Aleksandr Aleksandroviç Muraşko () və ya doğum adı ilə Aleksandr Kraçkovski (; ) — Ukrayna rəssamı, pedaqoqu və ictimai xadimi. O, ukraynalı rəssam və pedaqoq Nikolay Muraşkonun (1844–1909-cu illər) qardaşıoğlu idi.
Həyatı
Erkən həyatı Aleksandr Muraşko 7 sentyabr 1875-ci ildə Kiyev şəhərində anadan olmuşdur. Metrika kitabındakı doğum qeydində atası barədə məlumat göstərilməmişdir, çünki anası Mariya İvanovna Kraçkovskaya onu nikahdankənar dünyaya gətirmişdir. Yeddi yaşına qədər Çerniqov vilayətinin Borzna qəsəbəsi yaxınlığında nənəsinin himayəsində yaşamışdır. Sadə bir kəndli qadın olan nənəsinin kazakların qəhrəmanlıq dövrləri haqqında söylədiyi rəvayətlər və xalq hikmətləri uşağın təxəyyülünün formalaşmasında, onda təbiətə sevgi hissinin oyanmasında mühüm rol oynamışdır. Bir müddət sonra anası tərəfindən tərk edilmiş Aleksandrı əmisi öz yanına aparmışdır, lakin sonradan Mariya İvanovna Kraçkovskayanın analıq hissləri yenidən oyanmış və uşaq onunla yaşamağa başlamışdır. Anası ailə qurduqdan sonra Aleksandr Çerniqova köçmüşdür. Orada onun ögey atası, rəssam Nikolay Muraşkonun doğma qardaşı olan Aleksandr İvanoviç Muraşkonun 1827-ci ildə əsası qoyulmuş kiçik bir ikona çəkmə emalatxanası fəaliyyət göstərirdi. Emalatxana sahibi ögey oğlunu aktiv şəkildə işlərə cəlb etməyə başlamışdır."Митець свiтового piвня Олександр Мурашко (1875–1919)" Українська культура 1 (1999) 25–26, archived at the Wayback Machine, March 5, 2007 Oksana Onoprii︠e︡nko, "Oleksandr Murashko (1875–1919), Painter, educator, public figure", in Vydatni dii︠a︡chi Ukraïny mynulykh stolitʹ: memorialʹnyĭ alʹmanakh / Outstanding Ukrainian Personalities of the Past: Memorial Anthology, Zoloti imena Ukraïny, Kyiv: I︠E︡vroimidz︠h︡, , , p. 379.
thumb|Ögey ata Aleksandr Muraşkonun ikonostaz emalatxanasının reklamı. Kiyev, 1900-cü il.
1880-ci illərin sonunda divarların astarlanması, boyama və zərləmə işləri, habelə mebel istehsalı kimi tərtibat sifarişləri alan ögey ata, ailəsi və emalatxanası ilə birlikdə Kiyevə köçmüşdür. Emalatxana Malaya Jitomirskaya küçəsi, ev 14 ünvanında yerləşən şəxsi mülkdə yerləşdirilmişdir. Çerniqovdakı emalatxana sahibi Aleksandr Muraşko Kiyevdə yerləşən Vladimir kilsəsində planlaşdırılan genişmiqyaslı işlər barədə qardaşından məlumat almış, divarların astarlanması və zərləmə işləri üzrə podrat müqaviləsi bağlayaraq fəaliyyətini bu şəhərə köçürmüşdür. Sonradan o, kilsə mebellərinin hazırlanması işini də öhdəsinə götürmüşdür. İqor Şarovun təqdim etdiyi məlumatlara görə, ikonostasın yuxarı mərmər sütunları İtaliyada hazırlanmış, aşağı taxta sütunları isə Aleksandr Muraşkonun emalatxanasında istehsal edilmişdir.
Gənc Aleksandr Rusiya imperiyasnın bədii mühitində böyük əks-səda doğuran Vladimir kilsəsinin divar rəsmlərinin yaradılması prosesinin canlı şahidi olmuşdur. O, Viktor Vasnetsov və Mixaylo Nesterov kimi ustadların işini yaxından izləmişdir. Məhz bu sənətkarlar və professor Adrian Praxov "arıq, hündürboylu və utancaq" yeniyetmənin daxili potensialını ilk sezinləyənlər olmuşdur. Rəssamlıq Muraşko üçün həyatın mənasına çevrilmişdir. O, xatirələrində qeyd etmişdir ki, bir dəfə pilləkənin yeni ağardılmış divarına çəkdiyi təsvirə görə şiddətli tənbeh olunmuşdur. Gələcəkdə böyük rəssam olmağı arzulasa da, ögey atası buna qarşı çıxmış və emalatxanada işçi qüvvəsinə ehtiyac duyduğunu bildirmişdir.
