Aydın Hüseynov () — İqtisadçı, riyaziyyat üzrə fəlsəfə doktoru, "Rabitəbank" ASC-nin İdarə Heyətinin sədridir.

Həyatı Aydın Hüseynov 21 may 1979-cu ildə Ağsu rayonunda anadan olmuşdur. Orta təhsilini Bakı şəhərində yerləşən Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika liseyində tamamlamışdır.

1996–2000-ci illərdə Türkiyə Cümhuriyyətinin Egey Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə bakalavr, 2000–2002-ci illərdə Ankara Universitetində magistr, 2002–2005-ci illərdə isə həmin universitetdə doktorantura təhsilini başa vurmuşdur. Riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Bu dərəcə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya olunmuşdur.

Fəaliyyəti

Peşə fəaliyyəti 2007–2008-ci illərdə Yapı Kredi Bank-da Kreditlərin Təhlili Departamentində mütəxəssis, 2008–2009-cu illərdə Fondların İdarə Edilməsi Departamentində mütəxəssis kimi çalışmış, həmçinin Yapı Kredi İnvest-də broker və diler kimi fəaliyyət göstərmişdir. 2009–2012-ci illərdə TuranBank-da Birja əməliyyatları şöbəsinin müdiri, 2012–2014-cü illərdə Risklərin İdarə Edilməsi Departamentinin direktoru olmuşdur. 2014–2017-ci illərdə Rabitəbank ASC-də İdarə Heyəti sədrinin müavini (risklərin idarə edilməsi və satışın idarə olunması sahələri üzrə) vəzifəsində çalışmışdır. 2017–2019-cu illərdə AFB Bank-da müxtəlif sahələr üzrə (maliyyə, xəzinədarlıq, əməliyyat, insan resursları, risklərin idarə olunması, daxili nəzarət, kredit, anderraytinq, satış və marketinq) İdarə Heyəti sədrinin birinci müavini və İdarə Heyəti sədrinin vəzifəsini icra edən şəxs kimi fəaliyyət göstərmişdir. 2020-ci ilin iyul–oktyabr aylarında "Azərsun Holdinq"də Müşahidə Şurası sədrinin bank və sığorta məsələləri üzrə müşaviri olmuş, eyni zamanda Azərbaycan Sənaye Bankı Müşahidə Şurasının üzvü kimi fəaliyyət göstərmişdir. 2019-cu ildən etibarən Azərbaycan-dakı Amerika Ticarət Palatasının (AmCham) Bank, Maliyyə və Sığorta komitəsinin üzvüdür. 2018–2020-ci illərdə Azərbaycan Banklar Assosiasiyasının Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupunun sədri olmuşdur.

Elmi fəaliyyəti 2012-ci ildə AAK tərəfindən dosent elmi adı verilmişdir. 2014–2019-cu illərdə Bakı Dövlət Universitetinin Riyazi İqtisadiyyat kafedrasında elmlər doktoru proqramı üzrə təhsil almışdır.

Xarici və yerli elmi jurnallarda 19 elmi məqalənin müəllifidir.

Frankfurt School of Finance & Management və Institut de Formation Bancaire Luxembourg təhsil proqramlarında iştirak etmiş, kiçik və orta müəssisələrin maliyyələşməsi, kapital bazarları və maliyyə alətləri üzrə beynəlxalq sertifikasiyalar əldə etmişdir. Müəllifi olduğu kitab: "Maliyyə iqtisadiyyatı: bankçılıq, sığorta, kapital bazarı və birja" — kitabında beynəlxalq standartlara uyğun müasir və rəqabətə dözümlü Azərbaycan maliyyə industriyasının müasir vəziyyəti və perspektivləri haqqında elmi cəhətdən əsaslandırılmış məlumatlar yer alır..

Həmçinin bax Rabitəbank Azərsun Holdinq TuranBank Yapı Kredi Bank

İstinadlar

Xarici keçidlər

Dr. Aydın Hüseynov

Kateqoriya:Azərbaycan bankirləri Kateqoriya:Azərbaycan iqtisadçıları Kateqoriya:1979-cu ildə doğulanlar Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları