Paris Notr-Dam kilsəsinin şpili () — Paris Notr-Dam kilsəsinin transept qollarının kəsişdiyi hissənin üzərində ucalan şpil.
Tarixi ərzində kafedralın üç şpili olmuşdur. XIII əsrdə inşa edilmiş ilk, yəni orta əsrlərə aid şpil əsrlər boyu hava şəraitinin təsiri nəticəsində zəiflədiyindən XVIII əsrin sonlarında sökülmüşdür. İkinci şpil isə Ejen Violle-le-Dyuk tərəfindən inşa edilmiş və 1859-cu ilin avqustunda açılışı olmuşdur. Bu şpil 2019-cu ilin aprelində kafedralın dam örtüyünü məhv edən böyük yanğın zamanı uçmuşdur.
Yanğından sonrakı aylarda üçüncü şpilin necə inşa ediləcəyi geniş müzakirə mövzusu olmuşdur. Nəhayət, 2020-ci ilin iyulunda onun əvvəlki görnüşünün tam surəti kimi yenidən tikilməsi qərara alınmışdır. Müasir şpil 2023-cü ilin sonunda yenidən yerinə quraşdırılmışdır.
İlk şpil 200px|thumb|left|Noel Bellemar - Paris Notr-Dam kafedralı II Jan de Moleonun gerbi ilə, "Pontifical romain" əlyazması, 1525–1530-cu illər, Fransa Milli Kitabxanasının kolleksiyası İlk orta əsr şpili XIII əsrdə transeptin kəsişmə hissəsinin üzərində inşa edilmişdir, lakin onun dəqiq tikilmə tarixi mübahisəlidir. 1858-ci ildə, yenidənqurma işlərindən dərhal əvvəl yerində qalmış dayaq hissəsinin tədqiqi göstərmişdir ki, şpil "çox məharətlə və düşünülmüş şəkildə" layihələndirilmiş dam karkası sistemi üzərində qurulmuşdu. Bütün yük transeptin dörd dayağı üzərinə ötürülürdü.
Bu şpil təkcə mühüm memarlıq bəzəyi deyil, həm də zəng qülləsi funksiyasını yerinə yetirirdi. XVII əsrin əvvəllərində burada "taxta zəng istisna olmaqla altı kiçik zəng" yerləşirdi. Şpil qurğuşun lövhələrlə örtülmüşdü. Dam örtüyündən xoruz fiqurunun başınadək onun hündürlüyü 104 kral futu idi. Dani Sandronun hesablamalarına görə isə şpil kafedralın döşəməsindən 83 metr yüksəklikdə idi.
1606-cı ilin martında güclü külək və dam karkasının çürüməsi nəticəsində şpilin zirvəsində yerləşən böyük xaç, onun ucunda saxlanılan relikviyalarla birlikdə yerə düşmüşdür.. XVIII əsrin ortalarından etibarən küləyin təsiri altında şpil tədricən əyilməyə başlamışdır.
Ferdinand de Giyermi və Ejen Violle-le-Dyukun yazdıqlarına görə, şpil 1792-ci ildən sonra sökülmüşdür. Dubunun məlumatına əsasən isə onun sökülməsi barədə qərar 1793-cü ildə İnqilab hökuməti tərəfindən, qurğuşun lövhələrin əldə edilməsi məqsədilə verilmişdir. 1797-ci ildən etibarən şpil artıq kafedralın heç bir təsvirində görünmür. Ejen Violle-le-Dyuk isə şpilin sökülməsini memar Etyen-İpolit Qod ilə əlaqələndirir.
Violle-le-Dyukun şpili
1842-ci ildə Paris Notr-Dam kafedralının bərpası və yeni sakristiyanın tikintisi üçün müsabiqə elan edilmişdir. 1843-cü ildə Jan-Batist Antuan Lassü və Ejen Violle-le-Dyuk tərəfindən ədliyyə və dini işlər nazirinə təqdim edilmiş bərpa layihəsində transeptin kəsişmə hissəsinin üzərində yerləşmiş və 1793–1797-ci illər arasında sökülmüş şpilin yenidən qurulması təklif edilirdi.
