İqtisadiyyat — istehsal üsullarının fərqləndirilməsi xüsusiyyətləridir. İqtisad elminin adı bu sözdən, termindən alınmışdır. Geniş mənada iqtisadiyyat bütün iqtisadi bilik sahələrinin, eləcə də iqtisadi nəzəriyyənin öyrəndiyi, araşdırdığı obyektdir.

Tarixi Elm tarixində ilk dəfə iqtisadiyyat sözünü, anlayışını qədim yunan alimləri işlətmişlər. O, Ksenofontun (e.ə-430–355) "Ev təsərrüfatı" və ya "Ev iqtisadiyyatı" deyilən əsərinin adından götürülmüş, sonra Aristotel (e.ə-384–322) tərəfindən geniş şərh edilmişdir. Yunan sözü olan "Oykonomiya" iki sözdən- "oykos" (ev, təsərrüfat) və "nomos" (qayda, qanun) söz birləşmələrindən yaranmışdır. Bu mənada "Ekonomika" antik dövrün qul əməyinə əsaslanan ailə təsərrüfatının, ən çox natural təsərrüfat münasibətlərini ifadə edirdi. Təsərrüfat və onun idarəedilmə qanunları mənasını daşıyan bu anlayış sonralar mürəkkəb və geniş bir fəaliyyət dairəsini, bütövlükdə iqtisadiyyat mənasını ifadə etməyə başlamışdır. Hazırda dünyanın əksər ölkələrində, müxtəlif dillərdə "Ekonomiks" geniş anlamlı bir kateqoriya kimi işlədilməkdədir. Bizim və bir çox islam ölkələri xalqlarının dilində "ekonomika" ərəb dilindən alınmış "iqtisadiyyat", "iqtisad" kimi sözlərlə ifadə olunur. Lüğəti mənası da elə "ekonomika" anlayışının bildirdiyi mənaya uyğundur.

İqtisadi fikir tarixi "İqtisadiyyat" termini ilk dəfə "Oykonomiya" adı altında qədim yunan alimi Ksenofont (b.e.ə. 430–355-ci illər) tərəfindən işlənmiş, sonralar Aristotel tərəfindən geniş yayılmışdır. "İqtisadiyyat" sözü ərəbcə "qəsədə" ("yönəltmək", "qənaət etmək, "çatmağa çalışmaq") sözündən əmələ gəlmiş, bu sözdən müxtəlif mənalarda işlənən "qasid", "məqsəd", "qəsd" sözləri yaranmışdır. "İqtisad" sözü ərəb dilində "qənaətçilik", "təsərrüfat" mənasında işlədilir. "Təsərrüfat" sözü ərəbcə "sərf", "məsrəf", "təsrif" sözləri ilə eynidir. "İqtisadiyyat" sözü "iqtisad" sözünün cəm halıdır. "İqtisadiyyat" sözü forma baxımından da fərqlənir. Nəzəri və tətbiqi iqtisadiyyat bütün iqtisad elmlərinin deyil, təsərrüfat həyatının ən mühüm proseslərinin dərk olunması və tənzimlənməsi üçün xüsusilə aktual olan istiqamətlərin özünəməxsus sintezidir. "İqtisadiyyat" anlayışında səviyyə bölgüsü mövcuddur. Bu bölgüyə aiddir: makroiqtisadiyyat, mikroiqtisadiyyat, mezoiqtisadiyyat və meqoiqtisadiyyat. Makroiqtisadiyyat ölkənin iqtisadiyyatının bütövlükdə götürülməsi deməkdir. İqtisadiyyatın mürəkkəb, ierarxik şəkildə təşkil olunmuş sistemi kimi çıxış etməsidir. Mikroiqtisadiyyat iqtisad elminin bölməsi kimi qəbul edilə bilər, kiçik miqyaslı iqtisadi proseslərin, subyektlərin, hadisələrinin (yəni müəssisə, firma, şirkət, xidmət bölmələri, sahibkarlıq qurumları, fermer təsərrüfatı və s.) öyrənilməsi ilə məşğuldur. Mezoiqtisadiyyat makroiqtisadiyyatda bir-biri ilə üzvü surətdə bağlı olan sahələr kompleksini, birliyini bildirən anlayışdır. Məsələn, aqrar — sənaye kompleksi, hərbi-sənaye kompleksi, infrastruktur və s. Meqoiqtisadiyyat isə əsası beynəlxalq əmək bölgüsü olan dünya iqtisadiyyatını bildirən anlayışdır. İqtisadiyyat ictimai elm qrupunun tərkib hissəsidir. İqtisadi biliklər sisteminin yaradılması bilavasitə siyasi iqtisadın elm kimi meydana gəlməsi ilə bağlıdır. İqtisadi biliklərin mənbələri quldarlıq cəmiyyəti dövrünə, qədim Misir papirusları üzərində yazılmış mətnlərə, Babilistan padşahı Hammurapinin (b.e.ə. 1792–1750-ci illər) qanunlarının daş üzərində yazıldığı dövrə, qədim hind vedlərinə -dini məcmuələrinə (b.e.ə. II minilliyin sonu — I minilliyin əvvəli) aiddir.

