Dante İlahi komediya ilə (, tam adı "Dante Komediya kitabı, üç hökranlıq və Florensiya şəhəri ilə" ) — Alesso Baldovinettinin eskizi əsasında Domeniko di Mikelino tərəfindən 1465-ci ildə tempera ilə kətan üzərində işlənmiş və Florensiya kafedralında saxlanılan rəsm əsəri.
Tarixi
Əsər Florensiyanın qədim bələdçi kitablarının əksəriyyətində geniş şəkildə tanınır və tez-tez xatırladılırdı; ənənəvi olaraq Orkanyaya, yaxud ən çox halda Cottoya aid edilirdi. Daha sonra bu təsvir 1420–1430-cu illər arasında Florensiya kafedralında, İlahi Komediyaya həsr olunmuş ictimai şərhlər silsiləsi çərçivəsində fransiskan rahibi Maestro Antonio tərəfindən çəkilmiş Dante portreti haqqında məlumatla əlaqələndirildi.
İncəsənət tarixi üzrə ilk müasir tədqiqatlar artıq ənənəvi tarixləndirmələrin əsərin üslubu ilə uyğun gəlmədiyini göstərmişdi. 1840-cı ildə C. Qaye əsərin sifarişi ilə bağlı sənədləri dərc etmişdi. Bu sənədlərə əsasən, son qotika üslubuna aid ifadə vasitələrindən və ornamentlərdən tez-tez istifadə edən, üslub baxımından nisbətən gecikmiş sənətkar Domeniko di Mikelino əsəri aydın intibah yərzində hazırlamış Alesso Baldovinettinin eskizi əsasında icra etmişdir. Əsərin ödənişi ilə bağlı olaraq Baldovinetti və Neri di Biççi tərəfindən 30 yanvar (ümumi üslubla) və 19 iyun 1465-ci ildə aparılmış qiymətləndirmələr məlumdur. Bu qiymətləndirmələrdə rəssamın “çox böyük çətinlik tələb edən” dekorativ detalları əlavə etdiyi qeyd olunur. Domenilo di Mikelinonun əsəri mənbələrdə Florensiya kafedralı, Santa-Kroçe və vəftizxana arasında köçürülmələrin qurbanı kimi göstərilən Maestro Antonioya aid daha qədim Dante təsvirini əvəz etməli idi.
Sifariş, İlahi Komediya şərhçilərinin hesablamalarına görə Dantenin 1300-cü ildə (“həyat yolunun yarısı” ) otuz beş yaşında olması faktına əsaslanaraq, sənətkarın doğumunun ikinci yüzilliyi ilə üst-üstə düşürdü. Eyni zamanda bu sifariş Florensiya kafedralında görkəmli florensiyalıların xatirəsinə həsr olunmuş daha geniş və uzunmüddətli layihənin tərkib hissəsi olmalı idi. Bu layihəyə Con Hokvud və Nikkolo da Tolentiononun monumental atlı freskaları, eləcə də Biççi di Lorenzonun Luici Marsili üçün hazırladığı monoxrom əsər daxildir.
Tablo 1519-cu ildə Covanni Çianfanini tərəfindən yüngül şəkildə bərpa edilmiş, daha sonra 1840-cı ildə Antonio Marini tərəfindən daha geniş restavrasiyaya məruz qalmış, 1966-cı ildə və XX əsrin 1990-cı illərində isə yenidən bərpa olunmuşdur.
Neoqotik üslubda çərçivənin böyük ehtimalla XIX əsrə aid olduğu qəbul edilir.
Təsviri
Düzbucaqlı formalı tablo şairi mərkəzdə təsvir edir. Dante uzun qırmızı tunika geyinmiş, başında dəfnə çələngi ilə bəzədilmiş şaperon (baş geyimi) vardır. Sol əlində açıq vəziyyətdə İlahi Komediya kitabını tutur, sağ əli ilə isə əsərdə təsvir olunan axirət aləmlərini göstərir: əvvəlcə Cəhənnəmin uçurumu, daha sonra Əraf dağı və nəhayət, Cənnətin konsentrik səmaları təqdim edilir.
Kompozisiyanın sağ tərəfində, daha kiçik ölçüdə, qala divarları ilə əhatələnmiş Florensiya şəhərinin mənzərəsi verilmişdir (burada qala qapılarının ilkin forması - ehtimal ki, "Porta San-Qallo" təsvir olunmuşdur). Şəhər siluetində Florensiya kafedralının günbəzi və zəng qülləsi ilə, Barcello qülləsi və Priorlar sarayı, Badia Fiorentinanın zəng qülləsi (hər biri öz bayraqcıqları ilə), eləcə də Santa-Mariya-Novella bazilikasının zəng qülləsi tanınır. Qeyd edilməlidir ki, bu təsvirə Florensiya kafedralının 1461-ci ildə tamamlanmış fənəri artıq daxil edilmişdir. Günbəzin üzərindəki qızılı xaçlı kürə isə həmin dövrdə layihə mərhələsində olsa da, yalnız 1468–1472-ci illər arasında Verrokkyo tərəfindən icra edilmişdir.
Kitabdan şəhər istiqamətinə doğru qızılı şüalar yayılır; Dante də baxışlarını həmin istiqamətə yönəltmişdir. Bu detal əsərin Florensiyaya şöhrət qazandırmasını vurğulayan simvolik özünü-tərif kimi şərh olunur.
Uzun yazı, əvvəllər Koluçço Salutatiyə aid edilsə də, böyük ehtimalla Bartolomeo Skala tərəfindən qələmə alınmışdır:
İstinadlar
Ədəbiyyat
Alfredo Busignani e Raffaello Bencini, Le chiese di Firenze, quartiere di San Giovanni, primo volume, Le Lettere, Firenze 1993. Maria Monica Donato, Daniela Parenti, Dal Giglio al David. Arte civica a Firenze fra Medioevo e Rinascimento, catalogo della mostra (Firenze, 14 maggio-8 dicembre 2013)
Kateqoriya:Santa-Mariya-del-Fiore kafedralındakı rəsm əsərləri Kateqoriya:İtaliya İntibahı rəssamlarının əsərləri Kateqoriya:Dante Aliqyeri haqqında əsərlər Kateqoriya:Florensiya peyzajları Kateqoriya:İlahi Komediya motivləri əsasında çəkilmiş rəsm əsərləri