Anqela Vode (; ) — Sloveniyalı pedaqoq, feminist yazıçı və insan hüquqları fəalı. Yuqoslaviya Kommunist Partiyasının ilk üzvlərindən biri olsa da, 1939-cu ildə Molotov-Ribbentrop paktını tənqid etdiyi üçün partiyadan xaric edilib. İkinci Dünya müharibəsi zamanı Sloveniya Xalqının Azadlıq Cəbhəsinə qoşulsa da, 1942-ci ildə Sloveniya Kommunist Partiyası ilə fikir ayrılıqları yaşadığı üçün oradan da uzaqlaşdırılıb. 1944-cü ildə nasist həbs düşərgəsinə göndərilib. Müharibədən sonra Yuqoslaviya kommunist hakimiyyəti tərəfindən həbs olunub. Naqode məhkəməsində (Nagode Trial) mühakimə edilərək bir neçə il müddətinə həbs yatıb. Həbsdən azad edildikdən sonra ömrünün qalan hissəsini ictimai həyatdan kənarlaşdırılmış şəkildə keçirib. 1990-cı illərdə o, Sloveniyada totalitar repressiya qurbanlarının ən mühüm simvollarından birinə çevrilib.

Həyatı Anqela Vode o zamankı Avstriya-Macarıstan imperiyasının bir hissəsi olan Lyublyana şəhərində anadan olub. 1912-ci ildə Lyublyana Müəllimlər Kollecini bitirdikdən sonra müxtəlif məktəblərdə müəllim kimi fəaliyyət göstərib.Enciklopedija Slovenije, vol. 14, entry Vode, Angela. Mladinska knjiga, Ljubljana 2000. 1921-ci ildə o, əqli qüsurlu uşaqların tədrisi üzrə ixtisaslaşıb. Növbəti 25 il ərzində müəllim-defektoloq kimi çalışıb. Fiziki və əqli məhdudiyyətli uşaqların təhsili haqqında bir neçə məqalə dərc etdirib. Onun 1936-cı ildə isə bu mövzuda "Köməkçi məktəblərin əhəmiyyəti və onların Yuqoslaviya inkişafı" (Pomen pomožnega šolstva in njegov razvoj v Jugoslaviji) adlı kitabı nəşr olunub.

Vode Sloveniyada qadın hüquqları uğrunda mübarizə aparan ilk fəallardan və insan hüquqları qruplarının ilk təşkilatçılarından biri idi. Müharibələrarası dövrdə o, Yuqoslaviya Qadın Hərəkatının prezidenti və Sloveniya Qadın Müəllimlər Cəmiyyətinin sədri seçilib. O, sosial ədalətsizlik və qadın hüquqlarından bəhs edən çoxsaylı mətnlər dərc etdirib. Onun ən mühüm kitablarından bəziləri bunlardır: "Müasir dünyada qadın" (Žena v sedanjem svetu, 1934) "Qadın və Faşizm" (Žena i fašizam, 1935 – serb-xorvat dilində yazılıb) Ən mühüm nəzəri əsəri: "Cins və tale" (Spol in usoda, 1938).

Vode bir çox qadın təşkilatında aktiv fəaliyyət göstərib, İşçi Qadınlar və Qızlar İttifaqının sədri olub və Balkan regional assosiasiyası olan "Qadınların Kiçik Antantası"nın (LEW) üzvü kimi çalışıb. 1927-1937-ci illər arasında qurulmasında iştirak etdiyi Sloveniya Qadın Hərəkatının prezidenti olub. Kral Aleksandrın hakimiyyəti dövründə (1929–1934) dərnəklər tez-tez qadağan edildiyi üçün üzvlər onları fərqli adlarla yenidən qeydiyyatdan keçirirdilər. Buna görə də Vode bir çox müxtəlif təşkilatlarla əlaqəli olub. O, həmçinin Praqa (1927), Berlin (1929) və Dubrovnik (1936) kimi şəhərlərdə keçirilən beynəlxalq qadın konfranslarında iştirak edib.

1922-ci ildə o, gizli fəaliyyət göstərən Yuqoslaviya Kommunist Partiyasına qoşulub. O, bu qərarı ədalətsizliyə qarşı mübarizəyə olan səmimi inamından doğan bir "idealizm aktı" kimi xarakterizə edirdi. O, kommunizmi sosial və siyasi azadlıq idealı kimi görürdü. Bura mərkəzsizləşdirilmiş federasiyada Sloveniya xalqının tam bərabərliyi və Sloveniyanın muxtariyyəti də daxil idi. Anqela Vode sloven dili ilə yanaşı, alman, ingilis, fransız və serb-xorvat dillərini mükəmməl bilirdi, həmçinin italyan və bir qədər rus dillərində danışırdı.

