Ali Dia () – hücumçu mövqeyində çıxış etmiş keçmiş Seneqal futbolçusu.
O, 1996-cı ilin noyabrında "Sauthempton" klubunun baş məşqçisi Qrem Sunessə zəng edərək FİFA tərəfindən İlin Futbolçusu seçilmiş və Qızıl top qazanmış futbolçu Corc Veanın qohumu olduğuna inandırmışdır. Bir neçə gün sonra Dia "Sauthempton" ilə bir aylıq müqavilə imzalamışdır. Klubdakı qısa karyerası ərzində cəmi bir oyuna çıxmışdır. O, çempionat oyununda əvəzetmədən meydana daxil olmuş, 53 dəqiqə oynamış və əvəzlənmişdir. Cəmi 14 gün sonra müqaviləsinə xitam verilmişdir.
Karyerası Ali Dia Fransa və Almaniyanın aşağı liqalarında bir neçə klubda çıxış etdikdən sonra "Cillinqem", "Bornmut" və "Roterem Yunayted" klublarının baxışından keçmiş, lakin bəyənilməmişdir. "Roterem Yunayted" klubunun əvəzedicilər komandasında bir oyuna çıxmışdır. O, "Blayt Spartans" klubuna keçmiş və cəmi oyun keçirmişdir: 9 noyabr 1996-cı ildə Şimal Premyer Liqasında "Boston Yunayted" klubuna qarşı matçda sonradan oyuna daxil olmuşdur.
Bir neçə gün sonra "Sauthempton" klubunun baş məşqçisi Qrem Suness onunla müqavilə bağlamışdır. Belə ki, Suness özünü Liberiya futbolçusu və FİFA tərəfindən İlin Futbolçusu seçilmiş Corc Vea kimi təqdim edən bir şəxsdən telefon zəngi qəbul etmişdir. "Vea" Dianın onun qohumu olduğunu, həmçinin "Pari Sen-Jermen" və Seneqal millisi üçün 13 oyuna çıxdığını, ona şans verilməsinin vacib olduğunu bildirmişdir. Bu faktların heç biri doğru deyildi və Sunessə edilən zəng falsifikasiya idi. Lakin Suness buna inanmış və araşdırma aparmadan Dia ilə bir aylıq müqavilə bağlamışdır. Sunessə zəngin kim tərəfindən edildiyi mübahisəlidir. Bəzi mənbələrə görə zəngi Dianın universitetdən dostu, digərlərinə görə isə onun agenti etmişdir. Başqa bir versiyaya əsasən, zəngi edən elə Dianın özü olmuşdur. Daha sonra eyni üsuldan "Cillinqem" klubuna qarşı istifadə etdiyi, lakin baş məşqçi Toni Pulisin onu "zibil" oyunçu hesab etdiyi üçün təklifi qəbul etmədiyi məlum olmuşdur. "Vest Hem Yunayted" klubunun baş məşqçisi Harri Rednappa da bənzər zəng edilmiş, lakin bunu "axmaq zarafat" kimi qəbul etmişdir.
Dia "Southemton" klubunda cəmi bir oyuna çıxmışdır. O, 33 nömrəli formanı heyərək 23 noyabr 1996-cı ildə "Lids Yunayted" klubuna qarşı oyunda iştirak etmişdir. Əvvəlcə onun əvəzedicilərin heyətində "Arsenal"a qarşı yoldaşlıq oyununda iştirakı planlaşdırılsa da, ot örtüyünün su basması nəticəsində oyun ləğv olunmuşdur. "Lids"ə qarşı matçda 32-ci dəqiqədə zədəli Metyü Le Tissyenin əvəzinə meydana daxil olmuş, lakin 85-ci dəqiqədə Ken Manku onu əvəzləmişdir. "Lids" oyunda 2–0 qalib gəlmişdir. Oyundan sonra Le Tissye demişdir: "O, meydanda buzun üstünə çıxmış Bembi kimi qaçırdı. Onu izləmək utandırıcı idi".
