Riyaziyyat İnstitutu (Publik Hüquqi Şəxs) — Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" 4 aprel 2025-ci il tarixli 545 nömrəli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması haqqında" 7 oktyabr 2025-ci il tarixli 292 nömrəli Qərarına əsasən İdarəetmə Sistemləri İnstitutu və Riyaziyyat və Mexanika İnstitutunun əsasında yaradılmışdır.
İdarəetmə Sistemləri İnstitutunun yaranma tarixi 1952-ci ilin may ayında Azərbaycan Milli Еlmlər Аkademiyasının (AMEA) Neft Ekspedisiyasının nəzdində Elektromodelləşdirmə laboratoriyasının təşkil olunduğu vaxtdan hesablanır. Neft Ekspedisiyasının yenidən təşkili ilə əlaqədar olaraq laboratoriya 1956-cı ildə AMEA-nın Fizika və Riyaziyyat, 1958-ci ildə isə AEA-nın Riyaziyyat və Mexanika İnstitutunun tərkibinə daxil edilmiş və adlandırılmışdır. 1960-cı ildə Hesablama mərkəzi AMEA-nın tərkibində müstəqil təşkilata çevrilmiş və həmin il Mərkəzin tərkibində keçmiş ittifaq miqyasında ikinci olaraq (Ukraynadan sonra) "Elektron hesablama maşınları" laboratoriyası yaradılmışdır. Bu laboratoriya ölkəmizdə kibernetikanın və informatikanın inkişafına həlledici təsir göstərmişdir. 1965-ci ildə Hesablama mərkəzinin əsasında Kibernetika İnstitutu yaradılmışdır.
Xalq təsərrüfatında avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması və tətbiqi məqsədilə 1971-ci ildə Kibernetika İnstitutunun nəzdində təsərrüfat hesablı "Avtomatlaşdırılmış İdarəetmə Sistemləri" (AİS) şöbəsi yaradılmışdır. 1982-ci ilin mart ayında AİS şöbəsi müstəqil təşkilat kimi fəaliyyət göstərməyə başlamış, 1997-ci ildə AİS şöbəsinin əsasında İnformasiya-Telekommunikasiya Elmi Mərkəzi (İTEM) təşkil olunmuş, 2002-ci ildə isə İTEM-in əsasında İnformasiya Texnologiyaları İnstitutu yaradılmışdır. Kibernetika İnstitutu "Respublika Avtomatlaşdırılmış İdarəetmə Sisteminin" yaradılması üzrə baş təşkilat təyin olunmuşdur (1977-1981).
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2014-cü il tarixli qərarı ilə Kibernetika İnstitutunun adı dəyişdirilərək İdarəetmə Sistemləri İnstitutu adlandırılmışdır.
İnstituta təşkil olunduğu vaxtdan 1965-ci ilə kimi texnika elmləri doktoru, professor Səid Əmiraslan oğlu Ələsgərov , 1965-1970-ci illərdə akademik Əşrəf İsgəndər oğlu Hüseynov , 1970-1988-ci illərdə akademik Cəlal Eyvaz oğlu Allahverdiyev , 1988-2020-ci illərdə akademik Telman Abbas oğlu Əliyev , 2021-2025-ci illərdə akademik Əli Məhəmməd oğlu Abbasov rəhbərlik etmişdir.
Riyaziyyat və Mexanika İnstitutu 1959-cu il may ayının 6-da yaradılmışdır. İnstitutun əsas bazası 1945-ci ildən – Azərbaycan Milli Elmlər Akademiyasının yarandığı gündən fəaliyyət göstərən Fizika və Riyaziyyat İnstitutunun riyaziyyat şöbəsi olmuşdur. İnstitutun yaranmasının məqsədi ölkəmizdə riyaziyyat və mexanika elmlərinin inkişafına xidmət etmək olmuşdur.
1950-1957-ci illərdə Fizika və Riyaziyyat İnstitutuna rəhbərlik etmiş görkəmli riyaziyyatçı alim, akademik Zahid İsmayıl oğlu Xəlilov Riyaziyyat və Mexanika İnstitutunun ilk direktoru olmuşdur. İnstituta 1959-1963-cü illərdə akademik İbrahim İbiş oğlu İbrahimov , 1964-1967-ci illərdə professor Həşim Nizam oğlu Ağayev , 1967-1974-cü illərdə yenidən akademik Zahid İsmayıl oğlu Xəlilov, 1974-2000-ci illərdə akademik Fərəməz Qəzənfər oğlu Maqsudov, 2001-2003-cü illərdə AMEA-nın müxbir üzvü İlham Tofiq oğlu Məmmədov, 2004-2013-cü illərdə akademik Akif Cəfər oğlu Hacıyev , 2013-2025-ci illərdə AMEA-nın müxbir üzvü Misir Cumayıl oğlu Mərdanov rəhbərlik etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli Fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu və Riyaziyyat və Mexanika İnstitutu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmişdir.
İdarəetmə Sistemləri İnstitutunun və Riyaziyyat və Mexanika İnstitutunun hüquqi varisi kimi fəaliyyət göstərən Riyaziyyat İnstitutunda riyazi modelləşdirmə, dinamik sistemlər və optimallaşdırma, ehtimal nəzəriyyəsi və qeyri-müəyyənlik şəraitində qərarqəbuletmə, süni intellekt, verilənlərin analizi və intellektual sistemlər, kompüter əsaslı idarəetmə sistemləri, cəbr, analiz və ədədi üsullar, bərk cisim, maye və qaz mexanikası istiqamətlərində elmi tədqiqat işləri yerinə yetirilir.
Riyaziyyat İnstitutunda "Analiz və funksional analiz", “Kompüter elmləri”, "Diferensial tənliklər", "Riyazi fizika tənlikləri", "Dinamik sistemlər və optimal idarəetmə", "Deformasiya olunan bərk cisim mexanikası", "Maye, qaz və plazma mexanikası", "İnformasiya-ölçmə və idarəetmə sistemləri", "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi", "Ekonometriya; iqtisadi statistika" ixtisasları üzrə fəlsəfə və elmlər doktoru proqramları üzrə mütəxəssislər hazırlanır. İnstitutda həmçinin dissertasiya şurası fəaliyyət göstərir.
Hal-hazırda Riyaziyyat İnstitutunda 23 laboratoriya, 4 şöbə və 10 sektor fəaliyyət göstərir. İşçilərin ümumi sayını 350 nəfər təşkil edir, onların sırasında 1 akademik, AMEA-nın 4 müxbir üzvü, 40 elmlər doktoru, 55 fəlsəfə doktoru vardır.
Həmçinin bax Riyaziyyat və Mexanika İnstitutu Kibernetika İnstitutu Məlumat Hesablama Mərkəzi
İstinadlar
Xarici keçidlər
AMEA Riyaziyyat və Mexanika İnstitutu Riyaziyyat və Mexanika İnstitutu AMEA İdarəetmə Sistemləri İnstitutu
Kateqoriya:İdarəetmə Sistemləri İnstitutu (Azərbaycan) Kateqoriya:Azərbaycan Elm və Təhsil Nazirliyinin institut və təşkilatları Kateqoriya:Azərbaycanın elmi-tədqiqat institutları Kateqoriya:Azərbaycan Milli Elmlər Akademiyası