Prussiya Elmlər Akademiyası (), Almaniyanın paytaxtı Berlində yerləşən nüfuzlu bir elm müəssisəsi idi. Akademiya 11 iyul 1700-cü ildə Brandenburq kürfürstü III Fridrix tərəfindən Kurfürstlich Brandenburgische Societät der Wissenschaften adı ilə təsis edilmişdir. Akademiyanın ilk prezidenti məşhur alim Qotfrid Leybnits olmuşdur. XVIII əsrdə fransız dili Avropada elm və mədəniyyət dili hesab edildiyi üçün akademiyanın fəaliyyətində fransızca üstünlük təşkil edirdi.

İkinci Dünya müharibəsindən sonra Şərqi Berlindəki Sovet hərbi administrasiyası tərəfindən akademiyanın fəaliyyəti bərpa edilmiş və o, Berlin Alman Elmlər Akademiyası () adlandırılmışdır. 1992-ci ildən etibarən təşkilat Berlin-Brandenburq Elmlər Akademiyası kimi fəaliyyətini davam etdirir.

Akademiya tarixi boyu İmmanuel Kant, Volter, Aleksandr fon Humboldt, Herman fon Helmholts və Albert Eynşteyn kimi dahi şəxsiyyətlərin elmi fəaliyyətinə ev sahibliyi etmişdir.

Tarixi

Akademiyanın yaradılması haqqında fərmanı Brandenburq kürfürstü I Fridrix imzalamışdır. Akademiyanın təşkili onun ilk prezidenti olmuş Qotfrid Leybnitsin fəal iştirakı ilə həyata keçirilmişdir. Akademiya təsis edildiyi zaman Leybnitsin təklifi ilə Kürfürstlü Brandenburg Elmi Cəmiyyəti () adını almışdır. Kürfürst akademiyanın fəaliyyətini birbaşa maliyyələşdirməkdən imtina etsə də, əvəzində ona Brandenburqda təqvimlərin nəşri üzrə inhisar hüququ vermişdi.

1701-ci ildə imperator I Fridrixə Prussiya kralı titulu vermiş və akademiyanın adı Kral Prussiya Elmi Cəmiyyəti () olaraq dəyişdirilmişdir. Cəmiyyət elmi tədqiqatlar üçün Berlin rəsədxanası (1709), Anatomiya teatrı (1717) və Botanika bağı (1718) ilə təmin olunmuşdur. 1710-cu ildə təşkilatın nizamnaməsi qəbul edilmişdir. Lakin qeyri-kafi maliyyələşməyə görə cəmiyyətin elmi nüfuzu uzun müddət aşağı səviyyədə qalmışdır.

thumb|Unter-den-Linden küçəsindəki Berlin Dövlət Kitabxanasının binasına giriş (keçmiş Prussiya Elmlər Akademiyasının binası)

1744-cü ildə, II Fridrixin hakimiyyəti dövründə təşkilatın adı Kral Elmlər Akademiyası () şəklində dəyişdirilmişdir. Akademiyanın maliyyə təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, laboratoriya ilə təmin edilmiş (1753) və rəhbərliyə birinci dərəcəli alimlər dəvət olunmuşdur. 1812-ci ildə akademiya yenidən strukturlaşdırılmışdır: yeni nizamnamə qəbul edilmiş və fəaliyyəti uzunmüddətli elmi layihələrin işlənməsinə yönəldilmişdir. Bu dövrdə Prussiya Akademiyası nüfuzlu bir elm ocağı kimi tam formalaşmışdır. XX əsrdə nasistlərin hakimiyyəti illərində akademiya "irqi təmizləməyə" məruz qalmışdır.

Şərqi Almaniyada elmin sonrakı inkişafı üçün əhəmiyyəti

Müharibədən sonra, 1 iyul 1946-cı ildə Sovet hərbi administrasiyası tərəfindən Berlində Alman Elmlər Akademiyası (1972-ci ildən — ADR Elmlər Akademiyası) təsis edilmişdir. Prussiya Elmlər Akademiyasının bir sıra üzvləri, əmlakı və elmi layihələri bu yeni təşkilatın tərkibinə daxil olmuşdur.

Almaniyanın yenidən birləşməsindən sonra ADR Elmlər Akademiyası ləğv edilmişdir. Onun mülkiyyəti və layihələri yeni yaradılmış federal torpaqların və müxtəlif elmi birliklərin tabeliyinə verilmişdir. 21 may 1992-ci ildə Berlin və Brandenburq torpaqları arasında müştərək regional Berlin-Brandenburq Elmlər Akademiyasının yaradılması haqqında müqavilə imzalanmışdır. ADR Elmlər Akademiyasının əmlakı və layihələri bu təşkilata təhvil verilmişdir. Yeni akademiyanın yaradılması həm də Prussiya Elmlər Akademiyasının elmi ənənələrinin bərpası kimi qiymətləndirilmişdir.

İstinadlar

Əlavə ədəbiyyat siyahısı

Berlin-Brandenburg Academy of Sciences and Humanities (publishers): A History of more than 300 Years. The Berlin-Brandenburg Academy of Sciences and Humanities, formerly the Prussian Academy of Sciences. second, revised edition. Berlin 2020. ISBN 978-3-939818-82-3. (19,6 MB, English and German in parallel, retrieved 2026-02-06). Berlin-Brandenburgische Akademie der Wissenschaften (Hrsg.): Vertrieben aus rassistischen Gründen. Ausstellung im Rahmen des Berliner Themenjahres 2013 „Zerstörte Vielfalt. Berlin 1933–1938–1945“, BBAW, Berlin 2013

Xarici keçidlər

MacTutor, The Berlin Academy of Science, University of St. Andrews, Scotland. History of the Academy of the Sciences Conference Reports of the Prussian Academy of Sciences at wikisource Scholars and Literati at the Royal Prussian Academy of Sciences (1700–1800), Repertorium Eruditorum Totius Europae – RETE

Kateqoriya:Milli elmlər akademiyaları Kateqoriya:Almaniyanın elmi təşkilatları Kateqoriya:Berlin universitetləri