Qram-müsbət bakteriyalar — qram boyama testində müsbət nəticə verən bakteriyalardır. Bu test bakteriyaları hüceyrə divarlarının quruluşuna görə iki əsas kateqoriyaya ayırmaq üçün istifadə olunur. Qram-müsbət bakteriyaların hüceyrə divarında qalın peptidoqlikan təbəqəsi olur və bu təbəqə boyanı saxlayır. Qram-mənfi bakteriyalarda isə peptidoqlikan təbəqəsi nazik olduğundan boya saxlanılmır .

Qram-müsbət bakteriyalar test zamanı istifadə olunan kristal bənövşəyi boyanı saxladıqları üçün işıq mikroskopunda bənövşəyi rəngdə görünürlər. Hüceyrə divarındakı qalın peptidoqlikan təbəqəsi yod vasitəsilə sabitlənmiş boyanı özündə saxlayır. Rəngsizləşdirmə mərhələsində rəngsizləşdirici maddə digər hüceyrələrdən kristal bənövşəyi boyanı uzaqlaşdırır.

Əksinə, qram-mənfi bakteriyalar rəngsizləşdirmə mərhələsindən sonra bənövşəyi boyanı saxlaya bilmirlər. Bu mərhələdə istifadə olunan spirt qram-mənfi bakteriyaların xarici membranını zədələyir, hüceyrə divarını daha məsaməli edir və kristal bənövşəyi boyanın saxlanılmasına mane olur. Onların peptidoqlikan təbəqəsi daha nazikdir və daxili hüceyrə membranı ilə xarici bakterial membran arasında yerləşir. Buna görə də onlar qarşı boya olan safranin və ya fuksini qəbul edərək qırmızı və ya çəhrayı rəngdə görünürlər.

Peptidoqlikan təbəqəsinin daha qalın olmasına baxmayaraq, qram-müsbət bakteriyalar bəzi hüceyrə divarını hədəfləyən antibiotiklərə qram-mənfi bakteriyalardan daha həssasdırlar. Bunun səbəbi onların xarici membrana malik olmamasıdır. Məsələn, penisillin tərkibində peptidoqlikanın çarpaz birləşməsini təmin edən fermentlərə bağlanan beta-laktam halqası vardır. Bu, hüceyrə divarının sintezini pozur. Çarpaz birləşmə hüceyrə divarının struktur bütövlüyünü qorumaq üçün vacibdir və onun pozulması hüceyrənin parçalanmasına səbəb ola bilər.

Xüsusiyyətləri Qram-müsbət bakteriyaların ümumi xüsusiyyətləri bunlardır: Sitoplazmatik lipid membranına malikdirlər. Qalın peptidoqlikan təbəqəsi daşıyırlar. Teyxoy turşuları və lipidlər mövcuddur. Bunlar lipoteyxoy turşularını əmələ gətirir və xelatlaşdırıcı maddələr, həmçinin bəzi yapışma mexanizmlərində iştirak edirlər. Peptidoqlikan zəncirləri DD-transpeptidaza fermenti vasitəsilə çarpaz birləşərək sərt hüceyrə divarı yaradır. Periplazmatik sahə qram-mənfi bakteriyalara nisbətən çox kiçikdir. Yalnız bəzi növlərdə polisaxaridlərdən ibarət kapsul olur. Yalnız bəzi növlər qamçılıdır. Qamçıya malik növlərdə iki bazal halqa olur, halbuki qram-mənfi bakteriyalarda dörd bazal halqa mövcuddur. Həm qram-müsbət, həm də qram-mənfi bakteriyalarda S-qatı adlanan səthi təbəqə ola bilər. Qram-müsbət bakteriyalarda bu təbəqə peptidoqlikan qatına birləşir, qram-mənfi bakteriyalarda isə birbaşa xarici membrana bağlanır . Hüceyrə divarında teyxoy turşularının olması qram-müsbət bakteriyalar üçün xarakterikdir. Lipoteyxoy turşuları hüceyrə membranındakı lipid komponenti vasitəsilə peptidoqlikanın membrana bərkidilməsinə kömək edir.

Təsnifatı

Hüceyrə formasının müəyyən edilməsi ilə yanaşı, Qram boyama bakteriya növlərinin fərqləndirilməsi üçün sürətli üsuldur Access provided by the University of Pittsburgh.. Bu boyama üsulu böyümə tələbləri, antibiotiklərə həssaslıq testləri və digər makroskopik və fizioloji testlərlə birlikdə bakteriyaların praktik təsnifatı və yarımqruplara bölünməsi üçün əsas yaradır . Tarixən Monera aləmi əsasən Qram boyama nəticələrinə görə dörd şöbəyə ayrılmışdır :

Bacillota — müsbət boyananlar Qracilicutes — mənfi boyananlar Mollicutes — neytral boyananlar Mendocutes — dəyişkən boyananlar

Karl Vuz və əməkdaşlarının ribosomal RNT-nin filogenetik tədqiqatlarına əsasən qram-müsbət bakteriyaların vahid mənşəyə malik olması fikri mübahisə doğurmuşdur . On altı S ribosomal ardıcıllıqlarının molekulyar analizinə əsasən bakteriyalar on iki filuma ayrılmışdır. Bunlardan ikisi qram-müsbət olub, DNT-də quanin və sitozinin miqdarına görə fərqləndirilmişdir. Yüksək quanin-sitozin tərkibli filuma Actinomycetota, aşağı quanin-sitozin tərkibli filuma isə Bacillota daxildir. Actinomycetota filumuna aşağıdakı cinslər daxildir:

Korynebakterium Mykobakterium Nokardia Streptomyces

Bakillota filumunun quanin-sitozin tərkibi daha aşağıdır.

