Busifikasiya () — Rusiyanın hərbi təcavüzü fonunda Ukrayna cəmiyyətində və mediasında Ukrayna Silahlı Qüvvələrinə məcburi hərbi xidmətə çağırışın mübahisəli metodlarını təsvir etmək üçün yaranmış termin. Bu ifadə Ərazi Komplektləşdirmə Mərkəzlərinin (ƏKM) əməkdaşları və hüquq-mühafizə orqanlarının çağırış yaşındakı kişiləri zorla avtobuslara mindirdiyi hallara istinad edir.
Termin ingilis dilində olan "bus" () sözünün kiçiltmə forması olan və mikroavtobus mənasını verən "busık" sözü ilə hərəkət və ya çevrilməni ifadə edən latınmənşəli "-fikasiya" şəkilçisinin birləşməsindən yaranmışdır. Bu təcrübə hərbi komissarlıqlar tərəfindən tətbiq edilən fiziki məcburetmə ilə əlaqələndirilir və dövlət nüfuzu, fərdi hüquqlar və milli səfərbərlik siyasəti ətrafında gedən müzakirələrin simvoluna çevrilmişdir.
Təsviri "Busifikasiya" ilkin olaraq mülki və ya hərbi geyimli zabit qruplarının kişiləri küçələrdə, bazarlarda, nəqliyyat qovşaqlarında, iş yerlərində və digər ictimai yerlərdə saxlaması əməliyyatlarını ifadə etmişdir. Saxlanılan şəxslər əvvəlcədən təyinat və ya razılıq olmadan mikroavtobuslarla hərbi xidmətə cəlb edilmək üçün çağırış məntəqələrinə aparılmışdır.
Bu fenomen 2022-ci ilin fevralında Rusiyanın tammiqyaslı müdaxiləsindən sonra Ukraynanın genişmiqyaslı hərbi səfərbərliyi fonunda genişlənmişdir. Münaqişənin ilkin mərhələlərində könüllü müraciətlər yüksək olmuşdur, lakin müharibə uzandıqca könüllü xidmətə marağın azaldığı müşahidə olunmuşdur. Tənqidçilər "busifikasiya"nı müharibənin ilk dövründəki könüllü səfərbərliklə müqayisə etmiş, bunun fərdi seçim imkanının məhdudlaşdığı məcburi çağırışa keçid olduğunu vurğulayırlar. ƏKM əməliyyatları hüquqi baxımdan Ukraynanın səfərbərlik qanunlarına əsaslanır, lakin tətbiq edilən taktika və ictimai qavrayış kəskin mübahisə mövzusu olaraq qalır. Rəy sorğuları əhalinin Ukrayna Silahlı Qüvvələrinə böyük dəstək verdiyini, lakin çağırış və hərbi idarəetmə mexanizmlərinə inamın aşağı olduğunu göstərir.
Metodlar "Busifikasiya" prosesi adətən aşağıdakı halları əhatə edir:
Kişilərin ictimai yerlərdə saxlanılması; Saxlanılanların mikroavtobuslarla çağırış məntəqələrinə daşınması; Şəxslərin daşınmadan əvvəl möhlət hüququnu və ya tibbi vəziyyətini təsdiq etmək imkanlarının məhdud olması.
Sosial mediada yayılan video görüntülərdə çağırış zabitləri, saxlanılanlar və ətrafdakı insanlar arasında qarşıdurmalar əks olunmuşdur. Bəzi hallarda kütlə nəqliyyat vasitələrini bloklayaraq saxlanılmalara mane olmağa çalışmışdır. Ukrayna müdafiə rəsmiləri isə fiziki gücün yalnız xidmətə cəlb olunan şəxs müqavimət göstərdikdə və ya yayınmağa çalışdıqda tətbiq edildiyini bildirmişlər.
Hadisələr "Busifikasiya" ilə bağlı sənədləşdirilmiş hallarda mülki şəxslərin çağırış qruplarına müqavimət göstərdiyi, nəqliyyat vasitələrini aşıraraq saxlanılanların qaçmasına kömək etdiyi müşahidə olunmuşdur. Ən səs-küylü hadisələrdən biri 2025-ci ilin oktyabrında Kiyev sakini, 43 yaşlı Roman Sopinin saxlanılması olmuşdur. Səfərbərlik müəssisəsinə aparılan Sopin daha sonra ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilmiş və vəfat etmişdir. Rəsmi şəxslər onun yıxılaraq başını vurduğunu iddia etmişdilər, lakin tibbi rəylər küt alət zərbəsini göstərmişdir.
