"Ubisoft Kyiv" (əvvəlki adı: "Ubisoft Kiev") – videooyunların istehsalı üzrə ixtisaslaşmış şirkət. Ukraynanın Kiyev şəhərində yerləşir. Şirkət 2008-ci ilin aprel ayında Fransanın videooyun istehsalçısı və nəşriyyatçısı "Ubisoft"un bölməsi kimi təsis edilmişdir.

Tarixi Şirkətin açılışı 29 aprel 2008-ci il tarixli press-relizdə rəsmən elan olunmuşdur. Həmin sənəddə Ukrayna bölməsinin ilk vaxtlar Rumıniya bölməsi ilə birgə fəaliyyət göstərəcəyi, lakin sonradan müstəqil videooyun istehsalına keçəcəyi qeyd edilmişdir.

17 mart 2009-cu il tarixində "Tom Clancy's H.A.W.X." oyununun "Windows" versiyası işıq üzü görmüşdür. Bu layihə şirkətin altı əməkdaşının səyi ilə "Xbox 360" platformasından portlaşdırılmışdır.

2010-cu ilin mart ayına olan məlumata görə, komandanın heyəti on altı nəfərdən ibarət olmuşdur. İstehsalçıların bir hissəsi Ukrayna bölməsinin rəsmi açılışına qədər "Ubisoft Romania" studiyasında təcrübə keçmiş və orada "Blazing Angels 2: Secret Missions of WWII" arkada aviasimulyatorunun "Xbox 360" platformasından "Windows"a portlaşdırılması üzərində işləmişdilər. 2010-cu ildə "Ubisoft Ukraine" nümayəndələrinin "PlayGround.ru" portalına verdiyi müsahibəyə əsasən, bölmə ana şirkət tərəfindən hazırlanmış oyun mühərrikinin dəstəklənməsi, "Windows" üçün elan olunmamış bir oyunun (böyük ehtimalla "Assassin's Creed" seriyasındakı oyunlardan biri) portlaşdırılması, həmçinin "Ubisoft"un digər studiyaları ilə birgə oyunların istehsalı üzərində fəaliyyət göstərmişdir.

2016-cı ilin yayında Kiyev studiyasının bazasında "Ubisoft" oyunlarının sınaqdan keçirilməsi (test edilməsi) şöbəsi açılmışdır.

2018-ci ildə Odessa şəhərində "Ubisoft Odesa" studiyası təsis edilmişdir ki, bu studiya da Kiyev ofisi ilə birlikdə "Ubisoft"un əsas studiyalarının oyun istehsalı prosesinə köməklik göstərir.

2019-cu ildə studiya, Ukrayna paytaxtının yerli tələffüz formasını əks etdirmək məqsədilə adını "Ubisoft Kyiv" olaraq dəyişdirmişdir.

İstinadlar

Kateqoriya:Ubisoft Kateqoriya:Videooyun istehsalı şirkətləri