Yuliya Borisovna Navalnaya (; ) — Rusiyalı siyasi aktivist və iqtisadçı. Rusiya müxalifət lideri Aleksey Navalnının dul qadını olan Navalnaya, mediada Rusiya müxalifətinin "birinci xanımı" kimi xarakterizə edilir.

Həyat yoldaşının ölümündən sonra Navalnaya onun işini davam etdirəcəyini elan edərək, özünü mühacirətdəki Rusiya müxalifətinin digər lideri kimi təqdim edib. 1 iyul 2024-cü il tarixindən etibarən o, İnsan Haqları Fondunun (Human Rights Foundation) sədri vəzifəsində çalışır, eyni zamanda mərhum həyat yoldaşı Aleksey Navalnının 2011-ci ildə əsasını qoyduğu Korrupsiya ilə Mübarizə Fonduna rəhbərlik edir.

Həyatı Yuliya Abrosimova (Navalnaya) 1976-cı il iyulun 24-də Moskvada, elmi işçi Boris Aleksandroviç Abrosimov (1952–1996) və Alla Vladimirovna Abrosimovanın ailəsində anadan olub. Anası yüngül sənaye nazirliyində çalışıb. Yuliya beşinci sinifdə oxuyarkən valideynləri boşanıb, daha sonra anası SSRİ Dövlət Plan Komitəsinin (Qosplan) əməkdaşı ilə ikinci dəfə ailə qurub.

2020-ci ildə jurnalist Oleq Kaşin Yuliyanın atasının hazırda yaşayan, Rusiyanın Böyük Britaniyadakı səfirliyinin katibi və xüsusi xidmət orqanları ilə əlaqəli olan Boris Borisoviç Abrosimov olduğunu, xalasının isə Rusiya konstitusiyasının müəlliflərindən biri Yelena Borisovna Abrosimova olduğunu iddia edib. Yuliyanın həyat yoldaşı buna cavab olaraq onun atasının 1996-cı ilə aid ölüm şəhadətnaməsini dərc edib. Sonradan Kaşin yanlış məlumat yaydığına görə üzr istəyib.

Yuliya Plexanov adına Rusiya İqtisad Akademiyasının Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib, daha sonra xaricdə təcrübə keçib, aspiranturada təhsil alıb və bir müddət Moskva banklarından birində işləyib.

Aleksey Navalnı ilə nikah alt=see caption|left|thumb|Navalnaya 12 iyun 2013-cü ildə Moskvada keçirilən yürüşdə Aleksey Navalnı ilə birlikdə 1998-ci ilin yayında Türkiyədə istirahətdə olarkən Yuliya özü ilə həmyaşıd olan moskvalı hüquqşünas Aleksey Navalnı ilə tanış olub. 2000-ci ildə o, Navalnı ilə ailə qurub, daha sonra iki övladı — qızı Darya (2001) və oğlu Zaxar (2008) dünyaya gəlib. Yuliyanın öz sözlərinə görə, o, həyat yoldaşının valideynlərinə onların toxuma sənəti (səbət toxuma) ilə bağlı biznesində kömək edib. Ümumilikdə, onun əmək fəaliyyəti haqqında demək olar ki, heç nə məlum deyil. 2007-ci ildən sonra Yuliya heç yerdə rəsmi işləməyib, özünü "məişət məsələləri və uşaq tərbiyəsi üzrə əsas şəxs" adlandırıb.

Bəzi məlumatlara görə, 2000-ci ildə Navalnaya həyat yoldaşı ilə birlikdə "Yabloko" partiyasına daxil olub və 2011-ci ildə oradan çıxıb.

Müəyyən vaxtdan sonra (2007-ci ildən sonra) Aleksey Navalnı bloqer və müxalif siyasətçi kimi ümum-Rusiya şöhrəti qazanıb. Yuliya ərinin ilk katibi və köməkçisi olub. Ailənin həyatı nəzərəçarpacaq dərəcədə ictimailəşib, beləliklə Navalnaya "Rusiya müxalifətinin birinci xanımı" kimi diqqət mərkəzinə düşüb. Müşahidəçilər qeyd edirlər ki, o, heç vaxt özünü müstəqil fiqur kimi təqdim etməyə çalışmayıb. Yuliya həmişə sadiq bir həyat yoldaşı və silahdaş ("dekabrist xanımı" kimi) davranıb, həyat yoldaşına lazım olduğu təqdirdə kəskin çıxışlara və qətiyyətli addımlara hazır olub, lakin birbaşa siyasətlə bağlanmayıb.