Lassü və Violle-le-Dyuk Antuan-Pyer-Mari Jilberin (1785–1858) topladığı rəsmlərdən, o cümlədən Jan-Fransua Qarneray (1755–1837) tərəfindən çəkilmiş köhnə şpil rəsminin memar Emil Boesvillvald tərəfindən hazırlanmış surətindən istifadə etmişdilər. Emil Boesvillvald həmçinin Orlean kafedralının şpilini inşa etmişdi.
Bu layihə yeparxiya memarları Arvöf və Danjuanın layihələri ilə birlikdə 11 mart 1844-cü ildə Mülki Tikililər Şurasına təqdim edilmişdir. Lassü və Violle-le-Dyukun layihəsi 9 may 1845-ci ildə seçilmişdir. Kafedralın təmiri haqqında hesabat hazırlamaq vəzifəsi daşıyan qanunvericilik komissiyası layihəni dəstəkləmiş, lakin onun şpilin yenidən qurulmasını nəzərdə tutmamasından təəssüfləndiyini bildirmişdir.
19 iyul 1845-ci ildə kafedralın bərpası və yeni sakristiyanın tikintisi üçün 2 650 000 frank məbləğində vəsait ayrılmasını nəzərdə tutan qanun qəbul edilmişdir.
Kafedral, Lassü tərəfindən başlanmış və onun 1857-ci ildə vəfatından sonra Ejen Violle-le-Dyuk tərəfindən davam etdirilmiş bərpa işlərinədək şpilsiz qalmışdır. Yeni şpil layihəsi 1858-ci ilin martında xalq maarifi və dini işlər naziri tərəfindən təsdiq edilmişdir. Onun layihəsi Orlean Müqəddəs Xaç kafedralının şpilindən, həmin şpil isə öz növbəsində Amyen Notr-Dam kafedralının şpilindən ilhamlanaraq hazırlanmışdır.
İşlər 25 avqust – 13 oktyabr 1858-ci il tarixləri arasında köhnə şpilin dayaq hissəsinin dam karkasının sökülməsi ilə başlanmışdır. Daha sonra mərkəzi tağın üzərində müvəqqəti döşəmə quraşdırılmışdır. Şpilin inşası üçün iskələnin qurulmasına 1 sentyabrda başlanmış, onun ilk mərhələsi 1 oktyabrda, bütün iskələnin quraşdırılması isə 3 yanvar 1859-cu ildə tamamlanmışdır.
Yeni şpil 1859-cu ilin fevral-avqust ayları arasında inşa edilmişdir. Onun taxta konstruksiyası daha əvvəl Orleanda da çalışmış Ogüst Bellünün (1796–1862) dam karkası üzrə ixtisaslaşmış şirkəti tərəfindən, metal örtüyü isə Mondui emalatxanaları tərəfindən hazırlanmışdır. Yeni şpilin açılışı 15 avqust 1859-cu ildə keçirilmişdir. Şpilin hündürlüyü 96 metr təşkil edirdi.
1999-cu ildə fəallar 1959-cu il Tibet soyqırımını anmaq məqsədilə şpilə dırmaşmışdılar; alpinist Şantal Modüi də 1997-ci ildə eyni hərəkəti etmişdi. Silven Tesson 1990-cı illərdə şpilə təxminən yüz dəfə dırmaşmışdı.
Şpil uçana qədər Fransanın geodeziya şəbəkəsinin məntəqələrindən biri olmuşdur. 200px|thumb|right|Violle-le-Dyukun şpili 2018-ci ildə.
Memarlıq xüsusiyyətləri
Neoqotika üslubunda inşa edilmiş şpilin hündürlüyü 93 metrə çatırdı. Bu, Orlean kafedralının şpilindən 21 metr alçaq, əvvəlki orta əsr şpilindən isə 10 metr hündür idi. Onun qurğuşun örtüyünün çəkisi təxminən 250 ton təşkil edirdi. Bu örtük tamamilə Şampan palıdından hazırlanmışdı və çəkisi təxminən 500 ton olan konstruksiyanı örtürdü.
Şpil altı əsas hissədən ibarət idi: dayaq platforması () — şpilin transeptin kəsişmə hissəsindəki dörd əsas dayağa söykənməsini təmin edən altlıq; əsas dayaq düyünü () — dam fermalarının kəsişdiyi taxta konstruksiya; səkkizbucaqlı gövdə — şpilin xaricdən görünən ilk hissəsi; iki açıq işləməli mərtəbə və iynəvari zirvə.