Bölmələri İqtisadiyyatı öyrənmə, dərketmə baxımından yanaşdıqda o, makroiqtisadiyyat, mikroiqtisadiyyat, mezoiqtisadiyyat, meqoiqtisadiyyat sahələrinə bölünür. İdarəetmə baxımından da iqtisadiyyatın bu hissələrə bölgüsü əsaslıdır.

Makroiqtisadiyyat — bu, hər bir ölkənin və regionun iqtisadiyyatının bütövlükdə öyrənilməsi, araşdırılması və təhlili deməkdir. Makroiqtisadiyyat səviyyəsində cəmiyyətin, ölkənin, milli iqtisadiyyatın ən başlıca iqtisadi problemləri dayanır. Burada ictimai məhsulun məcmuu, milli gəlirin kəmiyyəti, onların artımı, bölgüsü, sosial tələbatların təmin olunmaq səviyyəsi və s. kimi problemlərin öyrənilməsi və həlli yolları araşdırılır.

Mikroiqtisadiyyat — istehsalın və xidmətin müəssisə, firma səviyyəsində araşdırılması, təşkili və idarəedilməsi deməkdir. İqtisadiyyatın özəyini təşkil edən müəssisədə, firmada, şirkət və s. özəklərdə istehsalın və xidmətin daha səmərəli qurulması modelləri seçilir, az xərclə daha çox və daha keyfiyyətli məhsul buraxılmasına çalışılır. Bu dairədə istehsal xərcləri, mənfəət, qiymət, əmək haqqı, tələb-təklif kimi iqtisadi amillərdən daha konkret şəkildə istifadə olunur və idarəetmədə daha çevik formalar seçilir.

Mezoiqtisadiyyat — makroiqtisadiyyatın yarımsistemidir; bir-biri ilə üzvi bağlı sahələr kompleksidir. Məs., aqrar-sənaye kompleksi, aqrar-biznes, hərbi-sənaye kompleksi. Bunların maddi əsaslarını əmək bölgüsü və kooperativləşmə təşkil edir.

Aqrar-sənaye kompleksində kənd təsərrüfatı ilə emal sənaye sahələrinin, bəzi istehsal vasitələri istehsal edən sənaye sahələrinin üzvi əlaqəliliyi əsas götürülür. Hərbi-sənaye kompleksində hərbi və mülki istehsal sahələrinin qarşılıqlı əlaqəsi ifadə olunur.

Meqaiqtisadiyyat — bu anlayış altında bütövlükdə dünya təsərrüfatı, başqa sözlə, beynəlxalq miqyasda iqtisadiyyat başa düşülür.

Predmeti İqtisadiyyat bütün səviyyələr və sistemlər baxımından ümumi prinsiplərə, qanunauyğunluqlara malikdir, lakin bu heç də dünya, regional və milli iqtisadiyyatların özünəməxsus xüsusiyyətlərini inkar etmir. Çünki, iqtisadiyyatın başlıca prinsipləri, məqsəd və funksiyaları göstərilən çərçivələrdə, xüsusilə milli iqtisadiyyat çərçivəsində reallaşa bilər. Buna görə də dünya iqtisadiyyatı və milli iqtisadiyyat iqtisad elminin öyrəndiyi sahələrdəndir.

