"Si la vie est cadeau" () — Fransa müğənnisi Korin Erme tərəfindən ifa olunmuş, musiqisi Jan-Pyer Millersə, fransızca mətni isə Alen Qarsiyaya aid olan mahnı. Sözügedən musiqi kompozisiyası 1983-cü ildə Münxen şəhərində keçirilmiş Avroviziya Mahnı Müsabiqəsində Lüksemburqu təmsil etmiş və ölkənin bu müsabiqədəki sonuncu qələbəsini qazandırmışdır.

Konsepsiyası "Si la vie est cadeau" mahnısı Alen Qarsiyanın fransızca mətni əsasında Jan-Pyer Millers tərəfindən bəstələnmişdir. Əsər həyatı bir töhfəyə bənzədərək onun möcüzələrindən bəhs edən dramatik baladadır. Mətndə ifaçının "ona bütün dünyanı vəd edən" və sözünün üstündə durmayan bir kişiyə bəslədiyi sevgidən çəkdiyi əzablar təsvir olunur: "Bəs yazda sənə bəxş etmək istədiyim o uşaq necə olsun?". Daha sonra o, verilən, oğurlanan və ya geri qaytarılan hər bir töhfənin xoş qarşılandığını ifa edir və gözəl günlərin çox qısa sürdüyünü xatırladaraq dinləyiciyə ondan tam zövq almağı tövsiyə edir.

Korin Erme mahnını fransızca, ingiliscə ("Words of Love") və almanca ("Liebe gibt und nimmt") variantlarında lentə aldırmışdır.

Avroviziya Lüksemburq Teleradio Şirkəti (CLT) Korin Ermenin ifasında "Si la vie est cadeau" kompozisiyasını 28-ci Avroviziya Mahnı Müsabiqəsində ölkəni təmsil etmək üçün seçmişdir. 23 apre 1983-cü il tarihinde Münxendə yerləşən "Rudi-Sedlmayer-Halle" salonunda ARD adından Bavariya Radiosunun (BR) təşkilatçılığı ilə keçirilən və bütün qitədə canlı yayımlanan Avroviziya Mahnı Müsabiqəsində Korin Erme "Si la vie est cadeau" mahnısını Belçika təmsilçisi "Pas de Deux" qrupunun "Rendez-vous" ifasından sonra, gecənin iyirminci və ən sonuncu çıxışı olaraq təqdim etmişdir. Lüksemburq təmsilçisinin çıxışı zamanı tədbirin canlı orkestrini Mişel Bernholts idarə etmişdir.

Səsvermənin yekununda mahnı 142 bal toplayaraq iyirmi iştirakçı arasında birinci yeri tutmuş və müsabiqənin qalibi olmuşdur. Bu qələbə Lüksemburqun "Avroviziya"dakı qalibiyyət sayına görə Fransa ilə bərabərləşməsinə (hər birinin beş qələbəsi) imkan yaratmışdır, lakin sonradan hər iki ölkə hərəyə yeddi qələbəsi olan İrlandiya və İsveç tərəfindən geridə qoyulmuşdur. Bu, həmçinin Lüksemburqun müsabiqədə indiyə qədər qazandığı sonuncu qələbədir. 1984-cü ildə müsabiqənin növbəti qalibi, İsveçi təmsil edən "Herreys" qrupunun ifasında "Diggi-Loo Diggi-Ley" mahnısı olmuşdur. 1984-cü ildə Lüksemburqu təmsil edən növbəti kompozisiya isə Sofi Karlenin ifasındakı "100% d'amour" mahnısı olmuşdur.

İstinadlar

Kateqoriya:1983-cü ilin mahnıları Kateqoriya:1983-cü ilin sinqlları Kateqoriya:Fransız dilində mahnılar