Baydılda Sarnoqoyev (; ) — SSRİ–Qırğızıstan şairi, 1951-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü. Ədəbiyyat sahəsindəki xidmətlərinə görə Qırğızıstan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir. O, 1986-cı ildə Qırğızıstan Yazıçılar İttifaqının Alıkul Osmonov adına mükafatına, 2000-ci ildə isə Toktoqul Satılqanov adına Dövlət mükafatına layiq görülmüşdür.
Həyatı Baydılda Sarnoqoyev 1932-ci ildə Talas vilayətinin Talas rayonunun Budyonovka kəndində kəndli ailəsində anadan olmuşdur. Kiçik yaşlarından yetim qalan Sarnoqoyev öz kolxozunda altıillik təhsilini tamamladıqdan sonra Frunze şəhərində yerləşən A. S. Puşkin adına 5 nömrəli qırğız orta məktəbinə daxil olmuşdur. Uşaq yaşlarından poeziyaya böyük maraq göstərmiş, şeirlər yazmış və mahnılar bəstələmişdir. 1945-ci ildə, 13 yaşı olarkən "Yaz gəldi" adlı ilk şeiri "Lenin bayrağı" rayon qəzetində dərc edilmişdir. Həmin vaxtdan etibarən gənc şairin əsərləri respublika dövri mətbuatında mütəmadi olaraq işıq üzü görməyə başlamışdır. 1951-ci ildə SSRİ Yazıçılar İttifaqı nəzdindəki A. M. Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və elə həmin il SSRİ Yazıçılar İttifaqının üzvlüyünə qəbul edilmişdir. İnstitutu bitirdikdən sonra, 1956-cı ildən etibarən "Ala-Too" jurnalının redaksiyasında poeziya şöbəsinin müdiri vəzifəsində çalışmış, 1959-cu ildən 1973-cü ilə qədər isə Qırğızıstan Yazıçılar İttifaqında ədəbi məsləhətçi kimi fəaliyyət göstərmişdir. 1973-cü ildən etibarən yaradıcılıq fəaliyyəti ilə məşğul olan Sarnoqoyev 1981-ci ildən bu sahədəki aktivliyini azaltmışdır. Sovet dilçisi Dmitri Şmelyov Sarnoqoyevi istedadlı müəlliflər sırasına daxil edərək onun yaradıcılığını yüksək qiymətləndirmişdir.
Sarnoqoyevin "Şumkar" ("Şahin") adlı ilk şeirlər kitabı 1952-ci ildə nəşr olunmuşdur. Bu toplu müəllifə dərhal böyük şöhrət qazandırmışdır. 1956-cı ildə şairin "Dostlara" adlı ikinci toplusu işıq üzü görmüşdür. Onun 1982 və 1984-cü illərdə nəşr olunan "Aşuudan bergen otçetum" ("Aşırımdakı düşüncələr") adlı poetik məcmusuna görə 1986-cı ildə Qırğızıstan Yazıçılar İttifaqının Alıkul Osmonov adına ədəbi mükafatı verilmişdir. Sarnoqoyevin əsərləri yüksək bədiiliyi və dərin lirizmi ilə seçilməkdədir. Şairin bir çox şeirləri qırğız bəstəkarları tərəfindən musiqiyə bəstələnmiş və dinləyicilər tərəfindən rəğbətlə qarşılanmışdır. Müəllifin əsərləri rus dilinə tərcümə edilərək nəşr olunmuş, ayrı-ayrı şeirləri isə İttifaqın digər respublikalarının mətbuat orqanlarında çap edilmişdir. Baydılda Sarnoqoyev 19 noyabr 2003-cü ildə vəfat etmiş və Ala-Arça qəbiristanlığında dəfn olunmuşdur.
Mirası 2019-cu ildə Talas rayonunun Bekmoldo İşimov adına kənd dairəsindəki Mədəniyyət evinə Baydılda Sarnoqoyevin adı verilmişdir. Bu hadisə münasibətilə Mədəniyyət evində təşkil olunan tədbirdə Joqorku Keneşin deputatı Gülkan Moldobekova, Hökumətin Talas vilayəti üzrə səlahiyyətli nümayəndəsi Marat Murataliyev, Talas rayonunun akimi Zamir Sıdıkov, şairin oğlu Bextiyar Sarnoqoyev və digər rəsmi şəxslər iştirak etmişlər. Tədbir iştirakçıları şairin yaradıcılığının xalq mahnılarına yaxınlığını, onun fikirlərinin oxucunun yaddaşına dərhal həkk olunduğunu və hər zaman hədəfə dəydiyini vurğulamışlar. Həmçinin, Sarnoqoyevin hər zaman həqiqət tərəfdarı və vətənpərvər bir şəxsiyyət olduğu qeyd edilmişdir.
Təltifləri Baydılda Sarnoqoyev ədəbiyyat sahəsindəki fəaliyyətinə görə müxtəlif dövlət mükafatları və ordenlərlə təltif edilmişdir:
"Manas" ordeni (I dərəcəli) (2002-ci il) — qırğız ədəbiyyatının inkişafındakı müstəsna xidmətlərinə görə; "Əmək fərqlənməsinə görə" medalı (1 noyabr 1958-ci il); "Əmək veteranı" medalı; Qırğızıstan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı; "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" medalı; Toktoqul Satılqanov adına Dövlət mükafatı (2000-ci il).
Əsərləri
Rus dilində
İstinadlar
Əlavə ədəbiyyat
Категория:Похороненные на Ала-Арчинском кладбище Kateqoriya:Qırğızıstan şairləri Kateqoriya:SSRİ şairləri