyri-xətti inteqral tənliklərin həllinin varlığı və yeganəliyi məsələsinə həsr olunmuşdur. O, cırlaşmış nüvə üsulundan istifadə edərək, nüvəsi parametrdən polinomial asılı olan tənliyin həllinin varlığını və yeganəliyini isbat etmiş, həllin parametrdən asılılığını öyrənmişdir. 1949-cu ildə aspiranturanı bitirdikdən sonra, 8 dekabr 1950-ci ildə 33 yaşında Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında akademik Əşrəf Hüseynovun rəhbərliyi ilə "Bəzi qeyri-xətti inteqral tənliklərin araşdırılması (tədqiqi)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək Fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. Qoşqar Əhmədov 1951-ci ildə çalışdığı kafedranın dosenti vəzifəsinə seçilib. 29 yaşlı Qoşqar Əhmədov, 1946-cı ilin oktyabrında Universitetin rektoru akademik Abdulla Qarayevin əmri ilə Fizika-riyaziyyat fakültəsinin dekan müavini vəzifəsinə təyin edilir.

1952-ci ilin 15 sentyabrında Azərbaycan Dövlət Universitetinin rektoru Cəfər Xəndan Hacıyevin əmri ilə Fizika-riyaziyyat fakültəsinin dekanı vəzifəsinin müvəqqəti icrası Qoşqar Əhmədova həvalə edilmişdir. Həmin ilin sonunda təşkilatçılıq qabiliyyətini nəzərə alaraq 35 yaşlı gənc alimi Fizika-riyaziyyat fakültəsinin dekanı vəzifəsinə seçirlər.

SSRİ Ali və Orta İxtisas Təhsili Naziri V. P. Yelyutinin 06 avqust 1955-ci il tarixli razılıq əmrindən sonra o, həmin dövrdə universitetin rektoru vəzifəsində işləyən akademik Yusif Məmmədəliyevin 1955-ci il 25 avqust tarixl əmri ilə 01 sentyabr 1955-ci illdən doktorluq dissertasiyası üzərində işləmək məqsədi ilə, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin doktoranturasına ezam olunmuşdur. 1956–1958-ci illərdə Moskva Dövlət Universitetində doktoranturada oxumuş, 1960-cı ildə 43 yaşında Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında fizika-riyaziyyat elmləri doktoru, professor Lazar Lyusternik və fizika-riyaziyyat elmləri doktoru, professor Viktor Nemıtskinin məsləhətçiliyi ilə "Banax fəzasında diferensial tənliklərin nəzəriyyəsinə dair" ("Operator və operatorlu diferensial tənliklərin analitik nəzəriyyəsinə dair") mövzusunda doktorluq dissertasiyasını böyük müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır. Qoşqar Əhmədov riyaziyyat sahəsində elmlər doktoru olmuş altıncı azərbaycanlıdır. Xüsusi qeyd etmək lazımdır ki, Qoşqar Əhmədov Bakı şəhərində riyaziyyat sahəsində doktorluq dissertasiyası müdafiə etmiş ilk azərbaycanlıdır.

1960-cı ildə doktorluq dissertasiyası müdafiə etdikdən sonra, ona Moskvada qalıb işləmək təklif olunmuşdu. Təkliflər Qazaxıstandan, Orta Asiya Respublikalarından və Şimali Qafqaz ölkələrindən də var idi, lakin öz doğma el obasına, vətəninə ürəkdən bağlı olan Qoşqar Əhmədov doğma Bakı Dövlət Universitetində işləməyə üstünlük verib, rəhbərlik etdiyi "Diferensial və inteqral tənliklər" kafedrasında fəaliyyətini davam etdirir. 1958-ci ildən ömrünün sonuna qədər universitetin Mexanika-riyaziyyat fakültəsinin "Diferensial və inteqral tənliklər" kafedrasının müdiri vəzifəsində çalışmaqla yanaşı, 1952–1956-cı illərdə "Fizika və riyaziyyat" və 1970–1972-ci illərdə Mexanika və riyaziyyat fakültələrinin dekanı, 1963–1964-cü illərdə universitet partiya komitəsinin katibi vəzifələrində işləmişdir. O, 1961-ci ildə "Diferensial və inteqral tənliklər" kafedrası üzrə professor elmi adına layiq görülmüşdür.

Qoşqar Əhmədov 1969-cu ildə Azərbaycanın SSR Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. O, uzun illər "Adi diferensial tənlikər" kursundan mühazirələr oxumuşdur. 1960-cı illərin əvvəlindən o, eyni zamanda həmin dövr üçün yeni olan "Optimal idarəetmənin riyazi üsulları" sahəsi ilə məşğul olmuşdur. 1970-ci illərin əvvəllərində professor Qoşqar Əhmədovun rəhbərliyi ilə Bakıda "Optimal idarəetmə nəzəriyyəsi" məktəbi yaranmışdır. 1972-ci ilin oktyabırında SSRİ məkanında ilk dəfə olaraq Bakı şəhərində, Qoşqar müəllimin təşkilatçılığı və onun rəhbərliyi ilə "Optimal idarəetmə nəzəriyyəsi" üzrə ilk ümumittifaq konfransı keçirilmişdir. Konfransda keçmiş SSRİ-nin müxtəlif şəhərlərindən tanınmış alimlər iştirak edirdilər. Onların arasında dövrün tanınmış alimləri Moskvadan professorlar Vladimir Qriqoryeviç Boltyanski, Fyodr Pavloviç Vasilyev, Ukraynadan professorlar Aleksandr İvanoviç Yeqorov, Vladimir Larin, Belorusdan Faina Mixaylovna Kirillovanın olması xüsusi maraq doğururdu.