Digər bir hadisə macarmənşəli Ukrayna vətəndaşı Yozef Sebestyenin ölümü ilə bağlı olmuşdur. Onun səfərbər edildikdən sonra döyüldüyü iddia edilmişdir, lakin Ukrayna rəsmiləri bu iddiaları rədd etmişdir. Həmçinin, Rivne şəhərində bir nəfərin çağırış məntəqəsində vəfat etdiyi, digər bir şəxsin isə daşınma zamanı hərəkətdə olan avtomobildən tullanaraq öldüyü bildirilmişdir. Birləşmiş Krallığın "The Sun" qəzetinin müdafiə redaktoru Cerom Starki də Ukrayna cəbhəsində olarkən tərcüməçi həmkarının silahlı şəxslər tərəfindən zorla hərbi xidmətə aparıldığını qeyd etmişdir.
Reaksiyalar Ukraynanın İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets 2024-cü ilin ilk doqquz ayında ƏKM əməkdaşlarının hüquq pozuntuları ilə bağlı 1500-dən çox şikayət almışdır. Ukrayna Ali Radasının üzvü Solomiya Bobrovska "busifikasiya"nın Zakarpatya, Odessa və Çernivtsi bölgələrində sistemli xarakter aldığını bildirmişdir. Millət vəkilinin sözlərinə görə, 2024-cü ilin mayında Baş Qərargah və Müdafiə Nazirliyi ilə güc tətbiqinin dayandırılması müqabilində yerli hakimiyyətin səlahiyyətlərinin genişləndirilməsi barədə əldə olunmuş razılaşma hərbi orqanlar tərəfindən pozulmuşdur. Ukraynalı millət vəkili İqor Çerniyev bu cür razılaşmanın mövcudluğunu təsdiqləmişdir. O, 2024-cü ilin dekabr ayının əvvəlində bildirmişdir ki, müvafiq parlament komitəsi davam edən "busifikasiya" hallarından dolayı Müdafiə Nazirliyinin nümayəndələrini dəfələrlə çağırışa cəlb etmişdir.
Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının Ehtiyatda olanlar Şurasının sədri İvan Timoçkonun sözlərinə görə, "busifikasiya" prosesi, əsasən, "hərbi xidmətdən yayınanlar"ı və axtarışda olan şəxsləri hədəf almışdır. Bununla belə, o, bu məsələnin media və siyasətçilər tərəfindən öz reytinqlərini artırmaq naminə qabardıldığını qeyd etmişdir.
Beynəlxalq xəbər agentlikləri Ukraynadakı müharibə şəraitində tətbiq edilən bənzər mübahisəli çağırış üsullarına diqqət çəkərək, kişilərin çağırışçılar tərəfindən qəfil saxlanılması və aparılması hallarını təsvir etmiş, bunun nəticəsində yaranan ictimai narazılığı və hüquqi problemləri vurğulamışlar. Bu hesabatlar "busifikasiya" fenomenini hərbi çağırış, mülki azadlıqlar və müharibə dövrünün idarəçiliyi ilə bağlı daha geniş qlobal müzakirələr kontekstində yerləşdirmişdir.
2024-cü ilin noyabrında Müdafiə naziri Rüstəm Ömərov rəqəmsallaşma və təşviq metodları vasitəsilə "busifikasiya" təcrübəsinə son qoyulacağını bəyan etmişdir, lakin 2025-ci ilə qədər bu sahədə islahatların məhdud olduğu və məcburi çağırışların davam etdiyi bildirilmişdir. 8 iyul 2025-ci il tarixində Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı səfərbərlik zamanı sistemli hüquq pozuntuları, o cümlədən fiziki zorakılıq və əlilliyi olan şəxslərin xidmətə çağırılması barədə hesabat dərc etmişdir. 2026-cı ilin yanvar ayının sonunda Prezident Volodimir Zelenski "busifikasiya" problemini etiraf etmiş və Müdafiə naziri Mixaylo Fedorova bu məsələ ilə məşğul olmağı tapşırmışdır.
