Hüseyn Hacim Çarıqlı (; ) — Türkiyə dövlət xadimi və siyasətçi.

Mülkiyyə Məktəbini bitirmişdir. Burxaniyyə, Gönen, Berqama, Palas və Çeşmə kaymakamlıqları, İzmir Polis İdarəsinin rəisliyi, Akhisar kaymakamlığı, Havran və Karesi mutasarrıflıqları, Balıkesir Müdafiəyi-Hüquq Cəmiyyətinin sədri, Osmanlı Məclisi-Məbusanın IV çağırışında Karesi məbusluğu, TBMM-nin I çağırışında Karesi millət vəkilliyi (çağırış müddətində fövqəladə səlahiyyətli Bursa valisi təyin edilmişdir), II çağırışda Diyarbəkir, Konya və Əl-Cəzirə İstiqlal Məhkəmələri sədrliyi və III çağırışda Girəsun, IV, V, VI, VII və VIII çağırışlarda Balıkesir millət vəkilliyi, II çağırışda Məmurin Mühakimət Komissiyasının sədrliyi, VIII çağırışda Ərizələr Komissiyasının sədrliyi vəzifələrini icra etmişdir.

Yunanıstan işğalının ilk günlərindən etibarən Daxili Egey bölgəsində Qüvayi-milliyə hərəkatlarının təşkilinə rəhbərlik etmişdir.

Həyatı

1881-ci ildə Uşaqda anadan olmuşdur. Aşar müdirlərindən Nevşəhərli Əhməd Möhyəddin Əfəndinin oğludur. İzmir Mülkiyyə İdadisini və İstanbulda Məktəbi-Mülkiyyəni bitirmişdir (1904). Osmanlı dövlətinin son illərində mülki idarəçilik karyerası qurmuş, Birinci Dünya müharibəsi zamanı (1917) Suriyada Dəraa mutasarrıfı olmuşdur.

Birinci Dünya müharibəsindən sonra Balıkesir mutasarrıflığına təyin edilmişdir, lakin İttihad və Tərəqqi üzvü olduğu üçün Kürəkən Fərid Paşa hökuməti tərəfindən vəzifədən uzaqlaşdırılmışdır (1919). 15 may 1919-cu ildə Yunanıstan qoşunları İzmirə desant çıxardığı zaman Hacim Möhyəddin bəy Balıkesirdə mutasarrıf idi. Yunanıstan qüvvələrinin İzmirə yerləşməklə kifayətlənməyib daxili bölgələrə doğru irəliləyəcəyi öyrəndikdən sonr Hacim Möhyəddin bəy bölgədə Vasif Çınar, Mehmed Vəhbi Bolak, Hulusi Darblı və Həmdi Körpülü bəylərlə əlaqə yaratmış, Balıkesirdə milli konqresin çağırılmasına öncülük etmişdir. Balıkesir konqresi bəzi məsələlərdə Ərzurum konqresindən də daha təşəbbüskar xarakter daşıyırdı. Burada qəbul edilən qərarların icrasına dərhal başlanmışdır. Hacim Möhyəddin bəy avqustun əvvəlində Nazillidə keçirilən ikinci konqresin, eləcə də 16–25 avqust tarixlərində Alaşehirdə keçirilən üçüncü konqresin təşkili və keçirilməsinə rəhbərlik etmişdir. Beləliklə, bölgədə Qüvayi-milliyənin liderliyini üzərinə götürmüş olmuşdur.

Təşkil etdiyi qurumun mübarizəni davam etdirdiyi günlərdə Hacim Möhyəddin bəy Məclisi-Məbusana qatılmaq üçün İstanbula getmiş, lakin bu vəzifə uzun sürməmişdir. İstanbulda işğal qüvvələrinin qanunverici orqanı dağıtmasından (1920) sonra Ankaraya keçmiş və orada açılan birinci TBMM-də fəaliyyət göstərməyə başlamışdır. Bursa işğal edildiyi günlərdə (8 sentyabr 1920) həmin şəhərin valisi idi. Bursanın yunanlar tərəfindən işğalı səbəbilə TBMM-də ciddi tənqidlərə məruz qalmış və ittiham edilmişdir, lakin Mustafa Kamal Paşanın müdaxiləsi ilə mühakimə olunmasının qarşısı alınmışdır. Hacim Möhyəddin bəy 1920-ci ildən 1950-ci ilə qədər məclisdəki yerini qorumuşdur. Bu müddətdə 4 saylı Konya və Diyarbəkir İstiqlal Məhkəməsinə sədrlik etmişdir (1922–1926). Məhkəmə fəaliyyətinin ilkin mərhələsində əsasən İstanbulda yaşayan kürd elitasını, xüsusilə Kürdüstanın Yüksəlişi Cəmiyyətinin keçmiş üzvlərini hədəf almış və onların bir qismini ölüm cəzasına məhkum etmişdir. Cəmiyyətin keçmiş rəhbərləri Seyyid Əbdülqədir və onun oğlu Seyyid Mehmed, Fuad Berxo və jurnalist Hizanizadə Kamal Fövzi 27 may 1925-ci ildə Diyarbəkir Ulu məscidinin qarşısında edam edilmişdir. Məhkəmənin çıxardığı hökmlər qəti xarakter daşıyır və apellyasiya qaydasında şikayət edilə bilmirdi. 1950-ci ildən sonra siyasi fəaliyyətdən çəkildi. 1965-ci ildə İzmirdə vəfat etmişdir.

Qırmızı-Yaşıl lentli "İstiqlal" medalı sahibidir. Evli idi, beş övladı olmuşdur.

İddialar Britaniya casusu Tomas Edvard Lourens tərəfindən Hacim bəyin Dəraa mutasarrıflığı dövründə onun namusuna təcavüz etdiyi iddia edilmişdir. Bu iddia "Ərəbistanlı Lourens" filmində də yer almışdır. Hacim bəyin oğlu Turqut Çarıqlı "Babam Hacim Muhittin Çarıklı" adlı kitabında işgəncə və təcavüz iddialarını təkzib etmişdir. Turqut Çarıklı əsərində Lourensin təsvir etdiyi şəxsin atasına qətiyyən bənzəmədiyini, bu böhtanın Havranda üsyan qaldırmaq cəhdində uğursuzluğunu əsaslandırmaq məqsədilə irəli sürülmüş ola biləcəyini bildirmişdir.

İstinadlar

Kateqoriya:TBMM I çağırış deputatları Kateqoriya:TBMM II çağırış deputatları Kateqoriya:TBMM III çağırış deputatları Kateqoriya:TBMM IV çağırış deputatları Kateqoriya:TBMM V çağırış deputatları Kateqoriya:TBMM VI çağırış deputatları Kateqoriya:TBMM VII çağırış deputatları Kateqoriya:TBMM VIII çağırış deputatları