Əl-Məvaqif () — Ədudəddin əl-İcinin kəlam sahəsinə aid əsəri.

Əsər Müəllif kitabının adını birbaşa qeyd etməsə də, müqəddimədə əsərini altı bölmə şəklində tərtib etdiyini bildirərək "məvaqif" sözünü işlətmişdir. İbn Həcər əsərin adını "əl-Məvaqif fi elmil-kəlam" kimi qeyd etmişdir. Bəzi mənbələrdə və eləcə də "Kəşfüz-Zünun"da isə əsərin adı sadəcə "əl-Məvaqif" şəklində göstərilmişdir. Sərkis əsərin adını "əl-Məvaqif fi elmil-kəlam və təhqiqil-məqasid və təbyinil-məram" kimi təqdim etmişdir. Brokkelman isə "əl-Məvaqif fi elmil-kəlam" adından istifadə etmişdir.

Əsər, əl-İcinin qazil-quzatlıq etdiyi illərdə qələmə alınmış və Şiraz əmiri Camaləddin Əbu İshaqa ithaf olunmuşdur. Əsər qısa bir müqəddimədən və altı bölmədən ibarətdir. Bölmələr "məvqif" adlı başlığa maliklərdir. Bunlar da "mərsəd, məqsəd", bəzən də "mərsəd, fəsil, növi, qisim …" adı ilə alt bölmələrə bölünmüşdür. Əsərdə Allahın varlığı, sifətlərı, Allahın birliyi, sübuti sifətlər, röyətullah, Allahın və qulların feilləri, əsmai-hüsna, nəbinin mahiyyəti, möcizə, bisətin əqlən mümkünlüyü, Məhəmmədin nübüvvətinin isbatı, peyğəmbərlərin və mələklərin isməti, peygəmbərlərin fəzilət dərəcələri, kəramət məsələsi, axirət bəhsi, cənnət və cəhənnəm, bunlara düşəcəklərin vəziyyəti, şəfaət, tövbə, imanın tərifi, iman-əməl əlaqəsi, küfr, küfrün növləri, mürtəkibi-kəbirə və imamət kimi mövzulara toxunulmuşdur. Əsərdə həmçinin Mötəzilə, Şiəlik, Xəvaric, Mürciə, Nəccariyyə, Cəbriyyə, Müşəbbihə və Naciyyə məzhəbləri haqqında məlumatlar verilmiş, nicat tapacaq qrupların Əşəriyyə ilə Sələfiyyə olacağı qeyd edilmişdir.

Əsərin bir çox nüsxələri mövcudddur.

Əsər müxtəlif tarix (hicri 1322, hicri 1325, 1997 və s.) və yerlərdə (Beyrut, Qahirə, İstanbul və s.) nəşr olunmuşdur.

Həmçinin bax Sünni kitablarının siyahısı

İstinadlar