O, bir sıra mitinqlərdə çıxış edib. 2018-ci ilin sentyabrında Aleksey Navalnını "duel"ə çağıran Rusiya Qvardiyasının rəhbəri Viktor Zolotovu "oğru, qorxaq və həyasız bandit" adlandırıb. 2020-ci ilin sentyabrında Alekseyin müalicəsində Almaniya-Rusiya əməkdaşlığının tərəfdarı kimi çıxış edən həkim Leonid Roşalı isə "həkim kimi deyil, dövlətin səsi kimi" çıxış etməkdə ittiham edib. alt=Navalnaya and Navalny hugging after Navalny's release from custody after a successful appeal to the prosecutor's office on 19 July 2013|thumb|19 iyul 2013-cü ildə prokurorluğa uğurlu müraciətdən sonra Navalnının həbsdən azad edilməsindən sonra Yuliya və Aleksey Navalnı qucaqlaşırlar. 2020-ci ilin payızında, həyat yoldaşı "Noviçok" qrupundan olan zəhərlə zəhərlənib Omskda təcili xəstəxanaya yerləşdirilən zaman Yuliyanın davranışı böyük ictimai rezonans doğurub. Navalnaya Alekseyin müalicə üçün Almaniyaya buraxılmasını tələb edib və birbaşa Rusiya prezidenti Vladimir Putinə müraciət ünvanlayıb. O, həyat yoldaşının ardınca Berlinə gedib, onun 18 gün komada qaldığı "Şarite" klinikasında yanında olub. Daha sonra Navalnı bu barədə Instagram-da bir yazı paylaşıb ki, "Novaya qazeta" müxbirinin sözlərinə görə, həmin yazı "görünür, Rusiya siyasət tarixinə həmişəlik daxil olub". O, hekayəsinin sonunda "Yulya, sən məni xilas etdin" deyə yazıb. "Novaya qazeta"nın versiyasına görə, Navalnaya 2020-ci ilin "İlin Qəhrəmanı" seçilib. Avropanın bütün aparıcı KİV-ləri onun fəaliyyətini diqqətlə izləyib və sosial şəbəkələrdəki paylaşımlarından sitatlar gətirib.

2021-ci ilin yanvarında Yuliya həyat yoldaşı ilə birlikdə Rusiyaya qayıdıb. Aleksey sərhəd nəzarətində saxlanıldıqdan sonra o, bəyanatla çıxış edərək bu həbsin və Vnukovo hava limanının bağlanmasının Rusiya hakimiyyətinin Navalnıdan qorxusunun təzahürü olduğunu bildirib. O, "Aleksey qorxmadığını dedi, mən də qorxmuram. Hamınızı da qorxmamağa çağırıram" deyə bəyan edib. Daha sonra Navalnaya hüquq-mühafizə orqanlarını onu "xalq düşməninin arvadı kimi təqib etməkdə" ittiham edib. O, Instagram-da "37-ci il gəlib çatdı, biz isə hiss etmədik" deyə yazıb. Yanvarın 21-də Yuliya ərinin azadlığa buraxılmasını tələb etmək üçün mitinqə gedəcəyini elan edib. 23 yanvar etiraz aksiyası zamanı saxlanılsa da, elə həmin axşam sərbəst buraxılıb. 2021-ci ilin fevralında Navalnaya uşaqları ilə birlikdə Rusiyanı tərk edib. Həyat yoldaşının həbsdə olduğu müddətdə o, həbsxanada onunla 5 dəfə görüşə bilib.

Aleksey Navalnının ölümündən sonra thumb|Yuliya Navalnaya, 2024-cü il Rusiya prezident seçkiləri zamanı Berlindəki Rusiya səfirliyinin qarşısında keçirilən "Putinə qarşı" etiraz aksiyasında, 17 mart 2024-cü il 16 fevral 2024-cü ildə, həyat yoldaşının ölüm xəbərindən bir neçə saat sonra Yuliya Navalnaya Münhen təhlükəsizlik konfransında çıxış edərək dünyanı Vladimir Putinə və onun rejiminə qarşı birləşməyə çağırıb.