Dia müqaviləsinin başa çatmasına iki həftə qalmış klubdan azad edilmişdir. Daha sonra "Port Veyl" klubunda baxışda olmuş, əvəzedici heyətdə "Sanderlend"ə qarşı 2 qol vurmuşdur. Klubdan təklif gəlmədiyi üçün Milli Liqa təmsilçisi "Qeytshed"ə keçmişdir. 1997-ci ilin fevralına qədər bu klubda çıxış etmiş, 8 oyuna çıxmış, debüt qarşılaşmasında "Bat Siti" klubunun qapısına qol vurmuşdur. "Qeytshed" klubundakı debütündən bir gün sonra onun Corc Veya falsifikasiyası mediada yayılmışdır. 2015-ci ildə "Bleacher Report" tərəfindən yayımlanmış məqalədə Dianın eyni fəndi Finlandiyanın "FinnPa" və Almaniyanın "Lübek" klublarına keçərkən də istifadə etdiyi bildirilmişdir. O, zəif çıxışı səbəbilə hər iki klubdan uzaqlaşdırılmışdır.
Hekayənin yayılmasından sonra "Gateshead Post" qəzetinə danışan Dia ittihamlara gülmüş və Seneqal milli komandasının heyətində 1998 FİFA Dünya Kubokunun seçmə mərhələsində Qvineyaya qarşı 3–1 hesabı ilə bitən oyunda qol vurduğunu bildirmişdir. Lakin onun iddiası səhv idi, çünki Seneqal millisi seçmə mərhələnin ilk turunda mübarizədən kənarlaşdırılmışdı. Dia demişdir: "Məni dələduz və zəif oyunçu kimi təqdim edirlər, lakin mən belə deyiləm və əksini sübut etmək niyyətindəyəm. Premyer Liqada uğur qazana bilmədiyim üçün məyusam, amma öz bacarığıma inanıram və hazırda yeganə narahatlığım "Qeytshed" ilə bağlıdır. Müqaviləm mövsümün sonuna qədərdir. Əgər işlər yaxşı getsə, daha uzun müddət qala bilərəm".
"Sauthempton" və "Qeytshed" klublarındakı qısa karyerası ərzində 3500 funt-sterlinq qazanmışdır. Suness etiraf etmişdir ki, "Sauthempton" Diaya klubdakı iki həftəsi üçün 2000 funt-sterlinq ödəmişdir. "Qeytshed"lə müqavilə bağladığı üçün isə 1500 funt-sterlinq qazanmışdır. Zəif çıxışı səbəbindən "Qeytshed" onu komandadan uzaqlaşdırmış və o, bir müddət "Spennimur Yunayted" klubunda çıxış etmişdir.
Şəxsi həyatı Dia Nyukaslda yerləşən Nortumbriya Universitetində biznes təhsili almış, 2001-ci ildə məzun olmuşdur. 2003-cü ildə San-Fransisko Ştat Universitetində biznesin idarəedilməsi üzrə magistr dərəcəsi əldə etmişdir. Təhsilini bitirdikdən sonra Qətərdə biznes sektorunda işləmişdir. 2016-cı ildə "Bleacher Report" onunla əlaqə saxlamış, onun Londonda yaşadığı, lakin Qətərə qayıtmaq istədiyi məlum olmuşdur. O, "Sauthempton" hekayəsinin ona və ailəsinə pis təsir etdiyini bildirmişdir.
Onun oğlu Simon Dia Fransa futbolçusudur. Fransada doğulmuş və böyümüşdür.
İrsi Dia tez-tez ən pis futbolçu və ya transfer siyahılarında göstərilir. "The Times" onu "Ən pis 50 futbolçu" siyahısında birinci yerdə göstərmişdir. ESPN onu Premyer Liqa tarixinin ən pis 50 transferi siyahısına daxil etmişdir.
Həmçinin bax Karlos Kayzer – heç bir oyuna çıxmadan müxtəlif klublarla anlaşan dələduz futbolçu
İstinadlar
Xarici keçidlər Premyer Liqa profili
Kateqoriya:2. Bundesliqa futbolçuları Kateqoriya:Fırıldaqçılar Kateqoriya:Fransa Liqa 2 futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Sauthempton FK futbolçuları Kateqoriya:Seneqalın kişi futbolçuları Kateqoriya:San-Fransisko Ştat Universitetinin məzunları Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Futbol hücumçuları