Sahib Əbülqasım İsmayıl ibn Əbbad () () — ərəbdilli ədib, şair, alim, habelə ictimai-siyasi xadim.
Həyatı Sahib ibn Əbbad hicri-qəməri təqvimi ilə 326-cı ildə (sentyabr 938-ci il) Qəzvin yaxınlığındakı Tələqan və ya İstəxr şəhərində anadan olmuşdur. O, Büveyhilər dövlətinə xidmət etmiş və bu dövlətin vəzirlərindən biri olmuşdur. Büveyhilər dövlətinin əsas etiqadı şiəlik və zeydilik olduğu üçün, Sahib də bir vəzir kimi şiəliyi mənimsəmiş və bu məzhəbin zeydilik qolunu qəbul etmişdir. Sahib Büveyhilər dövlətinin Rey qolunun vəziri vəzifəsini icra etmişdir. Onun atası Rüknəddövlənin sarayında yaşayıb yaratmış, özü isə Fəxrəddövlə və Müəyyidəddövlənin saraylarında fəaliyyət göstərmişdir.
Sahibin atası, "Şeyxül-əmin" ləqəbi ilə tanınan Əbül-Həsən Əbbad Rüknəddövlənin vəziri və katibi olmuşdur. O, mötəzililik təliminə dair yazdığı "Əhkamül-Quran" əsəri ilə tanınır. Sahib ilk təhsilini atasından almış, daha sonra təhsilini Büveyhi vəziri, ədib və şair Əbül-Fəzl ibn Amidn yanında davam etdirmişdir. Ədəbiyyat və ərəb dilini İbn Farisin rəhbərliyi altında öyrənmişdir. İbn Faris hətta "əs-Sahibi fi fiqh əl-lüğə" adlı əsərini öz şagirdinə ithaf etmişdir. İbn Faris ilə yanaşı, Sahib Əbül-Fəzl Abbas ibn Məhəmməd Nəhvi, Əbu Səid Sirafi, İbn Miqşam Əttar, Abdullah ibn Cəfər ibn Faris və dövrün digər görkəmli alimlərindən dərs almışdır. O həmçinin, Əbu Məhəmməd ibn Faris və Əhməd ibn Şəcər kimi hədisşünaslardan təhsil almışdır. Sonradan o, "Beytət-tövbə" adlanan evində şəxsən hədislər rəvayət etmişdir. Sahibə kəlam, tarix və filologiya sahələrinə dair 25-dən çox elmi əsər aid edilir.
Sahib uşaqlıq illərindən Büveyhilər dövlətinin Rey qolunu idarə edən Rüknəddövlənin oğlu Müəyyidəddövlə ilə dostluq etmişdir. İbn Xəllikan onun "əs-Sahib" ləqəbini daşıyan ilk vəzir olduğunu qeyd etmiş və bildirmişdir ki, Əbül-Fəzl ibn Amidə yaxınlığına görə ona "Sahib ibn Amid" (İbn Amidin dostu) deyilmişdir. Bu ad vəzir rütbəsini aldıqdan sonra da onun üzərində qalmışdır. Digər bir versiyaya görə, İbn Əbbad hələ uşaqlıqdan bu ləqəblə tanınmış və uşaqlıq dostu Müəyyidəddövlə onu "Əbbadi-Sahib" deyə çağırmışdır. Həmçinin qeyd olunmuşdur ki, Müəyyidəddövlə bu ləqəbi Sahibə onun alicənablığına görə vermişdir.
Sahib ilk dəfə saray mühitinə təxminən 958-ci ildə daxil olmuşdur. Başlanğıcda o, İbn Amidin katibi kimi fəaliyyət göstərmiş, lakin 970-ci ildən etibarən İsfahanda Müəyyidəddövlənin vəziri rütbəsinə qədər yüksəlmişdir. İsfahanda olduğu müddətdə Sahib ədəbi məclislər təşkil etmişdir. O, gənc yaşlarından yazdığı şeirlərlə şöhrət qazanmışdır. 976-cı ildə Rüknəddövlənin vəfatından sonra taxta çıxan Müəyyidəddövlə Rey şəhərinə Sahibin müşayiəti ilə gəlmişdir. Sahib dövlət işlərini mükəmməl idarə etdiyi və heç kimin köməyinə ehtiyac duymadığı üçün Müəyyidəddövlə tərəfindən ona "Kafi əl-kufat" (ən bacarıqlı, başqasına ehtiyacı olmayan) ləqəbi verilmişdir.Низам аль-Мульк. Сийасат-наме
Müəyyidəddövlənin vəfatından (983-cü il) sonra Sahib Xorasana qaçmış və Samanilərin yanında gizlənən Fəxrəddövlənin taxta çıxması üçün böyük səy göstərmişdir. Fəxrəddövlə Büveyhilər dövlətinin rəhbərliyinə keçdikdən sonra Sahib ibn Əbbad vəzifəsindən ayrılmaq istədiyini bildirmişdir, lakin hökmdar onun bu xahişini rədd etmişdir. Zaman keçdikcə vəzir dövlətin, demək olar ki, bütün işlərini öz əlinə almış və ölkəni idarə etmişdir. O həmçinin, müxtəlif hərbi yürüşlərdə iştirak etmiş, bir sərkərdə kimi 50 qalanı fəth etmişdir.