19 fevral 2024-cü ildə Navalnaya həyat yoldaşının "işini davam etdirəcəyini" elan edib. Elə həmin gün o, Brüsseldə Avropa İttifaqı liderləri ilə görüşüb. Aİ-nin Beynəlxalq İşlər üzrə Şurasının iclasında o, Rusiyada keçiriləcək prezident seçkilərinin nəticələrini tanımamağa və Rusiya elitasına qarşı sanksiyaları gücləndirməyə çağırıb. 22 fevral 2024-cü ildə Yuliya Navalnaya ABŞ prezidenti Co Bayden ilə görüşüb.

2024-cü ilin aprelində "Time" jurnalı 2024-cü ilin ən nüfuzlu yüz adamının siyahısını dərc edib və Yuliya Navalnayanı "liderlər" kateqoriyasına daxil edib. Müşayiətedici mətndə ABŞ-ın vitse-prezidenti Kamala Harris Navalnayanın "müstəsna fədakarlığını və gücünü" qeyd edib. Elə həmin vaxt o, həyat yoldaşının ölümündən sonra "Time" jurnalisti Saymon Şusterə ilk müsahibəsini verib. Navalnaya Putini özünün düşməni adlandırıb və ona qarşı mübarizə aparacağını bildirib.

Navalnı cütlüyü "Rusiyadakı amansız diktaturaya qarşı cəsarətli və zorakılıqdan kənar mübarizəyə görə" Almaniyanın "Media Azadlığı Mükafatı" ilə təltif olunub. Mükafat Bavariyanın Qmund-an-Teqernze şəhərində keçirilən mərasimdə Yuliya Navalnayaya təqdim edilib. Mayın əvvəlində Navalnaya və Korrupsiya ilə Mübarizə Fondu Almaniyanın "Deutsche Welle" media şirkətinin "Söz Azadlığına görə" mükafatına layiq görülüb. Mayın 12-də isə Navalnayaya həyat yoldaşına ölümündən sonra verilmiş "Drezden Sülh Mükafatı" təqdim olunub. Yuliya mükafatın pul hissəsini siyasi məhbuslar Liliya Çanışeva və Kseniya Fadeyevanın ailələrinə köçürəcəyinə söz verib.

2024-cü il iyulun 1-də Navalnaya İnsan Haqlarını Müdafiə Fondunun sədri seçilib. 8 iyul 2024-cü ildə Moskvann Basmannı rayon məhkəməsi İstintaq Komitəsinin vəsatəti ilə onu ekstremist birlikdə iştirak ittihamı ilə qiyabi həbs edib. İyulun 11-də Navalnaya Rusiyanın terroristlər və ekstremistlər siyahısına daxil edilib.

2024-cü ilin sentyabrında Navalnaya Sloveniyada keçirilən strateji forumda çıxış edərək Rusiyanın "dekolonizasiyası" tərəfdarlarını tənqid edib: "Bəs Rusiya haqqındakı müzakirələr necə olur? Biz Putinin nə istəyirsə ona verilməli olduğunu açıq və çəkinmədən deyənləri asanlıqla tapırıq… Biz bütün rusiyalıların Putini səmimi-qəlbdən dəstəklədiyini iddia edənləri də asanlıqla tapırıq… Nəhayət, Rusiyanın təcili şəkildə "dekolonizasiya" edilməli olduğunu danışanları da tapırıq. Guya bizim həddindən artıq böyük ölkəmizi bir neçə onlarla kiçik və təhlükəsiz dövlətlərə bölmək lazımdır. Doğrudur, "dekolonizatorlar" ümumi keçmişi və mədəni konteksti olan insanların niyə süni şəkildə bölünməli olduğunu izah edə bilmirlər. Bunun ümumiyyətlə necə baş verməli olduğunu da xəbər vermirlər."

