"Assassin's Creed Syndicate" () — "Ubisoft Quebec" studiyası tərəfindən istehsal olunmuş və "Ubisoft" şirkəti tərəfindən 2015-ci ildə yayımlanmış döyüş-macəra janrında olan videooyun. Bu, 23 oktyabr 2015-ci il tarixində "PlayStation 4" və "Xbox One", 19 noyabr 2015-ci il tarixində isə "Windows" platformaları üçün buraxılmışdır. Bu oyun "Assassin's Creed" seriyasının doqquzuncu əsas buraxılışı olmaqla, 2014-cü ildə satışa çıxarılmış "Assassin's Creed Unity" oyununun sikvelidir.
Oyunun süjeti real tarixi hadisələrin bədii təsvirinə əsaslanan "Assassin's Creed" franşizasının ümumi konsepsiyasına uyğun gəlir. Burada sülh və azadlığı müdafiə edən assassinlər ilə sülhə tam nəzarət vasitəsilə nail olmaq istəyən tampliyerlər ordeni fraksiyaları arasında əsrlər boyu davam edən gizli müharibədən bəhs olunur. Hadisələrin müasir çərçivəsi XXI əsrdə cərəyan edir və "Assassin's Creed Unity" oyunundakı adsız və görünməyən eyni personajın, Londonda gizlədilmiş qədim artefaktın tapılması uğrunda tampliyerlərə qarşı yarışda assassinlərə kömək etməsini özündə əks etdirir. Əsas süjet xətti İkinci Sənaye inqilabının başlanğıcında, 1868-ci ilin Londonunda cərəyan edir. Süjet əkiz assassinlər Ceykob və İvi Frayın mütəşəkkil cinayətkarlıq aləmindəki fəaliyyətindən və şəhəri tampliyerlərin nəzarətindən azad etmək cəhdlərindən bəhs edir. Oyunda həmçinin, Birinci Dünya müharibəsi dövrünə, yəni 1916-cı ilə aid olan və Ceykobun nəvəsi Lidiya Frayın hekayəsini işıqlandıran bölmələr də mövcuddur.
Oyun üçüncü şəxs baxış bucağından idarə olunur və onun açıq dünyasında piyada və ya faytonla hərəkət etmək mümkündür. "Syndicate" seriyaya yeni hərəkət sistemləri gətirmiş, həmçinin döyüş və gizlilik mexanikalarını təkmilləşdirmişdir. Oyunçular əsas süjet boyu hər iki baş qəhrəmanı idarə edir, missiyaların daxilində və xaricində onlar arasında keçid edə bilirlər. Buraxılışdan sonra oyun, üç süjet əlavəsi də daxil olmaqla, bir neçə yüklənə bilən məzmun (DLC) ilə dəstəklənmişdir. Bunlardan ən diqqətçəkəni, əsas kampaniyadan iyirmi il sonrakı dövrü əhatə edən və Ceykobun eyniadlı naməlum seriyalı qatili təqib etməsindən bəhs edən "Qarındeşən Cek" əlavəsidir.
"Assassin's Creed Syndicate" buraxıldığı dövrdə müsbət rəylər qazanmış, xüsusilə vizual görüntüləri, personajları, nəqliyyat üslubu və səviyyə dizaynı təriflənmişdir. Bununla belə, döyüş sistemi, açıq dünya dizaynı və nəqliyyat vasitələrinin idarəetmə mexanikası müəyyən tənqidlərlə qarşılaşmışdır. Oyun, "The Game Awards 2015" mərasimində "Ən Yaxşı Döyüş/Macəra Oyunu" kateqoriyası da daxil olmaqla, bir çox mükafatlara namizəd göstərilmişdir. "Syndicate" maliyyə baxımından seriyanın əvvəlki oyunlarına nisbətən daha az uğur qazanmış və 2017-ci ilin noyabr ayına qədər 5.5 milyondan çox nüsxə satmışdır. "Ubisoft" rəhbərliyi satış göstəricilərinin aşağı olmasını oyunçular arasında yaranan "seriya yorğunluğu" ilə əlaqələndirmişdir. Buna qismən bir il əvvəl buraxılmış "Assassin's Creed Unity" oyununun uğursuz startı səbəb olmuşdur. Bu səbəbdən şirkət oyunun illik buraxılış dövrünə son qoymaq qərarına gəlmişdir. Seriyanın Ptolemeylər dövrünün qədim Misirində cərəyan edən növbəti əsas oyunu "Assassin's Creed Origins" 2017-ci ilin oktyabr ayında satışa çıxarılmış və daha çox rol oyunları mexanikalarını və yeni müasir dövr süjetini təqdim edərək seriya üçün bir növ yenidən başlanğıc rolunu oynamışdır.
