Türk və İslam Əsərləri Muzeyi () — Türkiyənin İstanbul şəhərinin Fatih səmtində, Sultan Əhməd meydanında yerləşən muzey. İlk dəfə 1914-cü ildə açılan muzey, 1983-cü ildə Qanuni Sultan Süleymanın ikinci sədrəzəmi Parqalı İbrahim Paşanın sarayına köçürülüb. Bina 1524-cü ildə inşa edilmişdir. Muzeyin kolleksiyasına İslam xəttatlığının, kaşı və xalçaların tanınmış nümunələri, eləcə də Türkiyədəki müxtəlif mədəniyyətlərə, xüsusən də köçəri qruplara aid etnoqrafik eksponatlar daxildir.
Muzeyin binası vaxtilə sarayın mərasim zalı olub. Muzeyin bir çox bölməsi sarayın yaxşı qorunub saxlanılmış mühitinin nəzərəçarpacaq təsirlərini daşıyır ki, bu da buranı müxtəlif dövrlərə aid İslam incəsənəti mədəniyyəti nümunələrini nümayiş etdirən möhtəşəm sənət məbədinə çevirib. Muzeydə xalça sənəti, ağac işləmələri və daş sənəti kolleksiyalarını əhatə edən 40000-dən çox sənət nümunəsi qorunub saxlanılır. Bura Türkiyənin ən böyük muzeylərindən biridir. Türk və İslam Əsərləri Muzeyi İstanbulun məşhur Sultan Əhməd məscidi ilə üzbəüz yerləşir. Muzey, incəsənət, mədəniyyət və tarixin qorunub saxlanılması istiqamətindəki fəaliyyətinə görə böyük nüfuza malikdir. Fəaliyyət göstərdiyi uzun illər ərzində muzey, sənət tarixi ilə maddi mədəniyyət arasındakı əlaqəni qoruyub saxlamış İslam incəsənəti mərkəzi kimi də tanınmışdır. Muzey, Türkiyənin bütün İslam incəsənəti nümunələrini bir araya gətirən ilk qurumdur. Yarandığı gündən bəri, həm yerli, həm də beynəlxalq səviyyəli sərgilərin təşkilin və iştirakında xüsusi fəallıq göstərir. 1984-cü ildə muzey, Avropa Şurasının "İlin Muzeyi" müsabiqəsinin Xüsusi Münsiflər Heyəti mükafatına, həmçinin uşaqlara mədəni irsi sevdirmək istiqamətindəki fəaliyyətinə görə Avropa Şurası və UNESCO tərəfindən təsis edilmiş mükafata layiq görülmüşdür. Tarixi 1914-cü ildə əsası qoyulan muzey, Süleymaniyə külliyəsində yerləşən İslam Vəqfləri Muzeyi kimi fəaliyyətə başlamışdır. Qeyd edək ki, Süleymaniyə külliyəsi XVI əsrdə türk memarı Memar Sinan tərəfindən inşa edilmişdir. 1923-cü ildə Türkiyə Cümhuriyyətinin qurulması ilə muzeyin adı dəyişdirilərək "Türk və İslam Əsərləri Muzeyi" adlandırıldı. Cəmiyyətdəki bu yenilik sərgi məkanlarına da təsir etdi; belə ki, ekspozisiyalar artıq yalnız Osmanlı imperiyasını deyil, daha çox ümumi İslam dünyasını təmsil etməyə başladı. Osmanlı muzeyləri türk millətçiliyi ideologiyası ilə uyğunlaşdıqca, türk cəmiyyəti də incəsənətdə Qərb təcrübələrindən təsirlənməyə başladı. 1983-cü ildə muzey Parqalı İbrahim Paşa Sarayına köçürülmüşdür. Yaxşı qorunub saxlanılmış bina XVI əsr Osmanlı memarlığı üslubunda tikilmişdir. Tarixi tikili 1966–1983-cü illər arasında təmir edilmişdir. Türk və İslam Əsərləri Muzeyi, Türkiyədə İslam sənətini özündə birləşdirən ilk muzey olmuşdur. Binadan müxtəlif illərdə: sədrəzəmlər üçün məkan, kazarman, səfirlik sarayı, qeydiyyat şöbəsi, Mehtəran evi, tikiş emalatxanası və həbsxana kimi istifadə edilmişdir.
Bu gün muzeydə İslam dünyasının xalçaları ilə yanaşı, 17000-dən çox əlyazma, 3000 Quran və Dəməşqdəki Əməvi məscidinə aid 250000 erkən Quran fraqmenti qorunub saxlanılır. Sərgilər mərtəbələrə görə qruplaşdırılıb və müəyyən mövzuları: birinci mərtəbə ənənəvi türk həyatını, ikinci mərtəbə isə İslam incəsənətini əhatə edir.
Sərgiləri 2015-ci ilin yanvarına qədər təmir üçün bağlanmış Muzey, həmin ilin aprelində yeni eksponatları ilə yenidən fəaliyyətə başlamışdır. Kolleksiyanın əsas mövzusu XX əsr Osmanlı imperiyası dövrünün dini sənət tarixi idi. Muzeydə həmçinin Osmanlı imperiyasına məxsus: İslam xəttatlığı, kaşı və xalça nümunələri, Türkiyədəki müxtəlif mədəniyyətlərə, xüsusilə köçəri qruplara aid etnoqrafik eksponatlar nümayiş etdirilir. Bu ekspozisiyalar müxtəlif dövrlərə aid otaqlarda nümayiş olunur.
Həmçinin bax Topqapı sarayı İstanbul Müasir İncəsənət Muzeyi İstanbul Arxeologiya Muzeyi Qalereya Mənbə:These are objects from museum that were put at the site of Discover Islamic Art (at least those, which have image in Wikimedia commons).
İstinadlar
Xarici keçidlər
Many pictures from this museum by private photographer A 373 page book of the museum as a cooperation of Ministry of Culture and Blue Dome Press Turkish photographer Ahmet Ertuğ published the volume Anatolian Carpets: Masterpieces from the Turkish and Islamic Arts Museum, Istanbul in 1999
Kateqoriya:Türkiyənin milli muzeyləri Kateqoriya:Fatih (İstanbul) Kateqoriya:Dekorativ-tətbiqi incəsənət muzeyləri Kateqoriya:İstanbul muzeyləri Kateqoriya:Türkiyə mədəniyyəti