İqtisadiyyat insan üçün yaradılmış və ona da xidmət etməlidir. Bu baxımdan hər cür iqtisadiyyatın təbii və son məqsədi insanın, cəmiyyətin tələbatını ödəməkdir. Bunun üçün iqtisadiyyatın bütün bölmələr, sahələr ilə genişlənməsi və təkrar istehsalını keçirməsi zəruridir.

İqtisadiyyat təkrar istehsalın istehsal, bölgü, mübadilə, istehlak mərhələlərini özündə üzvi surətdə birləşdirən bir sistemdir. Burada istehsalla istehlak arasındakı qarşılıqlı asılılıq və vəhdət mühüm yer tutur. Bu prosesdə bölgü və mübadilə formalarının aktiv və passiv təsirləri də özünü göstərir.

Məlumdur ki, hər cür istehsal prosesində təbiət — torpaq, kapital və əmək (insan) iştirak edir. Bu üç amilin üzvi vəhdəti nəticəsində istehsal prosesi baş verə bilər. Torpaq insanın əzəli qida mənbəyidir. Əmək alətləri isə insanın özünün icad etdiyi vasitələrdir. Başqa sözlə, insan təbiətə, onun predmetlərinə — torpağa, bitkiyə və heyvanat aləminə təsir göstərmək və tələbatını ödəmək üçün əmək alətləri yaratmışdır, bəsit alətlərdən (daş, ox, kaman və s.) başlamış o, müasir mürəkkəb alətlərə qədər böyük inkişaf yolu keçmişdir. Bu prosesdə istehsalın başlıca amili olan insanın özü də inkişaf etmiş, kamilləşmiş və nəticədə çağdaş sivilizasiyalı iqtisadiyyatın yaranmasına nail olmuşdur.

İqtisadiyyat insanların yaşayışını, həyat sürməsini təmin etmək zərurətindən yaranmışdır. Burada insan başlıca məqsəd və həlledici amildir. O, həm istehsalçı və həm də istehlakçıdır. Deməli, istehsalın fasiləsiz təkrarı və genişlənməsi də bu zərurətdən yaranır. İstehsal olunan məhsullar bölüşdürülməlidir, sonra tədavül, alqı-satqı yolu ilə istehlaka daxil olmalıdır. Bununla, sanki bütün məsələlər bitmiş olur. Elə görünür ki, bütün iqtisadi proseslər asan və rəvan bir yolla başlayır və sona çatır. Bu iqtisadiyyatın görünən tərəfləridir. Cəmiyyət həyatında isə nəyi bölmək, necə bölmək, kimə nə qədər pay vermək mürəkkəb bir iqtisadi mexanizmdir.

İqtisadiyyatın təməl prinsiplərini təşkil edən, istehsal, bölgü, mübadilə və istehlak proseslərində milyonlarla istehsalçıların, satıcıların, alıcıların maraqları əks olunur və reallaşır. Bu münasibətlərin daşıyıcıları cəmiyyətin bütün 3 dairələrində, istehsal, xidmət, idarəetmə, elm, təhsil, mədəniyyət və sairədə fəaliyyət göstərən insanlardır. Bütün bunların arasında baş verən iqtisadi münasibətlərin və onların inkişaf qanunauyğunluqlarının araşdırılması və aşkar edilməsi iqtisadi nəzəriyyənin predmeti və funksiyalarıdır. Əlahiddətlənmiş

Qədim və orta əsrlərdə iqtisadi fikir və təlimlər İqtisad elmi XVIII əsrdən başlayaraq bu günümüzə qədər böyük bir inkişaf yolu keçmişdir. Müasir iqtisadi nəzəriyyələr sistemini əhatəli öyrənmək üçün bu elmin yaranması və inkişafı tarixinə bələd olmaq gərəkdir. İqtisadi fikir tarixi iqtisadiyyatın tarixi qədər qədimdir. Başqa sözlə, iqtisadiyyat iqtisadi fikrin və nəzəriyyələrin öyrəndiyi obyektdir. Əsil iqtisadi fikir və biliklər isə icma quruluşunun dağıldığı, ictimai əmək bölgüsünün, dövlətin və siniflərin yarandığı dövrdə meydana çıxmağa başlamışdır. Ümumiyyətlə, elm, biliklər cəmiyyətin daha yetkin mərhələsində, xüsusilə klassik quldarlıq dövründə yaranmışdır.