Geympley "Assassin's Creed Syndicate" seriyanın əvvəlki buraxılışı olan "Assassin's Creed Unity" ilə oxşar geympley elementlərinə malik, üçüncü şəxs baxış bucağından idarə olunan döyüş-macəra və stels oyunudur. Oyunçular süjet xətti boyunca irəliləmək üçün müəyyən edilmiş hədəfləri olan xətti ssenarili missiyaları yerinə yetirirlər. Missiyalardan kənar vaxtlarda açıq dünyada sərbəst şəkildə gəzə bilirlər. Viktoriya dövrü Londonunun böyük bir hissəsini əhatə edən və yeddi inzibati rayondan ibarət olan bu oyunun dünyası seriyanın əvvəlki buraxılışlarından daha geniş layihələndirilmişdir. Müasir dövrə daha yaxın olan tarixi kontekstə uyğun olaraq, əvvəlki oyunlardakı şəhər gözətçiləri Viktoriya dövrünün polis qüvvələri ilə əvəz olunmuşdur. Bu polislər gözlərinin qarşısında hər hansı bir cinayət törədilmədiyi təqdirdə oyunçuya nadir hallarda hücum edirlər. Oyunçunun əsas düşməni tampliyerlərin nəzarəti altında olan "Blayterlər" adlı küçə dəstəsidir.
Oyun oyunçuya əkiz qardaş və bacı olan Ceykob və İvi Fray personajlarını idarə etmək imkanı verir. Bu, seriyada iki protaqonistin olduğu ilk haldır. Ceykob daha çox yaxın məsafəli döyüşlərdə ixtisaslaşmış və tez hirslənən bir döyüşçü, İvi isə öz zəkasına və fərasətinə güvənən və gizlilik sahəsində güclü bir personajdır. İvi "Assassin's Creed" seriyasının əsas oyunları arasında idarə edilə bilən ilk qadın qəhrəmandır. Əvvəlki buraxılışlarda mövcud olan qılınc və uzunmüddətli silahlardan fərqli olaraq, "Syndicate" oyununun əsas silah arsenalını dövrün ruhuna uyğun gələn tunc muştuqlar, yığcam revolverlər, qılınc-budaqlar və ənənəvi Nepal əyri kukri bıçaqları təşkil edir. Bu silahların hər birinin effektivliyini artırmaq üçün onları təkmilləşdirmək mümkündür. Əkizlər, həmçinin fərqli statistik göstəricilər nümayiş etdirən müxtəlif geyimlər və aksesuarlarla (Ceykob üçün kəmərlər, İvi üçün plaşlar) təchiz oluna bilər, həmçinin bacarıq ağacı sistemi vasitəsilə əlavə qabiliyyətlər qazana bilərlər. Oyunçu oyunda irəlilədikcə personajların səviyyəsini qaldırmaq üçün təcrübə xalları qazanır. Toplanan hər 1000 təcrübə xalı yeni bir qabiliyyətə xərclənə biləcək "bacarıq xalı" açır. Açılan bacarıqların sayı əkizlərin səviyyəsini müəyyən edir və bu göstərici maksimum 10 ola bilər. Düşmənlərin də döyüşdə nə dərəcədə çətin məğlub ediləcəyini göstərən öz səviyyələri mövcuddur. Bununla belə, səviyyəsindən asılı olmayaraq bütün düşmənləri gizli şəkildə sui-qəsdlə məhv etmək mümkündür.
thumb|left|Oyunçular oyunun Londonun açıq dünya mühiti boyunca arabalarla səyahət edə bilərlər. Arabaları idarə etmək və ya onların içərisində oturmaq mümkündür.