Siyasi perspektivlərin qiymətləndirilməsi thumb|left|Yuliya Vladimir Qaramirzə, İlya Yaşin və Ruslan Şavəddinov Berlində müharibə əleyhinə etiraz aksiyasında, 17 noyabr 2024-cü il thumb|Prezident Co Bayden 22 fevral 2024-cü ildə Kaliforniyanın San-Fransisko şəhərində Yuliya Navalnaya ilə görüşür. Həyat yoldaşının fəaliyyəti sayəsində Yuliya hələ 2015-ci ildə "Exo Moskvı"nın versiyasına görə Rusiyanın yüz ən nüfuzlu qadını siyahısına daxil olub. Navalnı şərti cəza aldıqdan sonra həyat yoldaşının onun əvəzinə prezidentliyə namizədliyini irəli sürə biləcəyi barədə fikirlər səslənib. Kseniya Sobçakın dediyinə görə, o, 2018-ci ildə bu variantı Alekseyə təklif edib, lakin o, "Səslər ötürülmür" deyərək bu təklifi rədd edib. 2020-ci ilin sentyabrında, Navalnının zəhərlənməsindən sonra Yuliyanın artıq müstəqil siyasi rol oynamağa başladığı və bütün müxalifətin lideri — "Rusiyanın Tixanovskayası" ola biləcəyi barədə rəylər yaranmağa başlayıb. Onun müsbət tərəfləri kimi xoş xarici görünüşü, ləkəsiz bioqrafiyası, danışıq qabiliyyəti və "inqilabçı həyat yoldaşı" obrazı göstərilib. "Exo Moskvı" və "Dojd" telekanalı Yuliyanı İndira Qandi, Bənazir Bhutto, Violeta Çamorro və Korason Akino ilə eyni sıraya qoyub. Hadisələrin bu cür gedişatının az ehtimal olunduğunu deyən rəylər də səslənib.

Marat Gelman Yuliyanın bir siyasətçi kimi gələcəyini proqnozlaşdırıb. O qeyd edib ki, "həyat yoldaşını ölümdən xilas edən" Navalnaya artıq güclü siyasi fiqura çevrilib və indi Rusiyada azad seçkilərdə Putindən başqa hər kəsə qalib gələ bilər. Almaniya mediasında Navalnayanın 2021-ci il seçkilərində Dövlət Dumasına deputatlığa namizədliyini irəli sürəcəyi ehtimalı səslənib; daha sonra onun bunu "Yabloko" partiyasından edə biləcəyi və istənilən seçki dairəsində asanlıqla qələbə qazanacağı barədə fikirlər irəli sürülüb. 2021-ci ilin fevralında "Biznes-vətənpərvərlər Assosiasiyası" Dövlət Duması və Federasiya Şurasının spikerlərinə müraciət edərək "xarici agentlərin" və onların yaxın qohumlarının namizədliyini qadağan edən qanunvericilik dəyişiklikləri istəyib; məktubda bu dəyişikliklərin məqsədinin məhz Navalnayanın seçkilərə buraxılmaması olduğu açıq şəkildə bildirilib.

Politoloq Sergey Markov 2021-ci ilin əvvəlində Navalnayanın, əgər bu post Lyubov Sobola qismət olmasa, Korrupsiya ilə Mübarizə Fonduna rəhbərlik edə biləcəyini ehtimal edib. 18 yanvar 2021-ci ildə, Navalnının həbsindən dərhal sonra politoloq Andrey Manoylo Yuliyanın artıq bütün Rusiya müxalifətinə rəhbərlik edə biləcəyini bəyan edib.

Yazıçı Dmitri Bıkovun sözlərinə görə, Navalnaya ona Lyudmila Petruşevskayanın qəhrəmanını xatırladır: o, "özündən daha güclü şərtlərlə qarşılaşıb, lakin hansısa bir möcüzə ona dünya şərinə qalib gəlməyə kömək edir".

İstinadlar

Xarici keçidlər

Yulia Navalnaya's blog on the website of the radio station :en:Echo of Moscow (since 2018). — speech at a rally on Sakharov Avenue on 6 September 2013. — interview on channel vDud, 5 October 2020. Юлия Навальная на сайте "Эхо" Блог Юлии Навальной на сайте радиостанции ":ru:Эхо Москвы", c 2018 по 2022 год. — "Дождь", ноябрь 2024 года. — выступление на митинге на проспекте Сахарова, 6 сентября 2013 года. — интервью на канале ":ru:вДудь", 5 октября 2020 года. — обращение на канале "Алексей Навальный", 19 февраля 2024 года.