Kommunist Partiyası ilə münaqişə və İkinci Dünya müharibəsi illərində 1939-cu ildə Anqela Vode Molotov-Ribbentrop paktını (Hitler-Stalin paktı) kəskin tənqid etdi və bu, onun Kommunist Partiyasından xaric edilməsinə səbəb oldu. 1941-ci ilin aprel ayında Ox dövlətlərinin Yuqoslaviyanı işğal etməsindən sonra, Vode vahid anti-faşist cəbhə yaratmağa çağırdı. O, İosif Stalinin Adolf Hitlerlə əməkdaşlığını dəstəkləyən sloven kommunistləri tənqid edirdi. Partiya ilə münaqişəsinə baxmayaraq, 1941-ci ilin iyununda Nasist Almaniyasının SSRİ-yə hücumundan sonra Vode kommunistlərin rəhbərlik etdiyi Sloveniya Xalqının Azadlıq Cəbhəsinə qoşuldu. O, sloven qadın hərəkatlarının nümayəndəsi kimi cəbhənin Ali Plenumunun üzvlərindən biri oldu. 1941-ci ilin sonunda o, solçu fəal Çrtomir Naqodenin rəhbərlik etdiyi "Stara Pravda" ("Köhnə Ədalət") qrupuna qoşuldu. Lakin 1942-ci ildə Naqode qrupu sloven kommunistləri ilə daimi fikir ayrılıqları səbəbindən Azadlıq Cəbhəsindən qovuldu.

Gizli müqavimət hərəkatından uzaqlaşdırıldıqdan sonra Vode müstəqil şəkildə xeyriyyəçilik fəaliyyətini davam etdirdi. İtaliya tərəfindən işğal olunmuş Lyublyana əyalətində həyat çətin olsa da, Almaniya tərəfindən işğal edilmiş hissədə vəziyyət daha acınacaqlı idi. Vode, Nasist Almaniyasının qəddar anti-sloven siyasətindən qaçıb İtaliya zonasına sığınan bir çox sloven qaçqını üçün yardımlar təşkil etdi. 1942-ci ildə İtaliya işğalçı qüvvələri Lyublyana əyalətində girovları edam etməyə başladı. Vode girovların həyatını xilas etmək məqsədilə Benito Mussoliniyə petisiya yazdı və imza toplamağa başladı. Lakin Sloveniya Kommunist təşkilatı onun imza toplamağına mane oldu və petisiyanı məhv etdi. Bu görünür, kommunistlərin müharibədən sonra hakimiyyəti ələ keçirmək üçün özlərini işğalçılara qarşı mübarizə aparan yeganə real qüvvə kimi təqdim etmək istəyindən irəli gəlirdi.

1943-cü ilin baharında Vode İtaliya faşist hakimiyyəti tərəfindən həbs olundu və bir neçə həftə həbsxanada qaldı. 1944-cü ilin yanvarında isə almanlar tərəfindən həbs edilərək Ravensbrük həbs düşərgəsinə göndərildi. O, bir neçə aydan sonra, 1944-cü ilin payızında evə qayıda bildi. O, fiziki cəhətdən tükənmiş olsa da, sağ qalmağı bacarmışdı.

Kommunizm dövründə təqibi İkinci Dünya müharibəsindən sonra o, müəllimlik fəaliyyətini davam etdirdi. 1947-ci ildə Yuqoslaviya kommunist gizli polisi tərəfindən həbs edildi, iki ay müddətində həbsxanada saxlanıldı və işgəncələrə məruz qaldı. 1947-ci ilin payızında bir neçə tanınmış qərbpərəst sloven siyasətçisi və fəalına qarşı təşkil edilmiş qondarma Naqode məhkəməsində mühakimə olundu. Onların hamısı fəhlə sinfinin düşməni, kapitalizmin agentləri və Qərb casusları olmaqda ittiham edilirdilər. Onların hamısı ölüm hökmünə və ya uzunmüddətli həbs cəzasına, habelə bütün hüquqlarından məhrum edilməyə məhkum olundular.