Oyunun döyüş sistemi "Assassin's Creed Unity" ilə müqayisədə dəyişdirilmiş və diqqət daha çox sürətli hücumlar ilə blokların bir-birinə zəncirvari şəkildə bağlanmasına yönəldilmişdir. Gizlilik sistemi də yeni qadcetlərin və adamqaçırma mexanikasının əlavə edilməsi ilə bir neçə təkmilləşdirməyə məruz qalmışdır. Bu mexanika oyunçuya düşməni girov götürməyə və başqa bir düşmənə çox yaxınlaşmadığı müddətcə diqqət çəkmədən ətrafa qarışmağa imkan verir. "Syndicate" həmçinin, "Unity" oyunundakı sui-qəsd missiyaları üçün nəzərdə tutulmuş "Qara qutu" dizaynını daha da inkişaf etdirərək sızma və diqqəti yayındırma üçün daha çox fürsət, eləcə də müəyyən şərtlər yerinə yetirildikdən sonra aktivləşən "kinematoqrafik qətllər" əlavə etmişdir. Xəritədə hərəkət etmək üçün oyuna bir neçə yeni sistem daxil edilmişdir: bura oyunçunun tikililərə dırmaşmasına və ya binalar arasında ip xətti çəkməsinə imkan verən ipatan qurğu; oyunçunun idarə edə biləcəyi və ya sadəcə sərnişin ola biləcəyi, həmçinin döyüşlərin və parkur təqiblərinin keçirilə biləcəyi faytonlar; oyun boyu əsas baza rolunu oynayan qatar daxildir.
"Syndicate" oyunundakı kənar tapşırıqlar Londondakı hakimiyyət mübarizəsini əks etdirmək üçün dizayn edilmişdir və oyunun əsas süjeti ilə vəhdət təşkil edir. Bu sistemdə şəhər, hər biri oyundakı iki əsas küçə dəstəsi tərəfindən idarə olunan bölgələrə bölünmüş və dəstə müharibəsi mexanikası tətbiq olunmuşdur. Oyun zamanı Fray əkizləri "Blayterlər" dəstəsinin nüfuzuna qarşı mübarizə aparmaq üçün "Qarğalar" adlı küçə dəstəsi yaradırlar. Bu dəstənin silahları, nəqliyyat vasitələri və iqtisadi imkanları müxtəlif təkmilləşdirmələrlə gücləndirilə bilər. Bu, onların döyüşdəki effektivliyini və zamanla dəstə tərəfindən gətirilən passiv gəliri artırır. Oyunun başlanğıcında Londonun tamamilə "Blayterlər"in nəzarətində olmağına baxmayaraq, oyunçu könüllü azadlıq missiyalarını (bura uşaq əməyinin istismarından xilas etmək, yüksək rütbəli Tampliyeri qaçırmaq və ya ona sui-qəsd etmək daxildir) yerinə yetirdikcə, hər bir rayon tədricən "Qarğalar"ın nəzarətinə keçir və bu proses rayonu tamamilə ələ keçirmək üçün sonuncu dəstə savaşı ilə yekunlaşır. Digər kənar missiyalar Çarlz Dikkens, Karl Marks və Kraliça Viktoriya kimi görkəmli tarixi şəxsiyyətlərə kömək etməyə yönəlmişdir. Oyunçular, həmçinin pul mükafatı qazanmaq üçün döyüş klubları və fayton yarışları kimi daha kiçik fəaliyyətlərlə məşğul ola, gizli xəzinənin açarlarını saxlayan musiqi qutuları da daxil olmaqla, müxtəlif növ kolleksiya əşyalarını tapa bilərlər.
Sələfindən fərqli olaraq, bu oyunda çoxistifadəçili rejim mövcud deyil və "Assassin's Creed IV: Black Flag" oyununda təqdim edilmiş köməkçi proqramdan istifadə olunmamışdır.
