250px|thumb|right|Oktyabr diplomunun müəllifi Aqenor Qoluxovski Oktyabr diplomu () — Habsburq imperatoru I Frans İosif tərəfindən 20 oktyabr 1860-cı ildə qəbul edilmiş Avstriya imperiyasının konstitusiyası. Diplom daxili işlər naziri Aqenor Qoluxovski tərəfindən hazırlanmışdı.
Sənəd "aristokratik federalizm" proqramı vasitəsilə mühafizəkar əsilzadələrə öz torpaqları üzərində daha çox səlahiyyət verməklə onların nüfuzunu artırmağa cəhd edirdi. Lakin bu siyasət demək olar ki, başlanğıcdan uğursuzluğa düçar oldu və Frans İosif 1861-ci ilin Fevral patentində daha böyük güzəştlər etməyə məcbur qaldı. Buna baxmayaraq, tarixçilər Oktyabr diplomunun imperiyada "konstitusion" dövrün başlanğıcı olduğunu iddia edirlər.Okey, Robin. Habsburg Monarchy c. 1765–1918. pg. 178. Chicago: Rand McNally and Company, 1969.
Tarixi 1860-cı ildə I Frans İosif və Avstriya Habsburq imperiyası "mövcudluq böhranı təhlükəsi" ilə üz-üzə qalmışdı. 1856-cı ildə Avstriyanın əsas müttəfiqi olan Rusiya imperiyasının Krım müharibəsində məğlubiyyətindən sonra diplomatik təcrid dövrü başlamışdı. İtaliyanın ikinci müstəqillik müharibəsi 1859-cu ildə Avstriyanın III Napoleon qarşısında məğlubiyyəti ilə başa çatdı və I Frans İosif Lombardiyanı fransızlara güzəştə getmək məcburiyyətində qaldı. Bu itkilər onsuz da zəif olan Avstriya iqtisadiyyatını daha da pisləşdirdi və imperiya bürokratiyasının nöqsanlarını üzə çıxardı. On illik mütləqiyyət hakimiyyətindən sonra həm liberallar, həm də mühafizəkarlar islahatların aparılmasında maraqlı idilər. Macarlar və çexlər isə öz daxili işləri üzərində daha böyük muxtariyyət tələb edirdilər.Taylor, A.J.P. Habsburg Monarchy 1809–1918. pg. 100. Hamish Hamilton: London, 1951.
1860-cı ilin martında I Frans İosif İmperiya parlamentindən (Reyxsrat) islahat məsələləri ilə bağlı imperatora məsləhət verməsini istədi. Demək olar ki, tamamilə mühafizəkar əsilzadələrdən ibarət olan Reyxsrat, təbii olaraq imperiyanın aristokratik federalizm prinsipləri əsasında yenidən qurulmasını tövsiyə etdi. Onların hesabatı əvvəlcə I Frans İosif tərəfindən diqqətə alınmadı, lakin ilin sonuna qədər o, öz sənədində məhz aristokratik federalizm prinsiplərini qəbul edəcəkdi.
İmperatoru mühafizəkarların ideyalarını qəbul etməyə vadar edən amil xarici siyasətin reallıqları idi. O, Rusiya çarı II Aleksandr və Prussiya Kralı I Vilhelm ilə "Müqəddəs İttifaq" qurmağa ümid edirdi və hesab edirdi ki, güclü mühafizəkar daxili siyasət qarşıdakı danışıqlarda ona üstünlük qazandıracaq. I Frans İosif konstitusiyanın bir həftə ərzində yazılmasını tələb etdi və konfransa gedərkən qatarın dayandığı fasilədə sənədin ümumi prinsiplərini müəyyənləşdirdi.
Nəticəsi Tarixçi A.J.P.Teylor bu Diplomu "köhnə mühafizəkar əsilzadələrin qələbəsi" adlandırmışdı. Habsburq hökuməti federal əsaslarla yenidən təşkil edildi və yerli məclislərə (diyetalar) İmperator və Reyxsrat ilə birlikdə qanunlar qəbul etmək səlahiyyəti verildi.
Diplomun əsas xüsusiyyətləri liberallara güzəşt, parlamentə məhdud səlahiyyətlər, torpaq aristokratiyasının güclənməsi və Macarıstanın xüsusi statusunun müəyyən edilməsi oldu. Belə ki, Reyxsratın üzvlərinin sayı yüzdən çox yeni üzv əlavə edilməklə artırıldı. Buna baxmayaraq, Diplom Reyxsratın çox nadir hallarda toplanmasını nəzərdə tuturdu və onun yurisdiksiyası imperiyanın yalnız bir hissəsini əhatə edirdi. Yerli məclislər torpaq sahibi olan aristokratlarla doldurulmuşdu ki, bu da onlara öz torpaqları üzərində daha birbaşa hakimiyyət imkanı verirdi. Reyxsratda Macarıstan üçün xüsusi status müəyyən edildi. Bu müddəaya görə, qeyri-macar nümayəndələr macar olmayan məsələləri müzakirə etmək üçün ümumi heyətdən ayrı toplanmalı idilər. Lakin bu addımlar macar liderlərinin daha böyük muxtariyyət və tanınma istəklərini qarşılamaqdan çox uzaq idi.
Oktyabr diplomu qəbul edildikdən dərhal sonra onun uzun müddət davam etməyəcəyi bəlli oldu. İmperiyanın maliyyə vəziyyəti tənəzzül etməkdə davam edirdi ki, bu da mövcud idarəçiliyin zəif tərəflərini bir daha nümayiş etdirirdi. Prussiya və Alman İttifaqı monarxiyada istifadə edilə biləcək bir zəiflik hiss etməyə başladılar. Macarlar isə onlara verilən məhdud islahatlardan qəzəblənmişdilər. Bundan əlavə, Rusiya çarı Qalisiyaya federal konstitusiyanın verilməsini bəyənmirdi.
Nəticədə, dəyişikliklərə nail ola bilən tərəf alman liberalları oldu. Bu liberallar ən nüfuzlu bürokratların böyük bir hissəsini təşkil edirdilər. Onlar tez-tez imperatora müxalif çıxsalar da, zəif və federallaşmış dövlət əvəzinə, güclü və mərkəzləşmiş dövlətin tərəfdarı idirlər. Onların təsiri ilə imperator dekabr ayında liberal baxışlı Anton fon Şmerlinqi Dövlət Katibi təyin etmək məcburiyyətində qaldı. Fon Şmerlinq Oktyabr diplomunu yenidən yazmağa başladı və 1861-ci ilin fevralında imperator Fevral patentini qəbul etdi.
İstinadlar
Ədəbiyyat Jelavich, Barbara. The Habsburg Empire in European Affairs, 1814–1909. Chicago: Rand McNally and Company, 1969. Okey, Robin. Habsburg Monarchy c. 1765–1918. New York: Palgrave MacMillan, 2002. Taylor, A.J.P. Habsburg Monarchy 1809–1918. Hamish Hamilton: London, 1951.
Xarici keçidlər “October Diploma” and “February Patent” History in Europe 1856–1865
Kateqoriya:Avstriya imperiyası Kateqoriya:Tarixi konstitusiyalar