Büveyhilər dövlətində vəzir olduğu dövrdə o, dağıdılmış Qəzvin şəhərini bərpa etmiş, orada yeddi qapı və iki yüz altı qüllə inşa etdirmişdir. Bundan əlavə, Qum şəhəri üçün bir neçə kanal çəkdirmiş və vergilərin on deyil, on iki hissədə toplanması barədə göstəriş vermişdir. Onun əmri ilə İsfahanda Corcir məscidi ucaldılmışdır. 984-cü ildə Cürcanda Musa ibn Cəfərin övladlarından biri olan Məhəmməd ibn Cəfər Dibacın məzarını bərpa etdirmişdir. O həmçinin, Qazı Əbdülcabbarı Cürcan, Təbəristan və ətraf ərazilərin qazısı vəzifəsinə təyin etmişdir.
Sahib ibn Əbbad hicri-qəməri təqvimi ilə 385-ci il səfər ayının 24-də (30 mart 995-ci il) Rey şəhərində vəfat etmişdir. Məzarı İsfahan şəhərindədir. Aralarındakı dostluq münasibətlərinə və vaxtilə Sahib tərəfindən "qazıl-quzat" (qazılar qazısı) rütbəsinə yüksəldilməsinə baxmayaraq, Qazı Əbdülcabbar Sahibin tövbə etmədən öldüyünü bəhanə etmiş, onun cənazə namazını qılmaqdan imtina etmişdir. Bu səbəbdən Fəxrədddövlə onu vəzifəsindən kənarlaşdırmış və yerinə Qazı Əbül-Həsən Cürcanini təyin etmişdir.
İstinadlar
Əlavə ədəbiyyat
Pomerantz, M.A. (2021). Adab and governance in two letters of al-Ṣāḥib b. ʿAbbād. History Compass, e12684. https://doi.org/10.1111/hic3.12684 Dehxuda. Lüğətnamə. S-Saieh ibnNəsr. — Tehran, 1333. İlyas Çələbi. Sahib b.Abbad. TDV İslam ansiklopedisi, cild 35 / İlyas Çələbi. — Istanbul, 2008. Əbu Nəsr İsmail b.Həmmad əl-Cövhəri. Kitabul — qavafi. Hazırlayan dr. Kənan Dəmirayaq. — Ərzurum, 1995. Əbu Nəsr İsmail b. Həmmad əl-Cövhəri. Kitabu arudul-varaqa. Hazırlayan doç.dr. M.Sədi Çögenli. — Ərzurum, 1994. Tərlan Quliyev. Əruz və qafıyəşünaslıq tarixi (VIII—XVI əsrlər) / Tərlan Quliyev. — Bakı, 1998. Nihad M. Çetin. Əbu Nəsr Ismail b. Həmmad əl-Cövhəri. Kitabu arudul-varaqa. Hazırlayan doç.dr. M.Sədi Çögenli / Nihad M. Çetin. — Ərzurum, 1994. Əkrəm Cəfər. Əruzun nəzəri əsasları və Azərbaycan əruzu / Əkrəm Cəfər. -Bakı, 1977. Sahib bin Əbbad. Əl-İqna fıl əruz və təxricil qəvafi / Sahib bin Əbbad. -Bagdad, 1960. Məhəmməd Həsən Ai-e Yasin. Sahib bin Əbbad. Əl-İqna fıl əruz və təxricil qəvafi / Məhəmməd Həsən Ai-e Yasin. — Bagdad, 1960.
Kateqoriya:Mötəzilə