İqtisadi fikir və biliklərin meydana çıxması üçün daha yetkin iqtisadiyyatın olması zəruri idi. Belə bir iqtisadi, mədəni şərait qədim Misirdə, Babilistanda, Çində, Hindistanda, İranda mövcud olmuşdur. Hələ eramızdan 4–5 min il əvvəl qədim böyük dövlətlər və mədəniyyətlər Şərq ölkələrində — qədim şumerlərdə (indiki İraq ərazisində), Misirdə, Türkistanda və s. ölkələrdə meydana gəlmiş və nisbətən yüksək inkişaf səviyyəsinə çatmışdır. Bu ölkələrdə istehsalın ən qədim və əsas sahələri olan əkinçilik, heyvandarlıq, suvarma sistemi, sənətkarlıq, ticarət, şəhər mədəniyyəti daha yüksək səviyyəyə qalxmışdır. Fridrix Engels göstərir ki, Asiyanın ən qabaqcıl tayfalarında: arilərdə, semitlərdə, turanlılarda başlıca əmək sahəsi olan əkinçilik, heyvandarlıq, suvarma sistemi xeyli inkişaf etmiş, ilk ictimai əmək bölgüsü də bu ölkələrdə baş vermişdir. O, "Kapital"ın III cildinə əlavədə yazır: "Əmtəə mübadiləsi hələ heç bir yazılı tarixin mövcud olmadığı zamanlarda Misirdə bizim tarixdən azı üç və ya beş min il qabaq, Babilistanda isə dörd-altı min il qabaq başlanır".

Tarixi mənbələr göstərir ki, Qədim Şərqdə əmək bölgüsünün və bunun əsasında əmtəə mübadiləsinin erkən inkişafı pulun da bu ölkələrdə yaranmasına səbəb olmuşdur. Belə ki, Şərq ölkələrinin əksəriyyətində qaramal, qoyun və bu kimi məhsullar mübadilədə vasitəçi rolunda çıxış etmişlər. Klassik quldarlıq sisteminə əsaslanan qədim yunanlar təbiəti, cəmiyyəti və insanı öyrənən elmlərin əsasını qoymuşlar. Qədim yunan mütəfəkkirləri elmin başqa sahələrində olduğu kimi, iqtisadiyyatın öyrənilməsi və araşdırılması sahəsində də yüksək qabiliyyət nümayiş etdirə bilmişlər. Ksenofontun (e.ə.430–355), Platonun (e.ə.427–347), Aristotelin (e.ə. 348–322) əsərlərində quldarlıq quruluşunun iqtisadi münasibətləri nəzəri baxımdan araşdırılmış və əməli tövsiyələr verilmişdir.

İlk dəfə "İqtisadiyyat" — "Oykonomiya" anlayışını elmə gətirən də onlar olmuşlar. Bununla da təsərrüfat və onun idarəedilmə qayda-qanunlarını ifadə edən iqtisadiyyat anlayışı elm tarixinə daxil olmuşdur. Əslində "Oykonomiya" sözü Ksenofontun bir əsərinin adından alınmışdır. O, bu başlıq altında qul əməyinə əsaslanan ev təsərrüfatı və onun ağıllı idarə edilməsindən danışır. Ksenofont əmək bölgüsü, peşələr üzrə ixtisaslaşmaq və bunların insanın iş qabiliyyətinə təsiri haqqında qiymətli fikirlər yürüdür. Onun əsərlərində sərvət və ondan istifadə qaydaları, əkinçilik və onun üstünlükləri haqqında fikirlər də əks olunmuşdur. Filosofun fikrinə görə əkinçilik bütün sənətlərin anası və qida mənbəyidir. Buna görə də o, əkinçilik, bağçılıq, üzümçülüklə məşğul olmağı, ən ağıllı sənət hesab edir və bu sahələrdə işləyənlərin əməyinə yüksək qiymət verir.