Əbu Abdullah Məhəmməd ibn Yusif ibn Ömər ibn Şuayb əs-Sənusi əl-Həsəni (; ) — Maliki alimi və sufi.
Həyatı
Mənşəyi Tələbəsi Məllalinin dediyinə görə, hicri 832 və ya 838-ci (1428 və ya 1436) ildə anadan olmuşdur. Şimali Afrikanın tanınmış ailələrindən olan Sənusilərə mənsubdur. Nənəsi (ata tərəfdən) Həsənin nəslindən olduğu üçün nisbəsi "Həsəni"dir.
Təhsili və fəaliyyəti İlk təhsilini atasından almış, Tilismandakı mədrəsələrdə oxumuşdur. O, Cəzairdə gedərək oradakı alimlərdən də dərslər almışdır. Əbu Zeyd əs-Səalibidən hədis, Yusif ibn Əbül-Abbas Məhəmməd əl-Həsənidən qiraət öyrənmiş və həmçinin hesab, məntiq və fəraiz (miras) təhlisi almışdır. Onun elm öyrəndiyi digər müəllimləri bunlardır: Nəsr əz-Zəvavi, Məhəmməd ibn Qasım, Qələsədi, Ərbəkən ər-Rəşidi, Əbül-Qasım əl-Kənnabişi, Əli ət-Taluti (ögey qardaşı). Məhəmməd ibn Yusif əs-Sənusi Cəzairdə qaldığı müddətdə İbrahim ibn Məhəmməd ət-Təziyə intisab edərək ondan xirqə də geymişdir. O, bundan sonra əsər yazmaq, tələbə yetişdirmək və dini təbliğatla məşğul olmağa başlamışdır. Ona tələbəlik etmiş şəxslər arasında İbn Səd ət-Tilismani, Əbül-Qasım əz-Zəvavi, İbn əl-Həc əl-Yəbdəri, Məhəmməd əl-Məllali kimi alimlər vardır.
Ölümü Məhəmməd ibn Yusif əs-Sənusi hicri 895-ci (1490) ildə Tilismanda vəfat etmişdir.
İrsi və mirası O, yaşadığı dövrün Şimali Afrikadakı mücəddidi hesab olunmuş, tələbəsi Məllali onun haqqında "əl-Məvahibül-qudsiyyə fil-mənaqibi-Sənusiyyə" adlı əsər yazmışdır. Məhəmməd ibn Yusif əs-Sənusi İslam elmlərinin demək olar ki, hamısına aid əsərlər yazmış bir alim olmaqla yanaşı, daha çox kəlam sahəsində qələmə aldığı kitablarla məşhurlaşmış və bölgədə Əşariyyə məzhəbinin tanınması və yayılması üçün şərait yaratmışdır. Onun təsəvvüfi fəaliyyətlərlə məşğul olması geniş xalq kütlələri arasında şöhrətinin artmasına səbəb olmuşdur. Kəlam elminə aid "əl-Əqidətüs-suğra" (və ya "Ümmül-bərahin") adlı əsəri uzun müddət Qərbi Afrika ölkələrində, xüsusilə Nigeriya və Malidə, həmçinin Malayziya və İndoneziya kimi Uzaq Şərq ölkələrində dərs vəsaiti kimi tədris edilmişdir. Əlcəzairli Əbdülhəmid ibn Bədis tərəfindən hazırlanmış təfsirdə Məhəmməd ibn Yusif əs-Sənusinin görüşləri və əsərləri mənbə kimi göstərilmişdir. Məhəmməd Əbduhun "Risalətüt-Tövhid" adlı əsərində də ondan bəhrələndiyi məlum olur. Hazırda da Əl-Əzhər Universitetində və Mərakeşdəki təhsil müəssisələrində onun bəzi əsərləri tədris olunur.
Əsərləri Məhəmməd ibn Yusif əs-Sənusinin əsərlərindən bəziləri bunlardır: Əqaidüs-Sənusi (Bulaq, hicri 1238; Qahirə, hicri 1271 və s.). Şərhu əsmaillahil-hüsna (Süleymaniyyə kitabxanasl, Fateh, № 3150). Risalə fi məani-kəlimətəyiş-şəhadə (Leypsiq 1818). Risalə fi əxlaqil-ibad. Şərhu İsağuci fil-məntiq. Təfsir. Şərhul-Vağlisiyyə. Əbdürrəhman ibn Əhməd əl-Vağlisinin Maliki fiqhinə aid "Umdətül-bəyan fi mərifəti-fəraizil-ayan" adlı əsərinin şərhi. Şərhu Vasitətis-süluk. Məhəmməd ibn Əbdürrəhman əl-Hövziyə məxsus olan əsərin şərhi.
İstinadlar Kateqoriya:Sünni müsəlman İslam alimləri
Kateqoriya:Sufilər Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:Məntiqçilər