Luis Filtser (; ) — əsərləri əsasən ədalətsizlik və mübarizə mövzularına həsr olunmuş Meksika ekspressionist rəssamı. Onun ailəsi Rusiya inqilabından sonra yəhudilərə qarşı təqiblərdən xilas olmaq üçün Ukraynadan Meksikaya köçmüş və Filtser Mexiko şəhərində böyümüşdür.

Rəssamlığa erkən yaşlarından maraq göstərməsinə baxmayaraq, o, ailəsinin bu peşəni qəbul etməsi üçün əvvəlcə çəkdiyi tabloları satmaq məcburiyyətində qalmışdır. Vinsent van Qoqun həyat yolundan dərindən təsirlənən Filtser yaradıcılığında sıravi insanların mübarizəsini təsvir etməyə başlamış və fəaliyyəti boyunca bu mövzuya sadiq qalmışdır. Onun əsərləri dünyanın müxtəlif ölkələrində nümayiş etdirilmiş, müxtəlif medallara layiq görülmüş və rəssam "Salón de la Plástica Mexicana" təşkilatının üzvü seçilmişdir.

Həyatı Luis Filtser 1927-ci ildə Jitomirdə yəhudi ailəsində anadan olmuşdur. O, hələ altı aylıq olarkən ailəsi Rusiya inqilabıından sonra yəhudilərə qarşı başlanan təqiblərdən xilas olmaq üçün ölkəni tərk etməyə məcbur qalmışdır. Ailə üzvləri Ukraynada yaşadıqları ağır günlər haqqında danışmamağa üstünlük vermişlər. Mexikoya gəldikdən sonra onlar La-Laqunilya məhəlləsində məskunlaşmışlar. İspan dilində cəmi bir neçə söz bilən atası əvvəlcə küçələrdə paltar satmaqla məşğul olmuş, daha sonra isə digər mühacirlərlə şərikli şəkildə sviter fabriki açmışdır. Filtser uşaq yaşlarından məktəb təhsilinə maraq göstərməsə də, rəsm çəkməyi öyrənmişdir. Eyni zamanda o, atasının işlərinə kömək etmək məqsədilə mühasibatlığı da mənimsəmişdir. O, ailə biznesində çalışmağın çətin olduğunu, lakin bu sayəsində çoxlu insanla tanışlıq imkanı qazandığını və tez-tez həmin insanlar üçün əyləncə məqsədilə rəsmlər çəkdiyini qeyd etmişdir.

On altı yaşında San-Karlos Akademiyasına daxil olan Filtser səhərlər rəngkarlıq dərslərində iştirak etmiş, günortalar isə çalışmışdır. O, hər gün işdən sonra vaxtını rəsm çəkməyə həsr etmişdir. Daha sonra üç il müddətində İspaniya rəssamı Xose Bardasanonun emalatxanasında təhsil alaraq diqqətini rəsm və rəngkarlığa yönəltmişdir.

On yeddi yaşında Vinsent van Qoqun bioqrafiyasını oxuyan Filtser bazar işçilərinin yoxsulluğuna şahidlik edərək onların təsvirlərini yaratmağa başlamışdır. Bu dövrdə o, mədənçilərin həyatını və ağır iş şəraitini öyrənib təsvir etmək üçün Quanaxuatoya getmək qərarına gəlmişdir.

İncəsənət müəllimlərinin dəstəyinə rəğmən, atası rəssamlığı sadəcə bir məşğuliyyət hesab etmişdir. Filtser peşəkar rəssamlıq karyerası qurmaq istəsə də, "Galería Romano"da ilk əsərini satana qədər atasının razılığını ala bilməmişdir.

"Círculo de Bellas Artes" tərəfindən verilən mükafat sayəsində Filtser təqaüd qazanaraq iki il yarım müddətində Paris və Romada təhsil almaq imkanı əldə etmişdir. O, Parisdəki Milli Ali Zərif Sənətlər Məktəbində təhsilinə başlamışdır. Akademiyada modellərin rəsmlərini çəkməklə yanaşı, asudə vaxtlarında balıqçılar, kəndlilər, hamballar, fabrik işçiləri və dilənçilər kimi sadə insanların həyatını kətan üzərinə köçürmüşdür. O, bu fəaliyyətini dostu Xuvenal Sanso ilə birlikdə davam etdirmiş və təhsilini davam etdirmək üçün onunla Romaya yollanmışdır, lakin Romadakı müəlliminin ondan nə üçün daha çox bohem insanları təsvir etmədiyini soruşması rəssamın qəzəbinə səbəb olmuş və o, cəmi bir aydan sonra İtaliya məktəbindən ayrılmışdır. Avropada olduğu müddətdə Filtser London, Madrid, Amsterdam, Roma və Florensiyadakı muzeyləri ziyarət edərək klassik tabloları dərindən öyrənmişdir. O, Fransisko de Qoyyanın əsərləri ilə tanışlığının onun həyatını dəyişdirdiyini və yaradıcılığına böyük təsir göstərdiyini ifadə etmişdir. Eyni zamanda Vinsent van Qoqun sənəti də onun üslubunun formalaşmasında mühüm rol oynamışdır.

Karyera Karyerası ərzində Filtser Meksika, Niderland, Amerika Birləşmiş Ştatları, Belçika, Yaponiya, Fransa, İsrail, İtaliya və Almaniya daxil olmaqla, dünyanın müxtəlif ölkələrində 300-dən çox sərgi keçirmişdir.

