"Nəsr" əməliyyatı () və ya "Hüveyzə" əməliyyatı — 1981-ci ilin yanvar ayının əvvəllərində İran–İraq müharibəsi gedişatında baş vermiş irimiqyaslı döyüş. Bu hərbi qarşıdurma müharibənin ən böyük tank döyüşü hesab olunur.

İranın üç zirehli alayı Əhvaz, Süsəngərd və Dezful şəhərləri arasında İran ərazisinə soxulmuş İraq qüvvələrinə doğru irəliləmişdir. Bu yerdəyişmədən xəbərdar olan İraq qüvvələri taktiki geriçəkilmə manevri nümayiş etdirmişdilər. İraqlılar üç zirehli briqadanı üç tərəfli "qutu" şəklində pusquda yerləşdirmişdilər. İran qüvvələri ehtiyatsızlıqdan bu pusquya düşmüş və iki dövlətin tank hissələri palçıq dənizinə çevrilmiş ərazidə dörd gün ərzində döyüşmüşdür. Logistik planlaşdırmadakı səhvlər ucbatından yanacaq və sursatı tükənən, həmçinin palçıqda batan bir çox sıradan çıxmış və məhv edilmiş tanklarını döyüş meydanında qoyan İran qüvvələri geri çəkilmişdir. Ərazinin çətin şəraiti İran ordusunun qalıqlarının döyüş xəttini tamamilə və itkisiz tərk etməsinə mane olduğu kimi, İraq qüvvələrinə də geri çəkilən İran bölmələrini tam heyətlə təqib etmək imkanı verməmişdir.

Zəmin 22 sentyabr 1980-ci il tarixində Səddam Hüseynin komandanlığı altındakı İraq hərbi qüvvələri İrana hücum etmişdir. İran İslam inqilabı səbəbindən hərbi cəhətdən olduqca zəifləmiş İran bu hücuma hazırlıqsız yaxalanmışdır. Bununla belə, sanksiyalar və təmizləmələr nəticəsində zəifləmiş İran hərbi hava qüvvələri İraqın çoxsaylı hərbi və sənaye obyektlərinə zərbələr endirməyə nail olaraq, İraq ordusuna və iqtisadiyyatına ciddi ziyan vurmuşdur. İraqın hücum tempi əhəmiyyətli dərəcədə yavaşlamış və onlar Birinci Xürrəmşəhr döyüşü kimi şəhər daxili qarşıdurmalarda İranın yarımhərbi birləşmələri ilə döyüşlərdə ləngimişdilər. Noyabr ayına qədər İraqın işğalçı qüvvələrinin irəliləyişi tamamilə dayandırılmış, İran hərbi hava qüvvələri isə İraq hava qüvvələrini böyük ölçüdə sıradan çıxarmışdır. İraq hərbi dəniz donanması da oxşar şəkildə məhvə məruz qalmışdır ("Mirvari" əməliyyatı). Buna baxmayaraq, İranın İraq qoşunlarını dərhal ölkədən çıxarmaq üçün kifayət qədər gücü yox idi. ABŞ sanksiyaları altında olan iranlılar hərbi texnikalarının böyük hissəsi üçün ehtiyat hissələri əldə edə bilmir və onlardan qənaətlə istifadə etmək məcburiyyətində qalırdılar. İranın yarımhərbi və qeyri-nizamlı qüvvələri İraqın irəliləyişini ləngitsə də, İranın öz nizami ordusunu bölgəyə yerləşdirməsi üç aydan çox vaxt aparmışdır. 1979-cu il İslam İnqilabından sonra nizami ordu və hərbi hava qüvvələri ordudakı təmizləmələr, həmçinin keçmiş Qərb müttəfiqlərindən, xüsusilə ABŞ və Böyük Britaniyadan gələn təchizat və ehtiyat hissələrinin kəsilməsi səbəbindən ciddi zəifləmiş və artıq dünyanın beşinci ən güclü ordusu statusunu itirmişdir. Bu ərəfədə yeni bir qüvvə olan İslam İnqilabı Keşikçiləri Korpusu (Pasdaran) ön plana çıxmışdır. 1980-ci ildə müharibənin başlaması ilə "Pasdaran" və Nizami Ordu arasındakı ziddiyyətlər yeni bir mərhələyə qədəm qoymuşdur. Tehrandakı yeni hökumət daxilində Prezident Əbülhəsən Bənisədr ilə Baş nazir Məhəmmədəli Rəcai tərəfindən rəhbərlik edilən müxalif İslam Respublikası Partiyası (İRP) arasında hakimiyyət uğrunda mübarizə başlamışdır. Bənisədr nizami ordunu dəstəklədiyi halda, İRP "Pasdaran"ı müdafiə etmişdir. Bu daxili çəkişmələr hərbi əməliyyatlara ciddi şəkildə mane olmuş və koordinasiyanın tamamilə itirilməsinə səbəb olmuşdur. Nəticədə, İran hava hücumlarından başqa, demək olar ki, heç bir irimiqyaslı hücum əməliyyatı həyata keçirə bilməmişdir. Hər iki ordu öz əməliyyatlarını bir-birindən ayrı və tamamilə koordinasiyasız şəkildə aparmış, döyüşlərin böyük hissəsini öhdəsinə götürən "Pasdaran" isə cəmiyyətdə daha çox rəğbət qazanmışdır. Bu vəziyyət, dünyəvi və şah dövrünün qalığı kimi qəbul edilən bir strukturu müdafiə etməkdə ittiham olunan Bənisədrin inqilabi nüfuzunun sarsılmasına gətirib çıxarmışdır.

