Həkim Şərəfəddin Həsən İsfahani və ya Şəfayi İsfahani (; ) — XVI–XVII əsrlər Səfəvilər imperiyasında fəaliyyət göstərmiş həkim və şair, eyni zamanda Şah I Abbasın (hakimiyyəti: 1587–1629-cu illər) məliküşşüarası. Sənai tərəfindən qələmə alınmış "Hədiqətül-həqiqə" əsərinə bənzədilmiş formada yazılmış "Nəməkdani-həqiqət" adlı didaktik məsnəvisi onun ən dəyərli əsəri hesab olunmuşdur. Dövrünün müəllifləri Şəfayinin kəskin və tez-tez rast gəlinən sarkastik yumorunu tənqid etmiş, lakin onu öz zəmanəsinin ən böyük şairlərindən biri kimi qəbul etmişdilər.
Şəfayi güclü vətənpərvərlik hissləri səbəbindən həmin dövrdə geniş yayılmış bir tendensiya kimi iranlıların Hindistana mühacirət etməsini kəskin tənqid etmişdir. O, öz müasirləri ilə müqayisədə daha müxtəlif üslublarda, o cümlədən o zaman həm Hindistanda, həm də İranda populyar olan Hind üslubunda (İsfahan və ya Səfəvi üslubu kimi də tanınır) əsərlər yaratmışdır.
Zəmin İsfahan şəhərində anadan olan Şəfayi 1549-cu və ya 1558/59-cu illərdə həkim ailəsində anadan olmuşdur. Onun atası Həkim Molla alim Qiyasəddin Mənsur Dəştəkinin yanında təhsil almış və İsfahanın Came məscidində həkim kimi fəaliyyət göstərmişdir. Şəfayi tibb və digər elmi fənləri atasının, daha sonra isə qardaşı Həkim Nasirin rəhbərliyi altında öyrənmişdir. O həmçinin, təsəvvüf elmi ilə də məşğul olmuşdur, lakin daha çox yaradıcılıq və hobbi kimi gördüyü poeziyası ilə tanınmışdır. Bununla belə, onun əsas gəlir mənbəyi həkimlik fəaliyyəti olmuşdur. O, Şah I Təhmasibin (hakimiyyəti: 1587–1629) sarayında həkim kimi çalışmışdır.
Karyerası Şəfayi öz qəzəllərini Baba Fəqani Şirazi, bəzən isə Hafiz və Sədi Şirazi üslubunda qələmə almışdır. Onun qəsidələri Xaqani üslubuna əsaslanmışdır. O həmçinin, məsnəvi və digər poetik formalarda da əsərlər yaratmışdır. Müəllifin ən görkəmli əsəri hesab edilən didaktik mahiyyətli "Nəməkdani-həqiqət" məsnəvisi Sənai tərəfindən yazılmış "Hədiqətül-həqiqə" əsərinə bənzədilmiş formada qələmə alınmışdır. Bu səbəbdən bəzən yanlışlıqla müəllifliyi Sənaiyə aid edilir. Şəfayi Nizami Gəncəvinin "Məxzənül-əsrar" və "Xosrov və Şirin" əsərlərindən ilhamlanaraq müvafiq olaraq "Didari-bidar" və "Mehrü-Məhəbbət" (və ya "Məhəbbətnamə") adlı digər iki məsnəvisini də yazmışdır. Üçüncü məsnəvisi olan "Məcməül-bəhreyn" (və ya "Mətləül-ənvar") Xaqaninin "Töhfətül-İraqeyn" əsərinin təsiri ilə ərsəyə gəlmişdir. O həmçinin, 1961-ci ildə Tehranda Əhməd Gülçin Maani tərəfindən nəşr olunan bir "Saqinamə"nin müəllifidir. Şəfainin sağlığında təxminən 5000 beytdən ibarət şeirlər toplusu Hindistana aparılmışdır. 1630/31-ci illərdə Mirzə Məhəmməd Tağı Dövlətabadi şairin şeirlərindən ibarət təxminən 20.000 beytdən ibarət ətraflı külliyyat hazırlamışdır.
