Vilyam Cek Poulter () — İngiltərə aktyoru. İllər ərzində həm kinoda, həm də televiziyada parlaq işlər ortaya qoyub. Fəaliyyəti boyu "BAFTA" mükafatını əldə edib, üstəlik iki "Praymtaym Emmi" nominasiyasına da nail olub.
İlk cizgilərini "Gülüş məktəbi" () (2009) ilə çəkir. Ardından "Narniya xronikaları: Sübh fatehinin səyahəti" (2010) filmində Cılız Yustes obrazını yaşadaraq özünə yer qazanır. Dünya onu isə "Biz Millerlərik" (2013) komediyası ilə tanıyır. Bu uğurun davamı olaraq növbəti il "BAFTA"nın "Yüksələn ulduz" mükafatı da ona nəsib olur.
V. Poulterin filmoqrafiyasına distopik elmi fantastika trilogiyası "Labirintdə qaçan"ın birinci və üçüncü hissələri (2014–2018), tarixi "Sağ qalmış" (2015), cinayət dramı "Detroyt" (2017), dəhşət filmi "Midsommar" (2019), romantik drama "Külək qanadlı atlar" () (2024) və hərbi drama "Atəş altında" (2025) daxildir. Aktyor "Qalaktika mühafizəçiləri 3"də (2023) Adam Vorlok surətini yaradaraq Marvel Kinematoqrafiya Kainatına qoşulub.
Televiziya layihələrində "Asılılıq bataqlığı" () ("Hulu", 2021) miniserialı və "Ayı" () ("FX", 2023–indiyədək) serialındakı ifasına görə "Praymtaym Emmi" mükafatına namizəd olub. "Amazon Prime Video"nun tarixi miniserialı "Yeraltı dəmiryolu" () (2021), eləcə də "Netflix"in "Qara güzgü: Qudurğan" () (2018) və "Qara güzgü: Zövq aləti" () (2025) layihələri də onun işləri sırasındadır.
Erkən illəri Vill Poulter 1993-cü il yanvarın 28-də Londonun Hammersmit ərazisində doğulub. Atası Nil Poulter London İmperial Kollecində profilaktik kardiovaskulyar tibb sahəsində professor kimi çalışır. Anası Kerolayn (qızlıq soyadı Barra) isə gəncliyini Keniyada keçirmiş keçmiş tibb bacısıdır.
Harrodian məktəbində oxuyub. Məktəbin məzunları arasında Corc Makkey və Robert Pattinson kimi tanınmış aktyorlar var. Disleksiya və hərəkət koordinasiyası ilə bağlı çətinlikləri olsa da, dramatik sənətə olan həvəsi onu ayaqda saxlayıb: "səhnə ona başqa heç nəyin vermədiyi bir şey verib."
2012-ci ildə Bristol Universitetində aktyorluq ixtisasına qəbul olur, ancaq "Labirintdə qaçan" filmindəki rol təklifi gəldikdən sonra bir illik təhsilini yarıda kəsib universitetdən ayrılır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Britaniya aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Uşaq aktyorlar