Azərbaycanda jurnalistlərin silsilə həbsləri — 2023-cü ilin noyabr ayından etibarən Azərbaycanda müstəqil KİV-lərin jurnalistlərinin silsilə həbsləri, oxşar ssenari üzrə bir neçə cinayət işinin açılması.

2023-cü il 20 noyabr — "AbzasMedia"nın rəhbəri Ülvi Həsənli və layihə koordinatoru Məhəmmkəd Kekalov, 21 noyabr — "AbzasMedia"nın baş redaktoru Sevinc Abbasova (Vaqifqızı), 28 noyabr — "Kanal13" YouTube kanalının rəhbəri Əziz Orucov, 30 noyabr — "AbzasMedia"nın reportyoru Nərgiz Absalamova, 12 dekabr — "Kanal11" YouTube kanalının rəhbəri Teymur Kərimov, 13 dekabr — Turan İnformasiya Agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalı, 2024-cü il 14 yanvar — "AbzasMedia"nın reportyoru Elnarə Qasımova, 6–8 mart — "Toplum TV"nin video redaktoru Müşfiq Cabbarov və "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədli, 18 aprel — "Meclisinfo" saytının rəhbəri İmran Əliyev, 30 may — Azad Avropa/Azadlıq Radiosunun əməkdaşı Fərid Mehralızadə, 6 dekabr — "Meydan TV"nin baş redaktoru Aynur Qənbərova (Elgünəş), reportyorlar Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva və Ramin Cəbrayılzadə (Deko), həmçinin jurnalist Natiq Cavadlı, 2025-ci il 17 yanvar — "Toplum TV"nin reportyoru Fərid İsmayılov, 6 fevral — "Meydan TV"nin redaktoru Şəmşad Ağa və "Toplum TV"nin redaktoru Şahnaz Hüseynova (Bəylərqızı), 20 fevral — müstəqil reportyor Nurlan Qəhrəmanlı (Libre), 1 mart — müstəqil reportyor Fatimə Mövlamlı, 7 may — "Amerikanın Səsi"nin jurnalisti Ülviyyə Quliyeva (Əli) və 28 avqust — müstəqil fotoreportyor Əhməd Muxtar həbs ediliblər.

Həbs olunan media rəhbərlərinə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət işi açılıb, sonradan bu işə media digər əməkdaşları da cəlb olunublar. Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində aparılan ibtidai istintaqın nəticələrinə əsasən jurnalistlərə əlavə olaraq aşağıdakı maddələr üzrə ittihamlar irəli sürülüb: mütəşəkkil dəstə tərəfindən külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq; xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması; mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq; mütəşəkkil dəstə tərəfindən vergidən yayınma; sənədlərin saxtalaşdırılması; saxta sənədlərdən istifadə və əmək müqaviləsi bağlanmadan işçilərin işə cəlb edilməsi.

2023–2025-ci illərdə Azərbaycan Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsində AbzasMedia, Toplum TV və Meydan TV ilə bağlı cinayət işləri çərçivəsində azı 110 nəfər şahid qismində dindirilib. Dindirilənlər arasında jurnalistlərlə yanaşı, onların ailə üzvləri, dostları, ofis kimi istifadə olunan mənzillərin sahibləri və saxlanılan şəxslərin istifadə etdiyi taksi sürücüləri belə olub. Şahidlərin əksəriyyəti məhkəmə prosesində ifadələrindən imtina edərək, ifadələri tzyiq altında verdildiklərini bildiriblər.

Həbs dalğası zamanı saxlanılan jurnalistlərin ailə üzvlərinə, eləcə də vətəndaş cəmiyyəti fəallarına və jurnalistlərə ölkədən çıxış qadağan edilib. Dövlət Sərhəd Xidməti onların əksəriyyətinə ölkədən çıxışlarının Daxili İşlər Nazirliyinin qərarı ilə məhdudlaşdırıldığını bildirib. Lakin fəallara bu qərar barədə əvvəlcədən məlumat verilməyib — onlar bunu yalnız hava limanında, dövlət sərhədini keçərkən öyrəniblər. Hüquq müdafiəçiləri və hüquqşünaslar bu qadağaları əsassız hesab ediblər.

Həbslər həm ölkə daxilində, həm də beynəlxalq ictimiayyətdə müzakirə olunub. Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, ölkədə söz azadlığı təmin olunur və saxlanılan şəxslər jurnalist fəaliyyətinə görə deyil, qanunsuz maliyyələşmə ilə bağlı həbs ediliblər. Müxalifət liderləri və vətəndaş cəmiyyəti fəalları isə bu hadisələri mətbuat azadlığının boğulması kimi qiymətləndiriblər. Beynəlxalq hüquq-müdafiə təşkilatları həbs olunanları "siyasi məhbus" adlandıraraq Azərbaycan hakimiyyətini onları dərhal və qeyd-şərtsiz azad etməyə çağırıblar.

