Ukrayna 2024 Avroviziya Mahnı Müsabiqəsində — Ukraynanın 2024-cü il Avroviziya Mahnı Müsabiqəsində iştirakı. Ukrayna 2024-cü il Avroviziya Mahnı Müsabiqəsində Alyona Savranenko, Anton Çilibi, İvan Klimenko və Yana Şemayeva tərəfindən qələmə alınmış, Savranenko və Şemayevanın öz səhnə adları – Alyona Alyona və "Jerry Heil" altında ifa etdikləri "Teresa & Maria" mahnısı ilə təmsil olunmuşdur. Ukraynanın müsabiqədə iştirak edən yayımçısı – Ukrayna İctimai Yayım Şirkəti ölkə təmsilçisini müəyyənləşdirmək məqsədilə "Vidbir-2024" adlı milli seçim turunu təşkil etmişdir.

Ukrayna Avroviziya müsabiqəsinin 7 may 2024-cü il tarixində baş tutan birinci yarımfinalında yarışmaq üçün püşk atmış və daha sonra səhnəyə 5-ci sırada çıxması qərara alınmışdır. Şounun sonunda "Teresa & Maria" mahnısının birinci yarımfinalda ilk onluğa daxil olduğu bəyan edilmiş və finalda iştirak etmək hüququ qazanmışdır. Sonradan məlum olmuşdur ki, Ukrayna yarımfinalda mübarizə aparan on beş ölkə arasında 173 xalla ikinci yeri tutmuşdur. Final mərhələsində isə Ukrayna çıxış edən 25 ölkə arasında ümumilikdə 453 xal toplayaraq üçüncü sırada qərarlaşmışdır.

Zəmin Ukrayna İctimai Yayım Şirkəti ölkənin müsabiqədə ilk dəfə iştirak etdiyi 2003-cü ildən bəri Ukraynanı on səkkizinci dəfə təmsil etmişdir. Ölkə müsabiqədə ilk dəfə 2004-cü ildə Ruslananın ifasında "Wild Dances" mahnısı ilə qələbə qazanmışdır. İkinci dəfə 2016-cı ildə Camalanın ifa etdiyi "1944" mahnısı ilə, üçüncü dəfə isə 2022-ci ildə "Kalush Orchestra" qrupunun təqdim etdiyi "Stefania" kompozisiyası ilə yarışmanın qalibi olmuşdur. Ukrayna iki dəfə müsabiqənin ikincisi adını qazanmışdır: 2007-ci ildə Verka Serduçkanın ifasında "Dancing Lasha Tumbai" mahnısı ilə və 2008-ci ildə Ani Lorakın ifa etdiyi "Shady Lady" kompozisiyası ilə. 2004-cü ildə yarımfinalların tətbiqindən bəri Ukrayna indiyədək iştirak etdiyi bütün buraxılışlarda finala yüksəlməyi bacaran yeganə ölkə olmuşdur. Onların ən aşağı nəticəsi ev sahibi qismində çıxış etdikləri 2017-ci ildə "O.Torvald" qrupunun "Time" mahnısı ilə tutduqları 24-cü yer hesab olunur. 2023-cü ildə Ukraynanın əvvəlki mövsümün qalibi kimi birbaşa vəsiqə qazandığı final mərhələsində "Heart of Steel" mahnısı altıncı yeri tutmuşdur.

Müsabiqədə iştirak edən rəsmi yayımçı kimi "Suspilne", Avroviziya Mahnı Müsabiqəsi üçün öz təmsilçisinin seçilməsini təşkil edir və tədbiri ölkə daxilində nümayiş etdirir. Əvvəllər Ukrayna yayımçısı təmsilçiləri müəyyənləşdirmək üçün daxili seçim və milli final formatlarını növbəli şəkildə tətbiq etmişdir. 2016–2020-ci illər rübündə, eləcə də 2022-ci ildən etibarən "Suspilne" qurumu "Avroviziya" üçün mahnı və ifaçı seçmək məqsədilə xalqın və münsiflər heyətinin birgə səsverməsindən ibarət olan, bir neçə sənətçinin qatıldığı milli finallar təşkil etmişdir. 7 iyul 2023-cü il tarixində "Suspilne" 2024-cü il müsabiqəsində iştirak etmək niyyətini təsdiqləmişdir. Avqustun sonunda seçim metodu olaraq milli final formatı təsdiq olunmuşdur. 12 dekabr 2023-cü il tarixində "1+1 Media Group" şirkətinin milli finalın prodüserliyini üstlənəcəyi bəyan edilmişdir.

İstinadlar

Kateqoriya:Ukrayna Avroviziya Mahnı Müsabiqəsində