Şəfiqə Mehdi qızı Məmmədəliyeva () — Azərbaycan oftalmoloqu, traxoma xəstəliyinə qarşı mübarizə sahəsində fəaliyyət göstərmiş həkim, Azərbaycan SSR əməkdar həkimi (1966), Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatı və Ali Sovet sədrinin müavini (1963–1967). O, akademik Yusif Məmmədəliyevin qardaşı qızı olmuşdur.
Həyatı və əmək fəaliyyəti Şəfiqə Mehdi qızı Məmmədəliyeva 1926-cı ildə Ordubad şəhərində anadan olmuşdur. 1948-ci ildə Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini əla qiymətlərlə bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra göz xəstəlikləri üzrə ixtisaslaşmış, Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda təkmilləşdirmə kursu keçmişdir.
Şəfiqə Məmmədəliyeva 1948–1997-ci illərdə oftalmoloq kimi fəaliyyət göstərmişdir. O, 1948–1951-ci illərdə Ordubad Rayon Traxoma Dispanserinin baş həkimi, 1951–1952-ci illərdə Naxçıvan Traxoma Dispanserinin həkimi, 1952–1957-ci illərdə Culfa Rayon Traxoma Dispanserinin həkimi vəzifələrində çalışmışdır.
1957–1971-ci illərdə Culfa Rayon Traxoma Dispanserinin baş həkimi olmuş, 1971–1990-cı illərdə Culfa Rayon Birləşmiş Xəstəxanasında göz həkimi kimi fəaliyyət göstərmişdir. Sonrakı illərdə, 1990–1993-cü illərdə Bakı şəhərində 8 nömrəli poliklinikada, 1993–1997-ci illərdə isə Səttarxan adına zavodun tibb məntəqəsində göz həkimi vəzifəsində işləmişdir.
Uzunmüddətli əmək fəaliyyəti dövründə Culfa rayonunun kəndlərində əhali arasında tibbi müayinələr aparmış, traxoma xəstəliyinin profilaktikası və müalicəsi ilə məşğul olmuşdur.
Traxomaya qarşı mübarizə Şəfiqə Məmmədəliyeva Azərbaycanda traxoma xəstəliyinə qarşı mübarizə tədbirlərində iştirak etmişdir. Onun rəhbərliyi ilə Culfa rayonunda xəstəliyin profilaktikası, aşkar edilməsi və müalicəsi istiqamətində tədbirlər həyata keçirilmiş, nəticədə traxomanın yayılması əhəmiyyətli dərəcədə azalmışdır.
1960-cı ildə məktəblilər və hərbi xidmətə çağırılan gənclər arasında traxoma xəstəliyinin aradan qaldırılmasına nail olunmuşdur. 1964-cü ildə aparılmış yoxlamaların nəticələrinə əsasən bölgədə traxomanın ləğv edilməsi barədə hesabat təqdim edilmişdir.
İctimai-siyasi fəaliyyəti Şəfiqə Məmmədəliyeva 1957-ci ildə Culfa Şəhər Sovetinin deputatı seçilmişdir. 1961-ci ildə Rayon Sovetinin deputatı və Rəyasət Heyətinin üzvü olmuşdur. 1963-cü ildə Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatı seçilmiş, həmçinin Ali Sovet sədrinin müavini vəzifəsində işləmişdir. 1967-ci ildə Culfa Rayon Sovetinin deputatı seçilmişdir.
1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur.
Təltifləri 1950 — Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin Fəxri Fərmanı 1960 — Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı 1961 — Azərbaycan Həmkarlar İttifaqları Şurasının fəxri fərmanı; 1966 — "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı; 1970 — "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı; 1971 — Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı; 1984 — "Əmək veteranı" medalı. 1981-ci ildən respublika əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.
İstinadlar
Kateqoriya:Azərbaycan oftalmoloqları Kateqoriya:Azərbaycan SSR Ali Soveti sədrinin müavinləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Culfa Rayon Xalq Deputatları Sovetinin deputatları