Şpil mifoloji qoruyucu fiqurlar funksiyasını daşıyan əfsanəvi məxluqların dörd cərgəsi ilə əhatə olunmuşdu. Aşağı qalereya yuxarı hissəsi dördyarpaq motivi ilə tamamlanan iki hissəli qotik pəncərələrdən ibarət idi. Tağların hər biri 21 qızılgül tumurcuğu ilə bəzədilmişdi (Yesaya 11:1). Bu motiv kafedralın himayədarı Məryəmi Loreto litaniyalarında xatırlanan "Mistik qızılgül" () rəmzi ilə əlaqələndirirdi.
Yuxarı qalereya burunvari naxışlı daş şəbəkə ilə işlənmiş bir hissəli pəncərələrlə açılırdı. İki qalereyanın arasında qüllənin ətrafını mürəkkəb formalı dəmir tikanlardan ibarət çələng əhatə edirdi. Bu element kafedralda qorunan Müqəddəs Tikanlı Tacı simvolizə edirdi.
Yuxarı qalereyanın üzərində yüksələn frontonların hər biri üçyarpaq, dördyarpaq və yuxarı hissədə yerləşən sonuncu lansetvari pəncərə ilə bəzədilmişdi. Frontonların arasında iki mərtəbə boyunca iki cərgə pinakl yüksəlirdi. Səkkizbucaqlı qüllənin yuxarı hissəsi on iki cərgə sürünən çiçək ornamentləri ilə bəzədilmişdi. Qüllənin yuxarı hissəsini Məryəmlə əlaqələndirilən qızılgül (Sirax 24:18) və zanbaq (Nəğmələr nəğməsi 2:2) çələngləri tamamlayırdı. Onların üzərində altı metr hündürlüyündə xaç, xaçın zirvəsində isə mis xoruz fiquru yerləşirdi. Qızılgül çələngi Rozari duasına işarə kimi şərh edilə bilər, zanbaq çələngi isə ənənəvi olaraq Məryəmin əbədi bakirəliyinin rəmzi hesab olunur.
Həvarilərin heykəlləri
Ejen Violle-le-Dyuk şpilin novlarının dörd maili tirini döymə üsulu ilə işlənmiş misdən hazırlanmış on iki həvarinin monumental heykəlləri ilə bəzətmişdir. Dirdri Vestgeyt və Şarann Klark şpilin həvari heykəlləri ilə bəzədilməsi haqqında qərarın 1858-ci ildə, şpilin dam karkasının qalıqları üzərində on altı kiçik sütunun aşkarlanmasından sonra qəbul edildiyini bildirirlər. Heykəllər bir-birinin altında, hərəsində üç fiqur olmaqla dörd sıra şəklində yerləşdirilmişdir.
Dünyanın dörd əsas istiqamətinə yönəldilmiş hər bir qrup yevangelistləri simvolizə edən tetramorf fiqurlarından birinin üzərində yerləşir: Lukanı öküz, Markı şir, İohannı qartal, Matfeyi isə mələk təmsil edir. Adolf-Viktor Joffrua-Deşomun əsəri olan bu heykəllər XIII əsr estetikasından ilhamlanmışdır. Memarların himayədarı Müqəddəs Foma istisna olmaqla, bütün həvarilər Parisə baxırlar. Müqəddəs Fomanın simasında Violle-le-Dyukun üz cizgiləri əks olunmuşdur; heykəl isə sanki şpili seyr edirmiş kimi ona tərəf çevrilmişdir.
Mərkəzi dayaq dirəyinin — şpili saxlayan taxta sütunun — əsasında, işlər tamamlandıqdan sonra vintlə bərkidilmiş dəmir lövhə yerləşdirilmişdir. Lövhənin üzərində həm sənətkar birlikləri, həm də masonluqla əlaqələndirilən rəmz olan bir-birini kəsən günyə və pərgar təsviri, həmçinin Kainatın Böyük Memarını tərənnüm edən akronim həkk olunmuşdur. Bəzi tədqiqatçılar buna əsaslanaraq lövhədə adları qeyd olunan Violle-le-Dyuk və Bellünün mason olduqları qənaətinə gəlmişlər. Lakin lövhədə sənətkar birlikləri hərəkatının qollarından biri olan "Devoir de liberté"yə mənsub, "hindli" ləqəbi ilə tanınan dülgər Jorjun adı da qeyd edilmişdir.