Şəfayinin yaşadığı dövrdə iranlıların Hindistana köç etməsi geniş yayılmış bir hal idi və o, güclü vətənpərvərlik hissləri ilə bu meyli tənqid etmişdir. Qəzəllərində istifadə etdiyi dil və obrazlar Hind üslubuna xas mübaliğələrdən uzaq olmuşdur, lakin onlar hələ də bu ənənənin bir parçası hesab olunur. Hindistanda yaradılan fars ədəbiyyatında daha qabarıq göründüyü üçün belə adlandırılan Hind üslubu XVII və XVIII əsrin əvvəllərində Səfəvi sarayında da geniş yayılmışdı. Bu səbəbdən həmin üslub bəzən İsfahan və ya Səfəvi üslubu olaraq da xatırlanır. Hind üslubu ilə yanaşı, Şəfayi bir çox görkəmli fars şairlərinin yaradıcılığına dərindən bələd olduğu və bəzilərinin şeirlərinə cavablar (nəzirələr) yazdığı üçün müasirlərindən daha fərqli və zəngin üslublarda əsərlər meydana gətirmişdir.
Şəfayi Şah I Abbasın (hakimiyyəti: 1587–1629-cu illər) yaxın həmdəmi, həkimi və məliküşşüarası olmuşdur. Şah ona böyük qiymət vermiş, "məliküşşüara və mümtazi-İran" () fəxri adını bağışlamışdır. Məliküşşüara statusuna malik olmasına baxmayaraq, Şəfayi şeirlərində bu məqamından bəhs etməmiş, hakim elitanın rəğbətini qazanmağa çalışan tipik saray şairi kimi davranmamışdır. Bununla belə, o, saray etiketlərinə hər zaman riayət etmişdir. Məsələn, Şah I Abbasın dəvəti ilə Mazandaran vilayətinə getmiş və burada şahın Fərəhabad şəhərindəki fəaliyyətini mədh etmişdir. Dövrünün müəllifləri Şəfainin kəskin və tez-tez rast gəlinən sarkastik yumorunu tənqid etmiş, lakin onu öz zəmanəsinin ən böyük şairlərindən biri kimi qəbul etmişlər. Şəfayi yazdığı qısa bir şeirdə həcvlərinə görə Şah I Abbasdan üzr istəmiş, bunun onun təbiətinin ayrılmaz bir hissəsi olduğunu bildirmiş və "kəhrəbanın samanı çəkmək xüsusiyyətini ondan uzaqlaşdırmaq mümkün olmadığı kimi, həcv yazmağın da özündən asılı olmadığını" vurğulamışdır. Şəfainin satirik mülahizələri hər zaman düşmənçilik xarakteri daşımamışdır. Belə ki, o və Əvhədi Bəlyani bir-birləri haqqında kəskin həcvlər yazmalarına baxmayaraq, yaxın dost və yol yoldaşı olaraq qalmışdılar. Şəfayi şən və bəzən sərbəst davranışlarına görə Şah I Abbasın kürəkəni, şair Əsiri-İsfahani ilə sıx münasibət saxlamış, həmçinin yazıçı Fəsihi Ənsari ilə də yaxın olmuşdur.
Bəzi müasir mənbələrin bu faktı mübahisələndirməsinə baxmayaraq, Şəfayi və Məsih Kaşaninin XVII əsrin görkəmli şairi Saib Təbrizinin müəllimləri olduqları qeyd edilmişdir. Şəfainin digər tələbələri arasında Fəzli Cərbazaqani, Tabi Qəzvini, Molla Əfzal Hümməti və Baqiə Müsənnif kimi şəxslər yer almışdır. Şəfai ömrünün böyük hissəsini İsfahanda keçirmiş, 9 may 1628-ci ildə orada vəfat etmiş və daha sonra Kərbəlada dəfn olunmuşdur. Onun Məhəmməd Rəqib adlı bir oğlu olmuşdur. O, həkimlik fəaliyyəti ilə məşğul olmuşdur.
Bəzi mənbələrdə Şəfayi İsfahani Səfəvilər dövrünün digər tanınmış həkimi və "Qarabadin" əsərinin müəllifi olan Müzəffər ibn Məhəmməd Hüseyni Şəfayi Kaşani İsfahani ilə qarışıq salınmışdır.
Qeydlər
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Fars dilində yazan şairlər Kateqoriya:XVI əsr şairləri Kateqoriya:XVII əsr şairləri