Ögey atası ilə yaranan münaqişələr nəticəsində on beş yaşlı Aleksandr ailəni tərk edərək müstəqil dolanmağa çalışmışdır. O, Dnepr sahillərində və barjalarda gecələmiş, bu səbəbdən xəstələnmişdir, lakin Aleksandr İvanoviç ögey oğlunu öz iradəsinə tabe etmək məqsədilə ona yardım etməkdən imtina etmişdir. Həmin dövrdə gəncin rəssam olmaq istəyini ögey atası deyil, Mikola Muraşko — Aleksandr İvanoviçin qardaşı və Kiyev Rəsm Məktəbinin qurucusu dəstəkləmişdir. Praxov, Vasnetsov və Nesterovun müdaxiləsi nəticəsində Oleksandr İvanoviçin müqaviməti qırılmışdır. Ögey atası ilə barışan, yol xərcləri üçün müəyyən məbləğ alan və onun soyadını qəbul edən Aleksandr Sankt-Peterburqa yola düşmüşdür.
Akademiya illəri 1894-cü ilin payızında Aleksandr Muraşko Peterburq Rəssamlıq Akademiyası nəzdindəki Ali Rəssamlıq Məktəbinə daxil olmuşdur. 1896-cı ildə o, dövrün gənclərinin kumiri sayılan İlya Repinin emalatxanasının tələbəsi olmuşdur. Muraşko yoldaşları Boris Kustodiyev (1878–1927-ci illər) və Filip Malyavin (1869–1940-cı illər) ilə birlikdə Repin sənətinin humanist ideallarını mənimsəmiş, sərbəst yazı manerası və plastik forma işləmələrini ehtiva edən bədii metodları tətbiq etməyə başlamışdır.Anna Novakov, Play of Lines: Anton Ažbe's Art Academy and the Education of East European Female Painters, San Francisco: Fibonacci Academic Press (Lulu.com), 2011, , p. 50.
Repinin təsiri altında Muraşkonun portret ustası kimi istedadı formalaşmışdır. Onun yüksək peşəkarlıqla ərsəyə gətirdiyi erkən yaradıcılıq nümunələrindən biri Nikolay Petrovun portretidir. Bu əsərdə dərin psixoloji təhlil kompozisiya dinamizmi ilə vəhdət təşkil edir. Repin məktəbi Muraşko sənətinin realist əsaslarını qoymuşdur. Rəssam sonrakı fəaliyyətində hansı dekorativ axtarışlara müraciət etməsindən asılı olmayaraq, varlığın reallığını dünyanın ən ali gözəllik təzahürü kimi qəbul etmişdir.
Avropa dövrü XX əsrin əvvəllərində Avropanın iki mühüm bədii mərkəzi olan Paris və Münhen müvafiq olaraq impressionizm, postimpressionizm, art-nuvo və modern incəsənət cərəyanlarını təmsil etmişdir. 1901–1903-cü illərdə xaricdə olduğu müddətdə Aleksandr Muraşko bu mərkəzlərin təsirini hiss etmişdir. Bununla belə, Parisə gəldikdə o, ilk növbədə Luvr muzeyini ziyarət etmiş, İspaniya rəssamı Dieqo Velaskesin (1599–1660-cı illər) əsərlərini diqqətlə öyrənmişdir. Bu dövrdə onun rəğbəti hələ də "köhnə ustaların" tərəfində olmuşdur.
Tədricən şəhər həyatı və məişətinin xüsusiyyətlərindən, muzey və sərgilərdə gördüklərindən alınan təəssüratların təsiri ilə Muraşkonun yaradıcılığında impressionizmin əsaslarından qaynaqlanan müəyyən yeniliklər meydana gəlmişdir. Rəssam tonal keçidlərin daha zərif olmasına, habelə ifadəli işıq effektləri yaradan süni axşam işığının reflekslərinin ötürülməsinə can atmışdır. Parisin iş üçün yox, ümumi inkişaf üçün daha münasib bir yer olduğunu dərk edən sənətkar bədii həyatın daha işgüzar ritmlərlə cərəyan etdiyi Münhenə yola düşmüşdür. Almaniyada o, öz rəsm texnikasının təkmilləşdirilməsi üzərində ciddi çalışmış, eyni zamanda Münhen sesessionu nümayəndələrinin işləri ilə tanış olmuşdur.
Hələ Fransada olduğu vaxtlarda Muraşko kompozisiya quruluşunda, rəng kütlələrinin formalaşdırılmasında və xətti ritmlərdə modern üslubunun müəyyən fəndlərindən istifadə etməyə çalışmışdır. O, bu üslubun estetik prinsiplərinə və impressionistlər tərəfindən itirilmiş plastik maddi keyfiyyətin rəngkarlığa qaytarılması cəhdlərinə rəğbət bəsləmişdir, lakin Muraşko modern üslubun obrazlı süniliyindən, mifoloji-simvolik alleqoriyalarından uzaq qalmışdır. Rəssam özünəməxsus şərtiliyi reallığın daxilində tapmışdır. Onun ümumiləşdirmələrinin arxasında hər zaman canlı və uydurulmamış bir aləm dayanmışdır.
