Nephan Saran (; ) — türk antropoloqu.

İstanbul Universiteti Ədəbiyyat fakültəsinin Antropologiya şöbəsində Sosial Antropologiya kafedrasının qurulması və inkişafında əməyi olan alimdir. İstanbul şəhərində gecəqondular, uşaq cinayətkarlığı, Türkiyədə kənd cəmiyyətlərində ailə həyatı mövzularında araşdırmalar aparıb.

Həyatı Nephan Saran 1924-cü ildə İstanbulda anadan olub. İbtidai təhsilini İstanbulda aldıqdan sonra orta təhsilini Ankarada tamamlayıb və Ankara Universitetinin Hüquq fakültəsində ali təhsil alıb. 1947-ci ildə Hüquq fakültəsindən məzun olub.

İki il vəkillik fəaliyyətindən sonra, təhsilini davam etdirmək üçün ABŞ-yə gedib. "Amerika Uşaq Məhkəmələri Sisteminin Türk Cəza hüququna tətbiqi" mövzusundakı elmi işi ilə 1955-ci ildə Sent-Luis Universitetində magistr dərəcəsinə yiyələnib.

Türkiyəyə qayıtdıqdan sonra Ankara Universitetinin Politologiya fakültəsində assistent kimi çalışıb. Sent-Luis Universitetinin təqaüdü ilə yenidən ABŞ-yə gedərək, 1960-cı ildə həmin universitetdə doktorluq dərəcəsinə yiyələnib.

1961-ci ildə ölkəsinə qayıdan Saran, İstanbul Universiteti Ədəbiyyat fakültəsinin nəzdində yeni yaradılmış Sosial Antropologiya kafedrasında assistent kimi fəaliyyətə başlayıb. Sosial Antropologiya kafedrasının qurulması və inkişaf etdirilməsində amerikalı antropoloq C.V.M.Hart ilə birlikdə çalışıb. 1967-ci ildə "İstanbul Şəhərində Polis ilə əlaqəsi olan 18 yaşından Kiçik Uşaqların Sosial-Mədəni Xüsusiyyətləri haqqında Araşdırma" başlıqlı dissertasiya işini müdafiə edərək dosent elmi adını alıb.

1961-ci ildən etibarən elmi fəaliyyətini İstanbul Universiteti Ədəbiyyat fakültəsinin Sosial Antropologiya kafedrasında davam etdirib. Həftədə 16 saata yaxın dərs deyərək uzun müddət kafedranın dərs yükünü öz üzərinə götürüb. İstanbul Texniki Universitetində mühazirələr deyib. Hartın 1969-cu ildə Türkiyədən ayrılmasından sonra kafedra müdiri olaraq, bu vəzifəni 1987-ci ildə təqaüdə çıxana qədər davam etdirib. 1975-ci ildə professor elmi adını alıb.

Kent antropologiyası sahəsində C.V.M.Hartın "Zeytinburnu Gecəqondusu bölgəsi" (1969) adlı əsərini türkcəyə tərcümə edib. 1971-ci ildə "Statistika Əl kitabı" adlı kitabında ölçmə və qiymətləndirmələrin necə aparılmalı olduğunu şərh edib. Dosentlik tezisində bəhs etdiyi mövzunun davamı xarakterində olan "Universitet Gəncliyi: Tələbələrin Sosial-İqtisadi Quruluşu ilə Tələbə Hərəkatlarının Nəzəri və Empirik Səviyyədə izahı" (1975) başlıqlı tədqiqatında Türkiyədəki 1968-1971-ci illərdə tələbə hərəkatlarını araşdırıb. 1966-1973-cü illərdə Türkiyənin müxtəlif bölgələrindəki kənd icmalarının sosial-mədəni quruluşunu araşdıran, adət-ənənə və təsisatlarını təsvir etməyə çalışan deskriptiv (təsviri) tədqiqatları analiz edərək "Kəndlərimiz" (1984) adlı əsərini nəşr etdirib. Bu əsərində ənənəvi kənd cəmiyyətlərində yeni ailənin qurulması, ailə təşkilatı və ailə həyatından bəhs edib.

İstanbul Universiteti Antropologiya bölməsinin məzunları tərəfindən 1992-ci ildə Antropologiya Dərnəyinin təsis edilməsinə rəhbərlik edib.

Nephan Saran 29 noyabr 2008-ci ildə vəfat edib.

Əsərləri İstanbul Şəhərində Polislə əlaqəsi olan on səkkiz yaşından Kiçik Uşaqların Sosial-Mədəni Xüsusiyyətləri haqqında Araşdırma, 1968 Statistika Əl kitabı, 1971 Universitet Gəncliyi: Tələbələrin Sosial-İqtisadi Quruluşu ilə Tələbə Hərəkatlarının Nəzəri və Emprik Səviyyədə izahı, 1975 Kəndlərimiz, 1984 (Taylan Akkayan ilə birlikdə) İşləyən Gənclərin İş başında təhsili: Şagirdlik, Kalfalıq, Peşəyə Yönəlmə problemləri, 1988

İstinadlar