== Planlaşdırma Azalan siyasi dəstək qarşısında Prezident Bənisədr Tehranda bütün dövlət işlərində son söz sahibi olan Ali Rəhbər Ayətullah Ruhulla Xomeynini nizami ordunun komandanlığını şəxsən öz üzərinə götürməsinə icazə verməyə razı salmışdır. Bənisədr şəxsi komandanlığı təhvil alıb cəbhəyə gəldikdən sonra iraqlılara qarşı "Nəsr" (Qələbə) şərti adlı irimiqyaslı hücum əməliyyatını planlaşdırmağa başlamışdır. Hücum tamamilə nizami ordu tərəfindən həyata keçirilməli idi. Bu əməliyyat uğurla nəticələnəcəyi təqdirdə həm hələ də xaotik olan İran siyasi mühitində Bənisədrin mövqeyini gücləndirəcək, həm də Pasdaranı və onların tərəfdarlarını kölgədə qoyacaqdı.

Əməliyyatın İraqın hücum etdiyi əsas bölgə olan Xuzistan ostanında zirehli tank hücumu şəklində reallaşdırılması nəzərdə tutulmuşdur. Hücumun məqsədi təxminən bir il davam edəcək mühasirədə qalan Abadan şəhərini xilas etmək olmuşdur. Bu əməliyyatdan əvvəl İraq ilə sərhədin mərkəzi hissəsinə yaxın olan Qəsri-Şirin və Mehran istiqamətlərində yayındırıcı hücumların edilməsi planlaşdırılmışdır. Əsas hücum nizami ordunun 92-ci Əhvaz və 16-cı Qəzvin zirehli diviziyalarının üç zirehli briqadası, həmçinin 55-ci paraşütçü briqadası tərəfindən həyata keçirilməli idi. Zirehli qüvvələrin zərbəsi Kərxə çayını keçərək ostanın şimal-şərq hissəsindən Süsəngərd və Əhvaz şəhərlərindən yan keçməklə Karun çayının qərb sahili boyunca cənuba doğru irəliləməyi nəzərdə tuturdu. Eyni zamanda, Abadan daxilindəki qüvvələr də öz mövqelərindən çıxaraq şimaldan gələn zirehli kalonla birləşməli idilər. Plan tam qəfildən yaxalamaq amilinə əsaslanırdı. İranın hücum üçün topladığı zirehli qüvvələr rəqibinkindən, bir zirehli briqadadan ibarət olan İraq qüvvələrindən daha böyük idi və kağız üzərində plan icra edilə bilən görünürdü.

