"Diggi-Loo Diggi-Ley" — musiqisi Torqni Söderberq, isveçcə mətni isə Britt Lindeborq tərəfindən yazılmış, İsveç triosu "Herreys" — Per, Lui və Riçard Herrey qardaşları tərəfindən lentə alınmış mahnı. Sinqlın prodüserliyini Anders Enqberq və Torqni Söderberq etmişdir. Kompozisiya Lüksemburq şəhərində keçirilən 1984-cü il Avroviziya Mahnı Müsabiqəsində İsveçi təmsil etmiş və qalib gəlmişdir.

Konsepsiya "Diggi-Loo Diggi-Ley" mahnısı Britt Lindeborqun isveçcə sözlərinə Torgni Söderberq tərəfindən bəstələnmişdir. Anders Enqberq və Torgni Söderberq kompozisiyanın prodüseri qismində çıxış etmişdir. Bu, 1980-ci illərin üslubunda olan gümrah, dinamik bir rəqs mahnısıdır. Əsərdə solistin günlərin bir günü küçədə bir cüt qızılı ayaqqabı tapmasından bəhs olunur. O, ayaqqabıları geyinən kimi dərhal küçədə rəqs etmək istəyi hiss edir və özünü "sehirli bir dünya"da tapır. "Herreys" qrupu isveç dilindəki orijinal versiya ilə yanaşı, Per Herreyin mətni əsasında mahnının ingilisdilli versiyasını da yazdırmışdır.

Avroviziya 25 fevral 1984-cü ildə "Herreys" qrupunun ifasında səslənən "Diggi-Loo Diggi-Ley" mahnısı 23-cü "Melodifestivalen" yarışmasında iştirak etmişdir. Kompozisiya 49 xal toplayaraq müsabiqənin qalibi olmuşdur. Bu festival "Sveriges Television" (SVT) telekanalı tərəfindən 29-cu Avroviziya Mahnı Müsabiqəsi üçün mahnı və ifaçı seçmək məqsədilə təşkil olunduğundan, sözügedən əsər İsveçin müsabiqə təmsilçisi, "Herreys" qrupu isə ölkənin rəsmi ifaçısı hüququnu qazanmışdır.

5 may 1984-cü ildə Lüksemburqun "Théâtre Municipal" teatrında "Radio Télévision Luxembourg" (RTL) şirkəti tərəfindən təşkil olunan və bütün qitədə canlı yayımlanan Avroviziya Mahnı Müsabiqəsi baş tutmuşdur. "Herreys" qrupu "Diggi-Loo Diggi-Ley" mahnısını həmin gecə Lüksemburq təmsilçisi Sofi Karlenin ifasındakı "100% d'amour" kompozisiyasından əvvəl, birinci nömrə altında ifa etmişdir. İsveç nümayəndə heyətinin çıxışı zamanı canlı orkestrə Kurt-Erik Holmqvist dirijorluq etmişdir.

Səsvermənin nəticələrinə əsasən, mahnı 145 xal toplayaraq birinci yeri tutmuş və müsabiqənin qalibi olmuşdur. Qrup öz qalibiyyət təkrarını yarı isveç, yarı ingilis dilində ifa etmişdir. Onlar 1975-ci ildə "Teach-In" və 1976-cı ildə "Brotherhood of Man" qruplarından sonra müsabiqədə birinci nömrə altında çıxış edərək qalib gələn üçüncü təmsilçi olmuşlar. Həmin tarixdən etibarən birinci və ya ikinci nömrə altında çıxış edən heç bir mahnı müsabiqənin qalibi ola bilməmişdir. 1985-ci ildə müsabiqənin qalibi kimi onun estafetini Norveçi təmsil edən "Bobbysocks" qrupunun ifasındakı "La det swinge" mahnısı təhvil almışdır.

Mahnının bugünkü statusuna baxmayaraq, müsabiqə ərəfəsində onun qələbə qazanacağı gözlənilmirdi; belə ki, "Ladbrokes" bukmeker şirkəti İrlandiyanın "Terminal 3" və İtaliyanın "I treni di Tozeur" kompozisiyalarını əsas favorit hesab edirdi, buna görə də qrup üçün bu qələbə bir çoxları üçün gözlənilməz olmuşdur. İsveçin keçmiş Avroviziya təmsilçisi Tommi Körberq mətbuatda qrupu "rəqs edən dezodorantlar" adlandırmışdır. Bu alçaldıcı ləqəb qrup üzvlərinin doğma yurdundakı bütün karyerası boyu onları təqib etmişdir. Mahnının mənası olmayan adı müsabiqənin "Boom Bang-a-Bang", "Ding-a-dong" və "La La La" kimi əvvəlki qalib mahnılarına istinad xarakteri daşıyır.Thorsson, Leif. Melodifestivalen Genom Tiderna. Premium Publishing, Sweden. 1999

İstinadlar

Kateqoriya:1984-cü ilin mahnıları