Qoşqar Əhmədov Azərbaycan Dövlət Universitetində tam ştatda işləməklə yanaşı, ayrı-ayrı vaxtlarda və illərdə Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji (Gəncə Dövlət Universiteti), V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji (Azərbaycan Dövlət Pedaqoji Universiteti), Xalq Təsərrüfatı (Azərbaycan Dövlət İqtisad Universiteti) İnstitutlarında və müxtəlif illərdə Səmərqənd Dövlət Universitetində riyaziyyatın müxtəlif sahələrinə aid mühazirələr oxumuş, həmin müəssisələrdə tədris prosesinin keyfiyyətinin yüksəlməsinə, riyaziyyatçı kadrlarla təmin olunmasında və elmin inkişafına dəyərli töhfələr vermişdir. Qoşqar Əhmədov Moskva "Riyaziyyat" cəmiyyətinin, SSRİ Ali Təhsil Nazirliyi nəzdində Metodik Şuranın, Azərbaycan Dövlət Universitetinin böyük Elmi Şurasının, Mexanika-riyaziyyat fakültəsinin, Azərbaycan EA-nın, "Riyaziyyat və Mexanika" bölməsi üzrə çıxan "Elmi əsərlər" jurnalının redaksiya heyətinin, V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun və Azərbaycan Dövlət Universitetinin Hesablama Mərkəzinin Elmi Şuralarının üzvü olmuşdur.

Qoşqar müəllim iki il Mexanika-riyaziyyat fakültəsinin dekanı vəzifəsində işlədikdən sonra öz ərizəsinə əsasən həmin vəzifədən azad olunmuşdur. Riyaziyyat elminin daha da inkişaf etdirilməsi məqsədi ilə Qoşqar Əhmədov 1969-cu ildə Tətbiqi riyaziyyat fakültəsinin yaradılması haqqında Azərbaycan Dövlət Universitetinə gəlmiş, həmin dövrdə Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyevə müraciət etmişdir. Bu müraciətdən sonra Heydər Əliyevin tapşırığı və köməkliyi ilə Mexanika-riyaziyyat fakültəsinin bazası əsasında Tətbiqi Riyaziyyat fakültəsi yaradılmışdır. Sonralar bu fakültənin adı dəyişdirilərək "Tətbiqi riyaziyyat və kibernetika" fakültəsinə çevrilmişdir.

Diferensial və inteqral tənliklər sahəsində böyük mütəxəssis kimi tanınmış Qoşqar Əhmədov 70-dən çox elmi əsərin müəllifi olmuşdur.

Qoşqar Əhmədovun elmi və pedaqoji kadrların hazırlanmasında əvəzsiz xidmətləri olmuşdur. Onun rəhbərliyi ilə 60-dan çox elmlər namizədi hazırlanmışdı. O, 80-dən yuxarı namizədlik və doktorluq dissertasiyaların müdafiəsində rəsmi opponent kimi çıxış etmiş, doktorluq dissertasiyası üzərində işləyən bir çox riyaziyyatçıların elmi məsləhətçisi olmuşdur.

Qoşqar Əhmədov 1975-ci il fevralın 12 vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur. Minlərlə insan öz qəlbinin hökmü ilə onun dəfn mərasimində iştirak etmişdir. Onu son mənzilə yola salmağa müxtəlif peşə və sənət sahibləri, kəndlilər və fəhlələr, elm və mədəniyyət xadimləri, dövlət adamları, Orta Asiyadan, Şimali Qafqazdan və keçmiş SSRİ-nin bir çox şəhərlərindən məşhur insanlar gəlmişlər. İnsan axınının əvvəli-axırı görünmürmüş. Cənazəni Universitetin binasından fəxri xiyabana qədər maşına qoymamış, adamlar bir-birini əvəz edərək, onun cənazəsini çiyinlərində daşımağı özlərinə borc bilərək və bu yolla Qoşqar müəllimə olan hörmət və məhəbbətlərini onun ruhuna qaytarmaq istəmişlər. Mərasimdə iştirak edən yaşlı insanlarşn məlumatına görə Qoşqar müəllimin dəfn mərasimində Həsən bəy Zərdabinin, Üzeyir Hacıbəyovun, Səməd Vurğunun və Əliağa Vahidin dəfn mərasimi ilə müqayisə oluna biləcək sayda insan axını iştirak etmişdir.

Qoşqar Əhmədovun elmi-tədqiqat işlərinə marağın oyanmasında, müəllimi olmuş, Azərbaycanın görkəmli riyaziyyatçı alimi, Bakı Dövlət universitetinin mexanika-riyaziyyat fakültəsinin ilk azərbaycanlı dekanı Mikayıl Xıdırzadənin əvəzsiz xidmətləri olmuşdur.