Prezident rütbəsinə baxmayaraq, Bənisədr hərbi xadim deyildi. Bu planın qüsurları ona bəlli olmamışdır, lakin hərbi kampaniya zamanı ciddi problemlərə yol açmışdır. Birincisi, inqilab dövründəki təmizləmələr və sanksiyalar səbəbindən ağır zərbə almış İran ordusu müxtəlif qoşun növlərinin birgə fəaliyyətini düzgün təşkil etmək iqtidarında deyildi. Şah dövrünün bütün yüksək rütbəli generalları və zabit heyətinin böyük bir qismi təmizləmələr zamanı itirilmiş (ya edam edilmiş, ya həbs olunmuş, ya da xaricə qaçmış), qalanları isə kifayət qədər təlim görməmişdi və ya rejimin gözündə öz nüfuzlarını bərpa etmək üçün bu əməliyyata başlamağa çox həvəsli idilər. İranın zirehli qüvvələri hələ inqilabdan əvvəl də zirehli manevrlərin icrasında səriştəli deyildi və inqilabdan sonra bu problemlər daha da böyümüşdü.

Vəziyyəti daha da pisləşdirən amil o idi ki, inqilabdan sonra nizami ordunun piyada qüvvələrinin böyük hissəsi tərxis olunmuşdu və onları yenidən orduya çağırmaq üçün vaxt az idi. Bu səbəbdən tankların piyada dəstəyinin əsas hissəsini "Pasdaran" təşkil etməli idi, lakin Bənisədr onları bu əməliyyatdan kənarda saxladığı üçün İran tankları həyati əhəmiyyət kəsb edən piyada dəstəyindən məhrum olmuşdur. Piyada dəstəyi kimi çıxış edən "Pasdaran" qüvvələri olmadan iranlılar nizami ordunun 55-ci paraşütçü briqadasından piyada dəstəyi kimi istifadə etmək məcburiyyətində qalmışdılar. Bundan başqa, iranlıların irəliləyişi dəstəkləmək üçün kifayət qədər helikopteri, artilleriyası və sursatı yox idi. İranlılar hücumda 300 tankdan ("M-60 Patton" və "Chieftain") istifadə etmişdilər, lakin onlar cəbhəni yarmaq üçün zəruri olan 3:1 nisbətindəki üstünlüyə (hətta ehtimal ki, 2:1 nisbətinə belə) malik deyildilər. İranda həmçinin düzgün kəşfiyyat məlumatları yox idi. Bənisədr problemlərin bəzilərini yüngülləşdirməyə çalışmış və İran ordusunun komanda strukturunu qismən bərpa etmişdir, lakin ordu irimiqyaslı bir hücuma hazır deyil idi.

Hücumun əlverişsiz bir məkanda planlaşdırılması vəziyyəti daha da mürəkkəbləşdirmişdir. Süsəngərd ətrafındakı ərazi palçıqlı idi və mövsümi daşqınlara məruz qalırdı. Yağışlar torpağı bataqlığa çevirdiyindən, bu bölgə bir çox cəhətdən düzgün zirehli manevrlər üçün yararsız idi. İranlılar yerüstü yollarda düz bir kalon şəklində, piyada dəstəyi kalonun quyruq hissəsində olmaqla yavaş-yavaş hücum etməli idilər. Bu, tankların qorunmasız və cinahlarının açıq şəkildə irəliləməsi demək idi. Bu hərəkət İraq helikopterləri tərəfindən asanlıqla aşkarlana bilərdi. İran qüvvələrinin qət etməli olduğu məsafə də olduqca uzun idi. Bu, İraqın əks-hücuma keçməsini və öz qoşunlarını möhkəmləndirməsini asanlaşdıraraq İranın qəfil hücum planını boşa çıxarırdı.