O, peşəkar fəaliyyətinə ilk tablosunu satdığı Meksikada başlamış və 1949-cu ildə "Xalq Qrafikası Emalatxanası"nda çalışmışdır. Filtser Meksikanı Çili, Yaponiya və İngiltərədə keçirilən bienallarda təmsil etmiş, bu da onun Paris və Romada təhsil alması üçün təqaüd qazanmasına vəsilə olmuşdur. Onun əsərləri həmçinin İncəsənət Sarayı tərəfindən təşkil edilən və on beş il ərzində dünyanı gəzən "Meksika İncəsənətinin Cəvahiratları" adlı sərgidə yer almışdır.

1957-ci ildə Meksikaya qayıdan Filtser əvvəlcə "Galería Havre" üçün rəsmlər üzərində işləmişdir. Bu sərgidə qazandığı uğur rəssama yenidən Avropaya dönmək və Qüdsü ziyarət etmək imkanı vermişdir. O, həmçinin Amerika Birləşmiş Ştatlarının müxtəlif şəhərlərinə səyahət etmişdir. Bir hollandiyalı qadınla ailə quran Filtser iyirmi il Niderlandda yaşamışdır. Bu müddət ərzində o, ölkənin "De Beyerd", "Bommel van Dam" və "Frans Hals" muzeyləri də daxil olmaqla, bir çox fərdi sərgilər təşkil etmiş, 1988-ci ildə isə Parisdəki Böyük Sarayda (Grand Palais) əsərlərini nümayiş etdirmişdir.

Daha sonra Meksikaya qayıdan rəssamın 1990 və 1991-ci illərdə Mexiko Müasir İncəsənət Muzeyində, 1994-cü ildə Meksika Milli Muxtar Universitetinin (UNAM) Müasir İncəsənət Muzeyində, 1998-ci ildə Mexikodakı Milli Qravür Muzeyində, 2000-ci ildə isə Meksika Mədəniyyət Mərkəzi və "Casa del Risco" muzeyində sərgiləri keçirilmişdir. 2001-ci ildə Sakatekasdakı Fransisko Qoytiya Muzeyində və Amsterdamdakı "Yaski" qalereyasında onun əsərlərindən ibarət nümayişlər təşkil olunmuşdur.

Filtserin yaradıcılığı müxtəlif mükafatlarla yüksəqiymətləndirilmişdir. O, 1949-cu və 1950-ci illərdə "Círculo de Bellas Artes" tərəfindən qızıl və gümüş medallara, 1953-cü ildə isə Xose Klemente Orosko qızıl medalına layiq görülmüşdür. 1998-ci ildə Maastrixt şəhərinin cəngavəri fəxri adına sahib olmuşdur. O, həmçinin "Salón de la Plástica Mexicana" təşkilatının üzvü seçilmişdir.

Bədii üslubu Luis Filtser yaradıcılığının erkən dövrlərindən etibarən dramatikliyi və kəskin ekspressionizmi ifadə etmək üçün işıq-kölgə effektlərindən istifadəyə əsaslanan özünəməxsus estetikasını formalaşdırmışdır. O, güclü və qəfil təsir yaratmaq məqsədilə qatı boya yaxmalarına üstünlük vermişdir. Rəssam özünü Vinsent van Qoq, Fransisko de Qoyya və Xose Klemente Oroskonun sadiq pərəstişkarı elan etmişdir. Van Qoqun mədənçilərin ağır həyatını təsvir edən əsərləri, habelə Qoyyanın müharibə dəhşətlərini əks etdirən tabloları onun sənət dünyasına ciddi təsir göstərmişdir. Xose Klemente Oroskonun təsiri bəzi əsərlərində, xüsusən də sarkastik yanaşmasında özünü büruzə verir. Filtser sənət fəlsəfəsini izah edərkən xəyalları və daxili narahatlıqları da daxil olmaqla, hiss etdiyi hər şeyi kətana köçürdüyünü, emosiyalarını hərəkətə gətirən mövzuları çəkən bir ekspressionist olduğunu bəyan etmişdir.

Onun əsərləri idealizmi tərənnüm etmək əvəzinə, cəmiyyətdə dəyişiklik yaratmaq məqsədilə ədalət və ədalətsizlik mövzularını araşdırmışdır. Rəssamı insanlar arasındakı mənəvi tənəzzül, laqeydlik, dözümsüzlük və anlaşılmazlıq kimi məsələlər dərindən düşündürmüş və o, bu halları öz yaradıcılığında tənqid etmişdir. Onun təsvir etdiyi obrazlar həyat mübarizəsindən yorulmuş bədənləri və yaşanmışlıqları əks etdirən simaları ilə diqqət çəkir. Filtserin seçdiyi mövzular olduqca səmimi və konkret xarakter daşıyır. O, Tlatelolko qətliamı, Las-Veqas kazinoları, Meksika inqilabı və Mexiko metrosu kimi müxtəlif ictimai və tarixi hadisələrə həsr olunmuş əsərlər yaratmışdır.

İstinadlar

Kateqoriya:Meksika rəssamları Kateqoriya:Meksika yəhudiləri Kateqoriya:XX əsr rəssamları Kateqoriya:XXI əsr rəssamları