thumb|right|400px|Dünya dilləri xəritəsi

Linqvistik coğrafiya — dialektologiyanın bir bölməsi olub, dil hadisələrinin xəritələşdirmə üsulu ilə ərazi üzrə yayılmasını öyrənir.

Linqvistik xəritələşdirmə dil faktlarının yalnız əyani təqdimatı deyil, həm də onların müqayisəsi və dərk edilməsi üsuludur. Belə bir xəritə müxtəlif şivələrdə bu və ya digər dil hadisəsinin ekvivalentlərini üzə çıxarmaqla, onun mənşəyini və yaranma vaxtını müəyyənləşdirməyə kömək edir ki, bunu digər üsullarla etmək mümkün deyildir.

Xəritə dil hadisəsinin məkanda inkişafı və dəyişməsinin müxtəlif mərhələlərini əks etdirir. Linqvistik xəritələşdirmə milli dilin inkişaf qanunamüvafiqlikləri və əsas meyilləri, ədəbi dilin dialekt əsaslarının müəyyənləşdirilməsi, onun müxtəlif tarixi mərhələlərdə şivələrlə qarşılıqlı əlaqəsi kimi bir sıra mühüm məsələlərin həllinə imkan verir.

Linqvistik xəritələrə ehtiyac hələ XIX əsrdə müxtəlif ölkələrin alimləri qarşısında yaranmışdı. 1851-ci ildə İzmail Sreznevski "Rus dilinin coğrafiyası üçün materiallar haqqında qeydlər" əsərində "bu elmin ilk zəruri ehtiyacı — dil xəritəsinin tərtib edilməsi" haqqında yazırdı. Dil hadisələrinin xəritələşdirilməsinin əsası Qərbi Avropada XIX əsrin ikinci yarısında alman alimi Georq Venker tərəfindən Reyn əyalətinin atlasının hazırlanması ilə qoyulmuşdur. 1902–1910-cu illərdə Jül Jilyeron və E. Edmonun 12 cildlik "Fransanın linqvistik atlası" nəşr olunduqdan sonra milli dillərin tədqiqatlarının əsas istiqamətlərindən biri linqvistik atlasların tərtib edilməsi olmuşdur. Onların əksəriyyəti XX əsrin ikinci yarısında meydana gəlmişdir.

Materialın işlənməsi və xəritələrdə əks olunması üsuluna görə linqvistik coğrafiyanın müxtəlif məktəbləri müəyyənləşmişdir: Roman məktəbi: Əsası fransız dili atlası ilə qoyulmuşdur. Burada xəritələşdirmənin əsasını ayrıca bir söz təşkil edir və o, xəritəyə fonetik transkripsiya ilə daxil edilir. Alman məktəbi: Müxtəlif şərti işarələrin — xətti və fiqurlu (rəngli) simvolların tətbiqi ilə xarakterizə olunur. Bu prinsiplər bir sıra Avropa və slavyan dilləri atlaslarında tətbiq edilmişdir. Rus məktəbi: Alman məktəbinin ənənələrini davam etdirərək öz nəzəriyyəsini və xəritələşdirmə üsullarını yaratmışdır. İnkişafı əsasən Ruben Avanesov və ardıcıllarının əsərləri ilə əlaqədardır. 1957-ci ildə "Moskvadan şərqdə yerləşən mərkəzi vilayətlərin rus xalq şivələri atlası", 1986 və 1989-cu illərdə isə "Rus dilinin dialektoloji atlasları" nəşr edilmişdir.

Ukrayna linqvistik coğrafiyası Ukrayna şivələrinin ilk təsnifatlarından və dialektoloji xəritələrin tərtibindən başlayır. Hələ 1877-ci ildə K. Mixalçukun əsərində Ukrayna dilinin ilk təsnifat xəritəsi verilmişdir. XX əsrin 20-ci illərinin sonundan etibarən Ukrayna şivələrini linqvistik coğrafiya metodu ilə tədqiq edən əsərlər (P. Buzuk, İ. Pankeviç və b.) meydana çıxmışdır. 1984–1988-ci illərdə nəşr olunmuş "Ukrayna dilinin atlası" (1–2-ci cildlər) Ukrayna dilinin dialektal differensiasiyasını əks etdirir.

XX əsrin son onilliyində linqvistik coğrafiyanın inkişafında keyfiyyətcə yeni mərhələ başlamışdır: dillərarası və dialektal izoqlosları üzə çıxaran atlasların yaradılması ideyası yaranmışdır. "Ümumi slavyan linqvistik atlası", "Avropa linqvistik atlası" (Atlas Linguarum Europae) və "Ümumi Karpat dialektoloji atlası" kimi beynəlxalq layihələr bu qəbildəndir. Bu atlaslarda Ukrayna dili də iştirak edir.

Həmçinin bax Areal dilçilik Dialektologiya İzoqloss Dialektoloji atlas

İstinadlar

Kateqoriya:Linqvistik coğrafiya Kateqoriya:Antropocoğrafiya