Xoruz
Şpilin zirvəsində yerləşən, təxminən 30 kq ağırlığında olan döymə mis xoruz da Adolf-Viktor Joffrua-Deşomun əsəridir. Onun içərisində üç relikviya saxlanılır: Müqəddəs Tacın kiçik bir parçası, müqəddəs Dionisi və müqəddəs Jenevyevanın relikviyalarından hər biri bir ədəd. Müqəddəs Tacın parçası 1860-cı ildə Violle-le-Dyuk tərəfindən xoruzun içərisinə yerləşdirilmişdir. 1935-ci ildə xoruzun bərpasından sonra həmin parça Paris arxiyepiskopu kardinal Verdye tərəfindən yenidən onun içərisinə qoyulmuşdur.
16 dekabr 2023-cü ildə Paris arxiyepiskopu Loran Ulrix tərəfindən xeyir-dua verildikdən sonra şpilin zirvəsinə yeni xoruz quraşdırılmışdır. Memar Filip Vilnöv tərəfindən hazırlanmış bu qızılı heykəlin içərisində əvvəlki xoruzda saxlanılan relikviyalarla yanaşı, binanın yenidən qurulmasında iştirak etmiş 2000 nəfərin adı da yerləşdirilmişdir. Köhnə xoruz hazırda kafedralın muzeyində saxlanılır.
Restavrasiyası
Kafedralın, on il davam etməsi və 60 milyon avroya başa gəlməsi nəzərdə tutulan ümumi bərpa proqramı çərçivəsində şpilin bərpası işlərinə 11 aprel 2019-cu ildə başlanılmışdır. İlk mərhələdə 80 metrlik kranın köməyi ilə on altı heykəl yerindən götürülərək bərpası mesenatlıq vəsaitləri hesabına maliyyələşdirilən və bu işlərin həvalə olunduğu Periqyö bölgəsində yerləşən "Socra" şirkətinə aparılmışdır. Heykəllərin emalatxanada hər dəfə ikisi olmaqla bərpa edilməsi nəzərdə tutulurdu; digər on dörd heykəl isə üç il davam etməsi və 11 milyon avroya başa gəlməsi planlaşdırılan şpilin bərpası işləri müddətində nümayiş etdirilmək üçün kafedralın xor hissəsində yerləşdirilməli idi.
1990-cı illərdə kafedralda aparılmış bərpa işləri yalnız qərb fasadını əhatə etmişdi. Şpildə isə 1935–1937-ci illərdən bəri heç bir bərpa işi aparılmamışdı. Bununla belə, tikilidə 160-dan çox zədələnmə halının aşkarlanması onun bərpasını zəruri etmişdi. Qırılmalar, cırılmalar, lövhələrin qalxması və qaynaq birləşmələrində yaranmış çatlar qurğuşun örtüyün sukeçirməzliyini pozaraq onun dam konstruksiyasının bütövlüyünü təhlükə altına salmışdı. 200px|thumb|right|Kafedral şpili 2019-cu il yanğını zamanı Bundan əlavə, əvvəlki bərpa işlərinə dair sənədlərdə müvafiq məlumat aşkar edilmədiyindən, heykəllərdə olduğu kimi, qurğuşun örtükdən də nümunələr götürülməli və onun səthini örtən təbəqənin xüsusiyyətlərini müəyyənləşdirmək üçün analizlər aparılmalı idi. Layihənin sifarişçi funksiyası İl-de-Frans Regional Mədəniyyət İşləri Direksiyasının tərkibində fəaliyyət göstərən Tarixi Abidələrin Regional Mühafizəsi Xidmətinə, layihələndirmə və işlərə rəhbərlik isə tarixi abidələr üzrə baş memar Filip Vilnövə həvalə edilmişdi. Şpildə eyni miqyaslı bərpa işlərinin bundan sonra hər 80 ildən bir aparılması nəzərdə tutulurdu.
Yanğın nəticəsində dağılması