Xarici hüceyrə membranının əhəmiyyəti

Bakteriyalar ənənəvi olaraq qram-müsbət və qram-mənfi olmaqla iki əsas qrupa bölünür. Lakin bu təsnifat sistemi tam dəqiq hesab edilmir, çünki boyanma nəticəsi, hüceyrə örtüyünün quruluşu və taksonomik mənşə həmişə bir-biri ilə uyğun gəlmir. Qram boyama reaksiyasının əsasında bakteriya hüceyrə divarının ultrastrukturu və kimyəvi tərkibindəki fərqlər dayanır. Əsas fərq xarici lipid membranının olub-olmamasıdır. Bütün qram-müsbət bakteriyalar bir lipid membranı ilə əhatə olunmuşdur və adətən qalın peptidoqlikan qatına malikdirlər. Bu xüsusiyyət onların boyanı saxlamasına səbəb olur. Bəzi bakteriyalar isə yalnız bir membrana malik olsalar da qram-mənfi boyanırlar. Buna səbəb peptidoqlikan qatının olmaması və ya hüceyrə divarının fərqli quruluşudur. Belə bakteriyalar üçün "monoderm bakteriyalar" termini təklif edilmişdir. Tipik qram-mənfi bakteriyalar isə daxili sitoplazmatik membran və xarici hüceyrə membranından ibarətdir. Bu iki membran arasında nazik peptidoqlikan təbəqəsi yerləşir. Bu quruluş periplazmatik sahənin yaranmasına səbəb olur. Belə bakteriyalar "diderm bakteriyalar" adlandırılır. Təkamül baxımından monoderm bakteriyaların daha qədim olduğu hesab edilir. Qram-mənfi bakteriyalarda xarici membranın yaranmasının antibiotiklərin təsirindən qorunmaq üçün inkişaf etmiş müdafiə mexanizmi olduğu irəli sürülmüşdür.

İstisnalar

Deinokokkus kimi bəzi bakteriyalar qalın peptidoqlikan qatına görə qram-müsbət boyansalar da, xarici membrana malikdirlər və monoderm-diderm keçid formasını təmsil edə bilərlər.

Ümumiyyətlə qram-müsbət bakteriyalar monoderm, qram-mənfi bakteriyalar isə diderm hesab olunur. Lakin bəzi istisnalar mövcuddur:

Bəzi taksonlarda peptidoqlikan yoxdur və onlar qram baxımından qeyri-müəyyəndirlər. Deinococcota nümayəndələri qram-müsbət boyansalar da, ikiqat membranlı quruluşa malikdirlər. Chloroflexota nümayəndələri tək membranlı olsalar da, adətən qram-mənfi boyanırlar. Bacillota filumunun bəzi nümayəndələri qram-müsbət deyillər. Negativicutes sinfinin nümayəndələri ikiqat membranlı olub qram-mənfi boyanırlar.

Patogenlik

Actinomukes ağız boşluğunda xəstəlik törədə bilən qram-müsbət bakteriyalardan biridir. Klassik baxımdan insanlarda xəstəlik törədən əsas qram-müsbət cinslər aşağıdakılardır:

Streptokokkus Staphylokokkus Korynebakterium Listeria Basillus Klostridium

Streptlokokkus və Staphylokokkus kürəvari formalı kokklardır. Korynebakterium və Listeria spor əmələ gətirməyən çöplərdir. Basillus və Klostridium isə spor əmələ gətirən bakteriyalardır. Qram-müsbət bakteriyalar yenidoğulmuşlarda ağır və bəzən ölümcül infeksiyalara səbəb ola bilirlər. Katabakter hongkongensis klinik əhəmiyyət daşıyan yeni qram-müsbət patogenlərdən biridir. Methicillin-resistant Staphylokokkus aureus beta-laktam antibiotiklərinə qarşı davamlılıq qazanmış qram-müsbət bakteriyadır. Bu zaman antibiotik bakteriyanın hüceyrə divarını quran fermentlərə effektiv şəkildə bağlana bilmir.

Bakterial transformasiya Transformasiya bakteriyalarda üfüqi gen ötürülməsinin üç əsas mexanizmindən biridir. Digər iki mexanizm:

Konyuqasiya — iki bakteriya arasında birbaşa təmas vasitəsilə genetik materialın ötürülməsi. Transduksiya — bakteriofaq virusu vasitəsilə donor DNT-nin qəbuledici bakteriyaya daşınması.

Transformasiya zamanı genetik material xarici mühitdən bakteriya hüceyrəsinə daxil olur və proses tamamilə qəbuledici bakteriyadan asılıdır. Transformasiya qabiliyyəti tibbi əhəmiyyətli qram-müsbət bakteriyalarda geniş öyrənilmişdir. Bunlara aşağıdakılar daxildir:

Streptokokkus pneumoniae Streptokokkus mutans Staphylokokkus aureus Streptokokkus sanguinis Basillus subtilis Basillus kereus.

Terminologiya

“Qram-müsbət” və “qram-mənfi” terminləri danimarkalı bakterioloq Hans Kristian Qramın soyadından götürülmüşdür. Buna görə də elmi ədəbiyyatda bu terminlərin ilk hərfi həm böyük, həm də kiçik yazıla bilər. İstifadə olunan üslub qaydalarından asılı olaraq hər iki forma qəbul edilir.

İstinadlar

Kateqoriya:Bakteriologiya Kateqoriya:Qram-müsbət bakteriyalar Kateqoriya:Bakteriyalar