Vode "Sloveniyadakı siyasi və iqtisadi vəziyyət haqqında geniş casusluq hesabatı yazmaqda, müharibə ilə bağlı xalq hakimiyyətinə qarşı ağır böhtanlar irəli sürməkdə və bunu Amerika Qırmızı Xaç Cəmiyyətinin Yuqoslaviya nümayəndəsinə təqdim etmək niyyətində olmaqda" ittiham edildi. O, 20 il həbs cəzasına və növbəti beş il ərzində bütün hüquqlardan məhrum edilməyə məhkum edildi. Ehtimal olunur ki, beynəlxalq təşkilatların İosip Broz Tito və Yuqoslaviya Sosialist Federativ Respublikası rəhbərliyinə təzyiqi nəticəsində, o, altı ildən sonra azadlığa buraxıldı.

Həbsdən çıxdıqdan sonra Vode "nonperson"a, yəni heç bir hüququ olmayan bir şəxsə çevrildi. Onun işləmək və ya hər hansı şəxsi gəlir əldə etmək hüququ yox idi. Nə tibbi sığortası, nə də sosial yardımı var idi. Pasport ala bilmirdi. Adının ictimaiyyət arasında çəkilməsi qadağan edilmişdi. Onun əsərlərinin nəşrinə imkan verilmir, kitab və məqalələrdə onun işlərinə istinad edilə bilməzdi. O, bir neçə il tamamilə bacısı İvanka Şpindlerin himayəsində yaşadı. Pasportu ona yalnız 1970-ci illərin ortalarında qaytarıldı. Onun ictimaiyyət qarşısında ilk çıxışı ölümündən qısa müddət əvvəl, 1980-ci illərin ortalarında "Nova revija" alternativ jurnalına müsahibə verməsi ilə baş tutdu.

Angela Vode 1985-ci ildə Lyublyanada vəfat etdi.

Gizli memuarı 1960-cı illərin sonlarında Vode gizli şəkildə öz avtobioqrafiyasını yazmağa başladı. Əlyazmanı 1971-ci ildə tamamladı və onu "Skriti spomin" və ya "Gizli Memuar" adlandırdı. Mətn adından da göründüyü kimi, növbəti 30 il ərzində gizli qaldı. O, xaricdə yaşayan qardaşı oğlu Yanez Şpindlerə kitabı gələcəkdə uyğun bir vaxtda nəşr etdirməyi tapşırmışdı. 1990-cı illərdə əlyazma tanınmış yazıçı, jurnalist və tarixçi Alenka Puhara təqdim edildi və o, mətni redaktə etdi. Kitab 2004-cü ildə "Nova Revija" nəşriyyatı tərəfindən çap olundu.Angela Vode, povzetek knjige Skriti spomin

Kitab üç hissəyə bölünür: Birinci hissədə: Vode müharibə dövrünü öz şəxsi baxış bucağından təsvir edir. O, sloven qadınlarına kömək etmək üçün göstərdiyi səyləri işğalçı qüvvələrlə əməkdaşlıq kimi qiymətləndirən sloven kommunistləri ilə olan qarşıdurmalarını təsvir edir. İkinci hissədə: O, həbsxana həyatını, o cümlədən dindirmələri və işgəncələri təsvir edir. Daha sonra əsas insan hüquqlarından məhrum olduğu həyatını "yumşaldılmış və seyrəldilmiş variantda bir həyat" kimi xarakterizə edərək nəql edir. Üçüncü hissədə: Vode Yuqoslaviya kommunist sistemini qiymətləndirir. O, sloven və Yuqoslaviya kommunist rejimini yarı-totalitar cəmiyyət kimi təhlil edir; burada hakim elita xalqa daha yaxşı gələcək vəd edərək onları yalanlarla aldadır, lakin əslində yalnız öz tamahlarını doyururlar.

2008-ci ildə TV Slovenia Vodenin əlyazmasının ikinci hissəsi əsasında "Angela Vodenin Gizli Yaddaşı" filmini ekranlara buraxıb.Angela Vode, upornica in zapornicaFilm to Shed Light on Story of Women Activist Vode

İstinadlar

Ədəbiyyat :en:Peter Vodopivec, Usoda slovenskih demokratičnih izobražencev: Angela Vode in Boris Furlan, žrtvi Nagodetovega procesa ('The Fate of the Slovenian Democratic Intelligentsia: Angela Vode and :en:Boris Furlan, Victims of the Nagode Trial'; Ljubljana: :en:Slovenska matica, 2001).

Xarici keçidlər Film to Shed Light on Story of Women Activist Vode Angela Vode, Skriti spomin Angela Vode, povzetek knjige Skriti spomin Angela Vode, upornica in zapornica Snemanje filma o Angeli Vode Graditelji slovenstva - Angela Vode