Limfositar hipofizit ― () hipofizin autoimmun mənşəli diffuz limfositar infiltrasiyası nəticəsində inkişaf edən iltihabi xəstəlikdir və hipofiz çatışmazlığına səbəb ola bilər. Xəstəlik daha çox doğuşdan sonrakı (postpartum) dövrdə qadınlarda müşahidə olunur və çox vaxt hiperprolaktinemiya ilə müşayiət edilir (Daha sonra prolaktin azala bilər). Maqnit-rezonans tomoqrafiyada (MRT) limfositar infiltrasiyaya bağlı olaraq hipofiz adenomasını xatırladan kütlə görünür. Bu kütlə bir çox xəstədə baş ağrısı və görmə pozğunluqları ilə təzahür edir. Bəzi xəstələrdə eritrositlərin çökmə sürəti (EÇS) yüksələ bilər. Erkən dövrdə adrenokortikotrop hormonun (AKTH) çatışmazlığı müşahidə olunur. Xəstəlik irəlilədikcə tireotrop hormonun (TSH), lüteinləşdirici hormonun (LH), follikulstimullaşdırıcı hormonun (FSH) və böyümə hormonunun çatışmazlığı inkişaf edir. Bəzi hallarda prolaktin çatışmazlığı da meydana gəlir. Nəticədə panhipopituitarizm inkişaf edir. Müalicəsində əsasən qlükokortikoidlərdən istifadə olunur.
İstinadlar
Xarici keçidlər