Tanınması thumb|Aleksandr Muraşko 1905-ci ildə. thumb|"Karusel", 1906-cı il.
Aleksandr Muraşko 1904-cü ildə Peterburqa geri dönmüşdür. Özü üçün doğma olan mühitdə o, öyrəndiklərini təcrübədə möhkəmləndirmək və öz mövqeyini təsdiqləyəcək yeniliklər tapmaq məqsədilə intensiv fəaliyyət göstərmişdir. 1906-cı ildə ərsəyə gətirdiyi "Karusel" tablosu rəssama dünya şöhrəti qazandırmışdır. Münhen Beynəlxalq Sərgisində nümayiş etdirilən bu əsər qızıl medala layiq görülmüşdür. Bunun ardınca sənətkar Berlin, Vyana, Paris, Amsterdam, Münhen və Venesiya kimi Avropa paytaxtlarından və şəhərlərindən dəvətlər almışdır.
1909-cu ildə Muraşko Berlin, Köln və Düsseldorfda 25 əsərdən ibarət fərdi sərgisini keçirmişdir. 1911–1912-ci illərdə Münhen sesessionunun sərgilərində iştirak etmişdir. Ukraynalı sənətkarın əsərləri Avropada daimi uğur qazanmış, sənət tənqidçiləri tərəfindən yüksək qiymətləndirilmiş və mətbuatda işıqlandırılmışdır. "Karusel" tablosu elə sərgi zamanı Budapeşt Təsviri İncəsənət Muzeyi tərəfindən satın alınmışdır. Bu tablonun eskizi hazırda Ukrayna Milli Bədii Muzeyində mühafizə olunur.
Aleksandr Muraşkonun beynəlxalq səviyyədə qəbul edilməsi təkcə fərdi bir rəssamın yox, həm də onun vətəninin tanınması demək idi. Muraşkonun sayəsində Ukrayna incəsənəti məhdud milli və əyalət çərçivəsindən çıxmışdır. Sənətkarın istedadı bu sənəti Qərbi Avropa səviyyəsinə qaldırmış, onun əsərləri isə dünya bədii prosesinin kontekstinə daxil olmuşdur. Muraşko uğurlu bir sənətkar olmuş və "əsrin sonlarının ən vacib Ukrayna sənətçisi" adlandırılmışdır.Semion Gurok and Boris Lobanovsky, tr. Anne Staros, Kyiv, Architectural Landmarks and Art Museums: An Illustrated Guide, Leningrad: Aurora, 1987, , p. 75.
Kiyev dövrü thumb|Marqarita və Aleksandr Muraşko. 1909-cu il.
Sərgi fəaliyyətləri 1907-ci ildə rəssam Sankt-Peterburqdan qəti olaraq Kiyevə qayıtmışdır. Paytaxt şəhərlərində keçirilən vernisajlarda fəal iştirakını davam etdirməklə yanaşı, o, Kiyevin sərgi həyatında da müstəqil fəaliyyətə başlamışdır. Sənətkar öz istedadını ilk müəllimi və əmisi Nikolay Muraşkonun yubiley sərgisində (14 noyabr – 7 dekabr 1908-ci il) parlaq şəkildə nümayiş etdirmişdir. Rəssamın həyat yoldaşı Marqarita Muraşkonun xatirələrinə görə, Aleksandr Oleksandroviçin əsərləri üçün ayrıca zal ayrılmışdır. Ustad burada "Karusel", "Qəhvəxana", Y. Stanislavski və M. Muraşkonun ("Qoca müəllim") portretlərini, habelə "Konki meydançasında" (Aleksandra Muraşkonun portreti), "Terasda" (Aleksandra Muraşkonun portreti), "Gəmidə" (Jorj Muraşkonun portreti) və digər tablolarını nümayiş etdirmişdir.
Kiyev rəssamları qrupunun III sərgi tədbirində (5 mart – 4 aprel 1910-cu il) O. Muraşko dörd əsərlə təmsil olunmuşdur. Kataloq məlumatlarına əsasən, bu əsərlər Marqarita Muraşkonun Kapridəki portreti, Olena Praxovanın toxuculuq dəzgahı arxasında təsviri, müğənni Pavel Andreyevin portreti və Sofiya Filipsonun qrafik təsvirindən ibarət olmuşdur. 1911-ci ilin əvvəlində Kiyev Şəhər Muzeyində Kiyev rəssamlarının IV sərgisi (22 yanvar – 27 fevral 1911-ci il) açılmışdır. Bu sərgidə Aleksandr Boqomazov, Yevgeni Vjeşç, Vasili Kriçevski, Pyotr Levçenko, Avraam Maneviç, Nikolay Pimonenko və Aleksandr Muraşko kimi tanınmış sənətkarlar iştirak etmişdir. Muraşko Kiyev sakinlərinə V. Dityatinanın portretini, professor M. Voskoboynikovun portretini və bir neçə etüdünü təqdim etmişdir.