Yayındırıcı hücumlar İran "Nəsr" əməliyyatından əvvəl üç yayındırıcı hücum həyata keçirmişdir. Birinci hücum 4–6 yanvar tarixlərində, İraq ilə sərhədin mərkəzi hissəsində yerləşən Qəsri-Şirin yaxınlığında başlamışdır. İranın nizami dağ atıcı qoşunlarının bir briqadası Tehran və Bağdad arasındakı əsas magistral yolu bağlayan və müdafiə mövqeyində dayanan İraq qüvvələrinə hücum etmişdir. Müharibənin sonrakı dövrlərində də tez-tez təkrarlanacaq bir taktika ilə iranlılar İraq mövqelərinə sızmış və hətta bəzi düşmən bölmələrini əsir götürmüşdülər, lakin döyüş hər bir təpə və dağ zirvəsi uğrunda mübarizəyə çevrilmiş və İraq əraziyə təcili əlavə qüvvələr göndərmişdir. İran 8 kilometr irəliləsə də, əhəmiyyətli bir taktik üstünlük əldə edə bilməmişdir.

İkinci hücum digər İran dağ atıcı qoşunlarının işğal altındakı Mehrana tərəf sızmasını nəzərdə tutmuşdur. Buna baxmayaraq, şəhəri azad etmək cəhdi uğursuzluqla nəticələnmişdir. Yekun nəticə əvvəlki döyüş ilə eyni olmuşdur.

Üçüncü hücum daha ciddi xarakter daşımışdır. Bu hücumda İranın mexanikləşdirilmiş diviziyası Karun çayının qərbində, Əhvaz yaxınlığında İraq qüvvələrinə zərbə endirmişdir. Döyüşün məqsədi iraqlıları şəhəri atəş altında saxlayan artilleriya məsafəsindən uzaqlaşdırmaq olmuşdur. Ərazi nəqliyyat vasitələrinin hərəkəti üçün daha uyğun, yol şəbəkəsi isə yaxşı vəziyyətdə idi. Onlar qəfil hücumla iraqlıları bir neçə mil geri oturtmağa nail olmuşdur, lakin İraq qüvvələri şəhəri artilleriya atəşində saxlamaq imkanını qorumuş və İran tərəfi orta və ağır dərəcəli itkilər vermişdir.

Əsas hücum Əsas hücum 5 yanvarda qısa artilleriya atəşi ilə başlamışdır. İran qüvvələri ponton körpülərdən istifadə edərək Kərxə çayını keçmişdilər. Hücumda İran tərəfindən 300 tank tətbiq olunmuşdur. Ərazinin palçıqlı olması səbəbindən onlar yalnız asfalt yolla hərəkət etmək məcburiyyətində qalmışdılar. Bu vəziyyət iranlıların öz qüvvələrini uzun bir kalon şəklində düzməsinə gətirib çıxarmışdır. İlk üç kalon zirehli briqadalardan ibarət olmuş, sonuncu kalon isə piyada dəstəyini təşkil etmişdir. Beləliklə, piyadalar tankların arxasında qalmış və bu uzun kalonun bütün cinahları tamamilə müdafiəsiz vəziyyətə düşmüşdür. İraq qüvvələrinə polkovnik Mahmud Şükür Şahin rəhbərlik edirdi.Project 1946: Phase II dtic.mil

İraq tərəfində döyüşlərdə 65.000-80.000 əsgər iştirak edirdi. Əməliyyatlarda 6-cı və 9-cu Zirehli Diviziyalardan (T-62) üç zirehli briqada, eləcə də 10-cu müstəqil zirehli briqadadan T-72 tankları istifadə olunurdu. Ümumilikdə 350 tank istifadə edilmişdir.

İran tərəfində ümumilikdə təxminən 100.000 əsgər var idi. Əməliyyatlarda Qəzvinin 16-cı Zirehli Diviziyası və 92-ci Zirehli Diviziyadan üç zirehli briqada (M60 və "Chieftain" tankı) istifadə edilmişdir. Ümumilikdə 330 tank onun tərkibində idi.