Camo Hacınski () — Azərbaycanlı tarixçi alim, İkinci Dünya müharibəsi iştirakçısı, tarix elmləri doktoru, professor.

Həyatı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından və İstiqlal Bəyannaməsini imzalayan 26 deputatdan biri olan Camo bəy Hacınski ilə əslən Tiflisdən olan Mariya Pavlovnanın övladı olan Camo Hacınski, atasının Bakı həbsxanasındakı üçillik məhbusluqdan sonra Ukraynanın Poltava şəhərinə sürgün edilməsi səbəbindən 2 may 1926-cı ildə orada dünyaya göz açmışdır.

Təhsili və hərbi fəaliyyəti Camo Hacınski orta təhsilini bitirdikdən sonra Bakı Hərbi-Dəniz Xüsusi Məktəbində və Bakı Hərbi-Dəniz Hazırlıq Məktəbində oxumuş, 1944-cü ildə M.V. Frunze adına Leninqrad Ali Hərbi-Dəniz Komandirlik Məktəbinə göndərilmişdir. Həmin il Kareliya cəbhəsinə yollanaraq Finlandiyada döyüş əməliyyatlarında iştirak etmişdir. 1948-ci ildə hərbi məktəbi bitirərək Baltik Donanmasının "Çkalov" kreyserində leytenant rütbəsi ilə kadr xidmətinə başlamış, lakin 1949-cu ildə xəstəliklə əlaqədar II qrup əlil olaraq ordudan tərxis edilmişdir.

Elmi və pedaqoji fəaliyyəti Ali mülki təhsilini isə 1955-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində fərqlənmə diplomu ilə başa vurmuşdur. Alim sonrakı illərdə elmi fəaliyyətini davam etdirərək tarix elmləri doktoru və professor elmi adlarına layiq görülmüşdür.

Əmək fəaliyyətinə Azərbaycan Tarixi Muzeyində və Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutunda başlayan Camo Hacınski, uzun illər Bakı Ali Partiya Məktəbində kafedra müdiri və prorektor vəzifələrində çalışmışdır. O, Cənubi Qafqazda millətlərarası münasibətlər, xüsusilə erməni silahlı birləşmələrinin Azərbaycanda törətdiyi kütləvi qırğınlar və Azərbaycan Xalq Cümhuriyyətinin parlament tarixi mövzusunda fundamental arxiv araşdırmalarının və çoxsaylı elmi əsərlərin müəllifidir.

Vəfatı Camo Hacınski 16 sentyabr 2005-ci ildə Bakıda vəfat etmişdir.

Ailəsi Camo Hacınski görkəmli ictimai və mədəni xadim Şəmsi Bədəlbəylinin qızı ilə ailə həyatı qurmuşdur. Onun Emin və Nigar adlı övladları vardır və hər ikisi hazırda Bakıda yaşayır. Tarix elmləri doktoru, dosent Emin Hacınski Bakı Dövlət Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində fəaliyyət göstərmişdir.

Mükafatları

II dərəcəli "Vətən Müharibəsi" ordeni; "1941–1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı; "Sovet Ordusu və Donanmasının 30 illiyi" yubiley medalı; "Əmək veteranı" medalı; "1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 60 illiyi" yubiley medalı

İstinadlar