Arxa plan Sərhədsiz Reportyorlar (RSF) təşkilatının hesabatına görə, Azərbaycan mətbuat azadlığı ilə bağlı vəziyyətin kritik olduğu ölkələr sırasındadır: Prezident İlham Əliyev 2014-cü ildən etibarən plüralizmin bütün əlamətlərini aradan qaldıraraq qalan tənqidçilərə qarşı sərt mübarizə aparır. Hesabata əsasən, Azərbaycan 2022-ci ildə Mətbuat Azadlığı İndeksində 154-cü, 2023-cü ildə isə 151-ci yeri tutub.

2021-ci ildə Azərbaycanda yeni "Media haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. 9 fəsil və 78 maddədən ibarət olan bu qanunun müzakirə və qəbul mərhələləri həm yerli, həm də beynəlxalq ictimaiyyət tərəfindən tənqid olunub. Müstəqil KİV nümayəndələri bildiriblər ki, geniş tənqidlərə səbəb olan bu layihə Azərbaycanda ənənəvi mediadan daha sərbəst olan internet mediasına nəzarət məqsədi daşıyır. Hökumətyönlü media qurumlarının nümayəndələri isə qanunun "medianın dövrün tələblərinə uyğunlaşdırılması" üçün hazırlandığını qeyd ediblər.

Media eksperti Ələsgər Məmmədli vurğulayıb ki, yeni qanun layihəsi ilə bağlı təxminən 40 təklif təqdim olunsa da, onlardan yalnız ikisi nəzərə alınıb, qalanları isə rədd edilib. Onun sözlərinə görə, nəzərə alınmayan təkliflər arasında "ən ciddi məsələ" vahid lisenziya, jurnalistlərin imtiyazları və qeydiyyatı ilə bağlı olub. Məmmədli qeyd edib ki, "tənzimləyici qurumun strukturu, onun müstəqilliyi, eləcə də lisenziyalı və lisenziyasız jurnalist fəaliyyətinin qarışdırılmasının yolverilməzliyi kimi məsələlər təəssüf ki, nəzərə alınmayıb". Hakimiyyəti tənqid etməyən media nümayəndələri isə ölkədə medianın əsas problemlərindən birinin təsadüfi media qurumları və jurnalistlərin fəaliyyəti olduğunu və yeni qanunun bu sahəni tənzimləyəcəyini bildiriblər. Lakin ekspertlər qeyd ediblər ki, bu yanaşma daha çox tənqid edə bilən və problemləri işıqlandıran onlayn media və müstəqil jurnalistlərə təsir göstərir. Medianın İnkişafı Agentliyinin (MEDİA) nümayəndəsi Natiq Məmmədli isə qanun layihəsinin beynəlxalq hüququ pozması və ifadə azadlığına təhlükə yaratması ilə bağlı iddiaları əsassız adlandırıb.

Hökumətyönlü Azəri-Press Agentliyinin (APA) rəhbəri Vüsalə Mahirqızı yeni "Media haqqında" qanunun hazırlanmasını müsbət hal kimi qiymətləndirib. Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə bildirib ki, MEDİA qanun layihəsini qapalı şəkildə hazırlayıb və bu prosesi müstəqil media nümayəndələrindən gizlədib: "Biz onun müzakirə üçün "Turan"a verilməsini tələb etdik, lakin təqdim olunmadı. Digər ekspertlərə də verilmədi". Onun fikrincə, layihənin qapalı hazırlanması Azərbaycanda söz azadlığını məhdudlaşdırmağa yönəlib.

2023-cü ilin yanvarında 40 jurnalist "Media haqqında" qanunla bağlı mövqe sənədi imzalayıb. Sənəddə xüsusilə vahid reyestrin yaradılması ilə bağlı maddənin KİV və söz azadlığını məhdudlaşdırmaq üçün geniş imkanlar yaratdığı qeyd olunub. Sənədi imzalayanlar arasında media eksperti Ələsgər Məmmədli, Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, "Toplum TV"nin baş redaktoru Xədicə İsmayılova, "Meydan TV"nin baş redaktoru Aynur Elgünəş, "AbzasMedia"nın rəhbəri Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid və redaktoru Rövşən Hacıbəyli, araşdırmaçı jurnalist Hafiz Babalı və siyasi jurnalist Natiq Cavadlı kimi tanınmış şəxslər də olub.

2023-cü ilin noyabr həbsləri 2023-cü il, noyabrdan 20-dən etibarən araşdırmaları ilə tanınan onlayn-media nəşri "AbzasMedia"nın rəhbərləri və jurnalistləri təzyiqlərlə üzləşdi. Nəşrin rəhbəri Ülvi Həsənli gecə saatlarında evinin qarşısında mülki geyimli şəxslər tərəfindən saxlanılıb; sonradan onların Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları olduğu məlum olub. Onun evində və "AbzasMedia"nın ofisində axtarış aparılıb. Polis iddia edib ki, ofisdəki dolabdan 40 min avro tapılıb.

