"Sólo quiero más" — Litva pop ifaçısı Layon Sikanın ifa etdiyi mahnı. Mahnı ölkənin milli seçim turunda qalib gəldikdən sonra Litvanı 2026 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.

Yaradılması Tomas Alençikas əvvəllər bir neçə dəfə, bəzən Alen Çikko adı ilə Litvanın Avroviziya milli seçim turlarında iştirak etmişdir. O, 2026-cı ildə yenidən milli seçim turuna qayıtmış və "Sólo quiero más" mahnısı ilə "Eurovizija.LT" müsabiqəsinin dördüncü mərhələsində mübarizə aparmışdır. İfaçı uğurla final mərhələsinə vəsiqə qazanmışdır. Final 27 fevral 2026-cı il tarixində baş tutmuşdur. Münsiflər heyətinin səsverməsi nəticəsində ikinci olan təmsilçi, telesəsvermədə ikinci yerdə qərarlaşan "SHWR" qrupundan iki dəfədən də çox səs toplamışdır. Hər iki ifaçının 22 xal qazanmasına baxmayaraq, Layon Sika milli seçim turunun qalibi olmuşdur.

Mahnı Alençikas və Aurimas Qalvelisin həmmüəllifliyi ilə yaradılmış və yazılmışdır. Qalvelis həmçinin kompozisiyanın prodüserliyini etmiş, Diana Anişko, Qreta Paukşte və Yustinas Stanaviçyus ilə birlikdə bek-vokalçı kimi çıxış etmişdir. Səsyazmanın masterinqi Normantas Ulyaviçyus tərəfindən yerinə yetirilmişdir.

Məzmunu "Sólo quiero más" çoxdilli mahnıdır. Əsərin birinci bəndi Litva dilində, mahnının adını daşıyan "Sólo quiero más" ifadəsinin yer aldığı nəqarət hissəsi isə ingilis və ispan dillərində ifa olunur. İkinci bənd ispan, Litva və fransız dillərindəki hissələri əhatə edir, daha sonra isə nəqarət təkrarlanır. Mahnının sonluğunda əsas ifadə həmçinin alman, fransız, italyan və Litva dillərində səslənir. İfaçının bildirdiyinə görə, "Sólo quiero más" kompozisiyası "arzunun, ifratın və daha çoxuna sahib olmaq barəsindəki daimi susuzluğun vizual və musiqili ifadəsidir".

Buraxılışı Mahnı 6 fevral 2026-cı il tarixində musiqi platformalarında yayımlanmışdır. Videoçarxın rejissorluğunu Alençikas özü etmişdir. Klipdə "Əndəlus iti" qısametrajlı filmindən fraqmentlər yer almışdır. Kompozisiyanın instrumental versiyası sinql olaraq 8 mart 2026-cı il tarixində işıq üzü görmüşdür. "Sólo quiero más" mahnısı daha sonra yenidən işlənmiş və yeni kliplə birlikdə 16 apre 2026-cı il tarixində təqdim edilmişdir.

2026 Avroviziya Mahnı Müsabiqəsi "Sólo quiero más" mahnısı ilə Litva, 2026-cı ilin may ayında Vyanada keçirilən 2026 Avroviziya Mahnı Müsabiqəsində təmsil olunmuşdur. Mahnı 12 may 2026-cı il tarixində baş tutan birinci yarımfinalda 12-ci nömrə altında təqdim edilmiş və final mərhələsinə adlamışdır. Finalda Litva 22 xal toplayaraq 22-ci sırada qərarlaşmışdır. Bu nəticə Litvanın 2021-ci ildən bəri ardıcıl olaraq finalda iştirak etdiyi altıncı çıxışı olmuşdur.

Müsabiqə çıxışı üçün metaldan və polad kanatlardan hazırlanmış, geyimi xatırladan bir heykəl yaradılmışdır. Səhnədə elektromaqnitlərin köməyi ilə saxlanılan bu konstruksiya çıxışın sonunda öz-özünə qatlanmışdır. Heykəl Siqita Şimkunayte və Sandra Straukayte tərəfindən hazırlanmışdır.

İstinadlar

Kateqoriya:2026 Avroviziya Mahnı Müsabiqəsi mahnıları Kateqoriya:2026-cı ilin sinqlları Kateqoriya:Fransız dilində mahnılar Kateqoriya:İngilis dilində mahnılar Kateqoriya:İspan dilində mahnılar