Süjet
Məkan və personajlar 1868-ci ildə, Sənaye inqilabının sonlarında, Viktoriya dövrü Londonda Assassin qardaşlığı, demək olar ki, tamamilə məhv edildiyi bir vaxtda, əkizlər Ceykob (Pol Amos tərəfindən səsləndirilmişdir) və İvi Fray (Viktoriya Atkin tərəfindən səsləndirilmişdir) Kroli şəhərini tərk edərək Londona gəlmiş və şəhərin tampliyerlərin nəzarəti altında olduğunu, həm kilsənin, həm də monarxiyanın öz nüfuzunu itirdiyini görmüşdülər. Assassinlər kimi böyüdülən və qardaşlığın prinsiplərinə sadiq qalan Ceykob və İvi Londonun cinayətkar aləminə sızaraq və oradakı qüvvələri birləşdirərək şəhəri tampliyerlərin nəzarətindən geri almağı qarşılarına məqsəd qoymuşdular. Bu mübarizədə onlara dövrün görkəmli şəxsiyyətləri — romançı Çarlz Dikkens (Des MakAlir), bioloq Çarlz Darvin (Culian Riçinqs), ixtiraçı Aleksandr Qrem Bell (Mark Rouli), siyasi nəzəriyyəçi Karl Marks (Mettyu Marş), tibb bacısı Florens Naytingeyl (Helen Cons), Siqh imperiyasının sonuncu maharacası Dulip Sinqh (Avin Şah), Skotland-Yardın Qarındeşən Cek təhqiqatındakı fəaliyyəti ilə tanınan serjantı Frederik Abberlayn (Sem Kreyn) və Kraliça Viktoriya (Ellen Devid) köməklik göstərmişdilər. Bundan əlavə, Ceykobun nəvəsi Lidiya Fray (Lisa Norton) Birinci Dünya müharibəsi dövrünə aid ayrıca bölmədə görünür və burada o, Londonu yeni bir düşmən casus şəbəkəsindən müdafiə etməkdə Vinston Çörçillə (Rik Miller) yardım edir.
Məzmun 2015-ci ildə artıq assassin təşəbbüskarı (Initiate) olan "Helix" oyunçusu ilə "Bişop" (Keyt Todd) yenidən əlaqə saxlayaraq qardaşlığa Londonda yerləşən "Ədən hissəsi"ni tapmaqda kömək etməsini istəyir. Rebekka Kreyn və Şon Hastinqs Londondakı "Abstergo" obyektinə sızan zaman təşəbbüskar Viktoriya dövrünün əkiz assassinləri Ceykob və İvi Frayın xatirələrini canlandırır.
1868-ci ildə İvi Devid Bruster və tampliyer okkultisti Lüsi Torn (Emerald O'Hanrahan) tərəfindən idarə olunan laboratoriyaya sızır və onların "Ədən alması" üzərində təcrübələr apardıqlarını görür. İvi, Brusteri sui-qəsdlə öldürür və Tampliyerlərin Londonda başqa bir artefakt axtardıqlarını öyrənir. "Alma" partladıqdan sonra laboratoriyadan qaçmağı bacarır. Fray əkizləri tampliyerlərin bu "Ədən hissəsi"ni tapmasının qarşısını almaq üçün Londona yollanır və burada digər assassin Henri Qrin (Caz Deol) ilə görüşürlər. Henri onlara London qardaşlığının tamamilə çökdüyünü və şəhərin, sənaye və cinayətkar aləmin güclü siması olan Krouford Starrikin (Kris Holden-Rid) rəhbərlik etdiyi tampliyerlər tərəfindən idarə olunduğunu bildirir. İvi "Eden hissəsi"ni axtarmaq istəyir, lakin Ceykob onu London rayonlarını Tampliyerlərin idarə etdiyi dəstələrdən azad etməyə razı salır. Bu prosesdə onlar özlərinin "Qarğalar" adlı dəstəsini qurur, Klara O'Di, Frederik Abberlayn, Aleksandr Qrem Bell, Çarlz Darvin, Çarlz Dikkens, Ned Vaynert və Edvard Hodson Beyli kimi müttəfiqlər qazanırlar.