Qiymətləndirmələr Lvov Şəhər Şurasının keçmiş deputatı və hərbi qulluqçu İqor Şoltisin fikrincə, müharibə dövründə dövlət güc tətbiq etmək monoqoliyasından istifadə etməli və könüllü xidmətdən imtina edən şəxsləri orduya cəlb etməlidir. Bununla belə, o, Ukrayna müdafiə qüvvələrində motivasiyasız şəxslərin sayının artmasının mənfi fəsadlarını da qeyd etmişdir.
Keçmiş millət vəkili və hərbi qulluqçu İqor Lutsenkonun qənaətinə görə, "busifikasiya" metodunu bütün ölkələrdə total müharibələr zamanı tətbiq olunan icbari səfərbərliklə qarışdırmaq olmaz. İcbari səfərbərlik dövlətin müəyyən sahələr üzrə ixtisaslı mütəxəssisləri hədəf almasını və çağırılan şəxslərin çağırış vərəqəsi əsasında səfərbərlik və təlim prosesinə qatılmasını nəzərdə tutur, lakin hərbçilərin küçələrdən çağırışçıları təsadüfi şəkildə saxlaması səfərbərlik planının olmadığını və rəsmi şəxslərin yalnız hesabat xatirinə hərəkət etdiyini göstərir.
Strateji Kommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzi bu terminin yayılmasını Rusiya təbliğatının səfərbərlik əleyhinə ritorikanı gücləndirmək və bir qurum kimi ƏKM-i nüfuzdan salmaq cəhdləri ilə əlaqələndirmişdir.
"Responsible Statecraft" nəşri qeyd edir ki, Ukrayna daxilindəki geniş xəbərlərə rəmayən, "busifikasiya" mövzusu aparıcı Qərb media qurumlarında məhdud səviyyədə işıqlandırılmışdır. Məqalədə vurğulanır ki, məcburi çağırış təcrübələri Qərb mediasında müharibə ilə bağlı yayımlanan və daha çox döyüş meydanındakı hadisələrə və diplomatik məsələlərə diqqət yetirən narrativlərdə demək olar ki, yer almır. İşıqlandırmadakı bu qeyri-bərabərlik Ukraynanın səfərbərlik siyasəti barədə beynəlxalq aləmdə fərqli təsəvvürlərin yaranmasına səbəb olmuşdur. Analitiklər "busifikasiya"nın genişlənməsini Ukrayna ordusunun üzləşdiyi daha geniş canlı qüvvə çatışmazlığı problemləri ilə əlaqələndirmişlər. "Responsible Statecraft" silahlı qüvvələrdə fərarilik hallarının və intizam pozuntularının artması barədə hesabatlara istinad edərək, şəxsi heyətin saxlanılması ilə bağlı çətinliklərin daha sərt çağırış metodlarının tətbiqinə yol açdığını ehtimal edir.
Sözügedən nəşrin istinad etdiyi rəy sorğularına əsasən, 2023–2025-ci illər ərzində müharibənin danışıqlar yolu ilə dayandırılmasına verilən dəstək artmış, tam qələbəyə qədər döyüşmək tərəfdarlarının sayı isə azalmışdır. Bu kontekstdə məcburi səfərbərlik təcrübələri siyasi cəhətdən daha həssas və ictimaiyyət tərəfindən daha çox mübahisə doğuran bir məsələyə çevrilmişdir.
Mədəni təsiri Ukraynalı yazıçı Andrey Kurkov bu "alçaldıcı terminin" populyarlığına diqqət çəkərək, onun Ali Radada belə istifadə edildiyini qeyd etmişdir. O, bu təcrübəni Viktoriya dövrü Britaniyasında dəniz donanması üçün kişilərin zorla toplandığı "press-qanq" briqadaları ilə müqayisə etmişdir.
"Busifikasiya" termini "Mıslovo" neologizm lüğəti tərəfindən Ukraynada 2024-cü ilin "ilin sözü" elan edilmişdir.
İstinadlar
Kateqoriya:Rusiya–Ukrayna müharibəsi (2022–hazırda) Kateqoriya:Neologizmlər