Əl-İtqan fi Ülum əl-Quran () — Cəlaləddin əs-Süyutinin Quran elmləri sahəsinə aid əsəri

Əsər Süyutinin əsəri qələmə almaqdakı məqsədi Quran elmlərinə dair bütün mövzuları əhatə edən müstəqil bir əsərin ərsə gətirilməsi olmuşdur. Bu məqsədlə o, müəllimlərindən Qafiyəcinin təfsir elmlərinə dair müxtəsər əsərini və Əbdürrəhman ibn Ömər əl-Bulqininin olduqca həcmli "Məvaqiul-ülum min məvaqiin-nücum" adlı kitabını araşdırmışdır. Bu iki əsərdən ikincisində müxtəsər şəkildə təqdim edilən mövzuları genişləndirərək və yeni mövzular əlavə edərək əvvəlcə "ət-Təhbir fi elmit-təfsir" adlı əsərini qələmə almışdır (1467–1468).

Daha sonra bu sahədə yazılmış ilk müstəqil əsər olan Bədrəddin əz-Zərkəşinin "əl-Burhan fi ülumil-Quran" adlı kitabını görən və Quran elmlərinə dair araşdırmalarını bu əsəri nümunə götürərək davam etdirən Süyuti, "əl-Burhan"dan daha zəngin məzmunlu və daha sistemli olduğunu bildirdiyi "əl-İtqan" əsərini, hazırlamaqda olduğu böyük təfsiri "Məcməul-bəhreyn və mətləul-bədreyn" üçün bir müqəddimə olaraq yazmışdır.

Əsərin qələmə alınmasında İbn Cərir ət-Təbəri, İbn Əbu Hətim, İbn Mərduyə, İbn Həyyan, Əbu Ubeyd Qasım ibn Səlləm, İbn Əbu Davud, Nəvəvi, Əcurri, Ələməddin əs-Səxavi, İbnül-Cəzəri, Hüzəli, Nəhhas, Əbu Əmr əd-Dəni, Rəqib əl-İsfahani, İbn Quteybə, İbn Cinni, Xəttabi, Rumməni, Baqillani kimi alimlərin təfsir, hədis fiqh, lüğət, qiraət, rəsm xətt, əhkam və tarixlə bağlı əsərlərindən bəhrələnilmişdir.

Əsərdəki mövzuların həcmi müxtəlifdir: bir iki səhifəlik mövzu olduğu kimi, daha çox səhifəlik mövzular da vardır. Mövzular işlənərkən əvvəlcə həmin mövzuda əsər yazmış müəlliflər və onların əsərləri qeyd edilərək dəyərləndirilmiş, daha sonra müvafiq məsələlər ayə və hədislər işığında araşdırılmışdır. Əgər bu mənbələrdə birbaşa dəlil tapılmamışsa, alimlərin sözlərinə istinad edilərək məsələlər izah edilmişdir. Əsərdə bəhrələnilmiş əsərlərdən xülasə mətnlər də nəql olunmuşdur.

Fərqli fikirlər təqdim edildikdən sonra müəllif öz mövqeyini ifadə etmiş, nəql edilən məlumatların mənbəyini və isnadını göstərmişdir. Hədislər sənədləri ilə birlikdə verilmiş, onların səhihliyi ilə bağlı qiymətləndirmə isə tədqiqatçının ixtiyarına buraxılmışdır.

Əsər ilk dəfə 1852-ci ildə, Kəlkətədə Mövləvi Bəşirəddin və Nurulhəq tərəfindən Alois Şprenqerin təhlili ilə birlikdə nəşr olunmuşdur.

Həmçinin bax Sünni kitablarının siyahısı

İstinadlar Kateqoriya:XV əsrin kitabları Kateqoriya:Sünni ədəbiyyatı