Ülvi Həsənli saxlanılarkən döyüldüyünü bildirib. "AbzasMedia" bəyanat yayaraq onun fiziki zorakılığa məruz qaldığını qeyd edib və həbsə görə məsuliyyətin Azərbaycan Prezidenti İlham Əliyev üzərində olduğunu bildirib. Jurnalistlər bəyan ediblər ki, saxlanılma Həsənlinin peşə fəaliyyəti ilə bağlıdır və nəşr fəaliyyətini davam etdirəcək. Onlar bildiriblər ki, yayımladıqları korrupsiya araşdırmaları səbəbilə bu addım atılıb və məqsəd onların fəaliyyətini dayandırmaqdır. border|center|120x120pxborder|center|120x120pxÜlvi Həsənli və Sevinc Vaqifqızıborder|center|120x120pxborder|center|120x120pxNərgiz Absalamova və Elnarə Qasımova 21 noyabr gecəsi xarici səfərdən qayıdarkən "AbzasMedia"nın baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) təyyarədə saxlanılıb. O, evinə aparılıb və mənzilində iki saatdan çox davam edən axtarış aparıldıqdan sonra Bakı Şəhər Baş Polis İdarəsinə gətirilib. "AbzasMedia" rəhbərliyinə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıq) ilə cinayət işi açılıb. Xətai Rayon Məhkəməsinin qərarı ilə saxlanılanlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

22 noyabrda Daxili İşlər Nazirliyi bildirib ki, cinayət işi çərçivəsində nəşrin layihə koordinatoru Məhəmməd Kekalov da saxlanılıb. Onun saxlanılması evindən naməlum istiqamətdə aparıldıqdan üç gün sonra açıqlanıb. Sosial layihələrlə məşğul olan Kekalov həm də "AbzasMedia"da rəhbərinin məsləhətçisi idi. 23 noyabrda o, da "qaçaqmalçılıq" ittihamı ilə 3 ay 27 gün müddətinə həbs edilib.

30 noyabrda daxili işlər naziri Vilayət Eyvazov Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) sorğusuna cavabında bildirib ki, "AbzasMedia" rəhbərliyinə qarşı ittihamların onların peşə fəaliyyəti ilə bağlı olması iddiaları əsassızdır. Onun sözlərinə görə, saxlanılan jurnalistlər gömrük nəzarətindən kənar şəkildə ölkəyə böyük miqdarda xarici valyuta keçiriblər və ofisdə tapılan 40 min avro həmin vəsaitin bir hissəsidir.

30 noyabrda "AbzasMedia"nın reportyoru Nərgiz Absalamova şahid qismində dindirilməyə çağırıldıqdan sonra saxlanılıb və ona da qaçaqmalçılıq ittihamı irəli sürülüb. 1 dekabr 2023-cü ildə məhkəmə onun barəsində 3 aylıq həbs qərarı çıxarıb. Jurnalist ittihamı rədd edərək bunu peşə fəaliyyəti ilə əlaqələndirib.

13 dekabr 2023-cü ildə Turan İnformasiya Agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru, araşdırmaçı jurnalist Hafiz Babalı da saxlanılıb. O, "AbzasMedia" ilə bağlı cinayət işi çərçivəsində məsuliyyətə cəlb olunub. Evində aparılan axtarış zamanı kompüter, mobil telefon və bəzi sənədlər götürülüb. Bundan əvvəl o, şahid qismində dindirilmiş və bank hesabları dondurulmuşdu . Babalı müsahibələrinin birində bildirmişdi ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərinə fokuslanan son korrupsiya araşdırması hakimiyyət üçün "son damla" olub.

2023-cü ilin noyabrında dindirilən jurnalistlərdən biri də Elnarə Qasımova idi. 13 yanvar 2024-cü ildə o yenidən dindirilməyə çağırılıb, dindirmədən sonra saxlanılaraq "AbzasMedia" işi üzrə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub. O da ittihamları rədd edib və bunu jurnalist fəaliyyəti ilə əlaqələndirib.

2025-ci il 20 iyun tarixində Bakı Ağır Cinayətlər Məhkəməsi "AbzasMedia"nın jurnalist və əməkdaşlarını təqsirli bilinərək onları 7,5 ildən 9 ilə qədər azadlıqdan məhrum edib. Nəşrin rəhbəri Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və iqtisadçı Fərid Mehralizadə 9 il həbs cəzası alıblar. Reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Layihə koordinatoru Məhəmməd Kekalov isə 7,5 il həbs cəzasına məhkum edilib. Jurnalistlər hökm elan olunmazdan əvvəl ittihamları rədd edərək həbslərinin peşə fəaliyyəti və korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildiriblər.

Kanal13 və Kanal11 internet televiziyaları rəhbərlərinin həbsi