Qədim Paris Notr-Dam kilsəsi () — orta əsrlərdə Müqəddəs Stefan bazilikası və Müqəddəs Jan-le-Ron baptisteriyası ilə birlikdə Paris yeparxiyasının dini mərkəzi, yəni VI–XII əsrlərdə yepiskop Moris de Süllinin inşa etdirdiyi indiki Paris Notr-Dam kafedralından əvvəl mövcud olmuş yepiskop kompleksinə daxil olan kafedral kilsə.

Arxeoloq Jan Hyuber Müqəddəs Stefan və Notr-Damın birlikdə ikiqat kafedral () təşkil etməsi barədə nəzəriyyə irəli sürdmüş, lakin son dövrlərdə aparılmış tədqiqatlar nəticəsində həmin nəzəriyyə yenidən nəzərdən keçirilmiş və mübahisə doğurmuşdur.

Tarixi

Jan Hyuber və Viktor Morte nəzəriyyələri Arxeoloq Jan Hyuber 1888-ci ildə Viktor Mortenin irəli sürdüyü və nəticələri 1938-ci ilədək arxeoloji tədqiqatlarda qəbul edilən nəzəriyyəni təkzib etmişdir. Hyuberə görə, Müqəddəs Stefan kilsəsi indiki kafedralın qərbində, ilkin Notr-Dam kafedralı isə daha şərqdə, indiki xor hissəsinin yerləşdiyi ərazidə yerləşirdi.

Viktor Mortenin fikrincə, qərb divarı indiki kafedralın fasadından təxminən 40 metr qərbdə yerləşən kilsə Müqəddəs Məryəmə (Notr-Dam) həsr olunmuşdu və XII əsrin sonlarınadək istifadə edilmişdi. O hesab edirdi ki, indiki kafedralın xor hissəsinin altında aşkar edilmiş apsida isə Müqəddəs Stefan kilsəsinə məxsus olmuşdur.

Jan Hyuber isə göstərmişdir ki, ilkin Notr-Dam kafedralı indiki kafedralın nefinin bir hissəsini, transeptini və xorun ilk ikiqat aşırımını əhatə edirdi. Onun fikrincə, qərb divarı indiki fasaddan təxminən 40 metr qərbdə yerləşən tikili isə 857-ci ildən etibarən tərk edilmiş və 1112-ci ildə artıq xarabalıq vəziyyətində olan qədim Merovinqlər dövrünə aid Müqəddəs Stefan kilsəsi idi.

Jan Hyuberin nəzəriyyəsinə görə, Notr-Dam və Müqəddəs Stefan birlikdə ikiqat kafedral təşkil edirdi. Bu kompleks Müqəddəs Jan-le-Ron baptisteriyası ilə birlikdə orta əsrlərdə Paris yeparxiyasının dini kompleksini, yəni VI–XII əsrlərdə yepiskop Moris de Süllinin inşa etdirdiyi indiki Paris Notr-Dam kafedralından əvvəl mövcud olmuş yepiskop kompleksini təşkil edirdi.

Normanların Parisi talan etməsindən sonra Müqəddəs Stefan kilsəsi tədricən tərk edildi. Adı VII əsrdən məlum olan Notr-Dam isə daha böyük ölçüdə yenidən tikildi və yepiskopluğun əsas iqamətgahına çevrildi. Kafedralın kanoniklər kollegiyası Notr-Dam kluatrası adını aldı. Onun sərhədləri VI Lüdovikin 1112-ci ildə yepiskopun küçələr üzərində səlahiyyətlərini müəyyən edən aktı ilə məlumdur. Həmin dövrdə kluatranın darvazası Müqəddəs Jan-le-Ron vəftizxanası ilə bitişik idi.

Yepiskopun hüquq səlahiyyətləri Notr-Damın yerləşdiyi sahəni, Müqəddəs Stefan kilsəsinin xarabalıqları arasındakı ərazini və Müqəddəs Stefanın divarından Sena çayınadək uzanan, yepiskop sarayının qərbindəki yepiskop həyətinin önündən keçən torpaqları əhatə edirdi. Notr-Dam ilə Müqəddəs Stefan kilsəsinin qədim apsidası arasında yerləşən və kanonik evlərinin salındığı sahə isə kafedral kanonikləri kollegiyasına məxsus idi. Notr-Dam kluatrasının cənub-qərb küncü Müqəddəs Stefan kilsəsinin qalıqları ilə həmsərhəd idi və bu ərazi bu günkü ön meydanın altında yerləşir.

Bu dövrdə Notr-Dam genişmiqyaslı bərpa işlərinə məruz qaldı və 1124-cü ildə yeni dam örtüyü ilə təmin edildi. Təxminən 1145-ci ildə Sugeri kafedrala Müqəddəs Məryəmin Zəfərini təsvir edən bir vitraj hədiyyə etmişdir.

İlkin Notr-Dam kafedralının xor hissəsi indiki kafedralın xorunun ilk iki aşırımının yerləşdiyi sahəni tuturdu. Onun nefi isə indiki kafedralın nefinin ilk aşırımlarınadək uzanırdı. İlkin Otel-Dyö hospitalından az məsafədə yerləşən fasadda yalnız bir giriş qapısı var idi.

Kafedralın apsidası 1163-cü ildə yeni xor hissəsinin tikintisinə başlanılanadək qorunub saxlanılmışdır. Yeni kafedralın inşası dövründə ibadətlər 1180-ci ilədək köhnə kafedralın nef hissəsində davam etdirilmişdir. 1765-ci ildə kafedralın döşəməsinin yenilənməsi zamanı toplanmış kanoniklərin cəsədlərini və sümüklərini yerləşdirmək üçün kripta qazılarkən köhnə nefin bünövrələri məhv edilmişdir. 1858-ci ildə arxiyepiskop məqbərəsi genişləndirilərkən aşkar edilən xor hissəsinin bünövrələri də həmin vaxt aradan qalxmışdır.

Qədim Müqəddəs Stefan kilsəsinin xarabalıqları isə artıq 1163-cü ildə yeni kafedralın xor hissəsinin tikintisinə başlanılan zaman tamamilə yox olmuşdu. Onların yerləşdiyi ərazidə bu gün Notr-Damın ön meydanı yerləşir.

Müqəddəs Məryəmin Zəfərini və Məsihin uşaqlıq dövrünə aid səhnələri təsvir edən timpan yeni fasadda yenidən quraşdırılmış, onun arxivoltlarının bir hissəsi isə indiki fasadın sağ portalında istifadə edilmişdir. "Müqəddəs Məryəm kilsəsinin ön meydanı qarşısında" ifadəsi ilə qeyd olunan Rue Neuve-Notre-Dame küçəsinin qalıqları 1847-ci ildə aşkar edilmişdir.

Jan Hyuber nəzəriyyəsinə qarşı son tədqiqatlar XX əsrdə Jan Hyuber və Marsel Ober tərəfindən irəli sürülən, Müqəddəs Stefan () kilsəsi ilə Paris Notr-Dam kafedralını ikili kafedral () təşkil edən vahid kompleks kimi izah edən yanaşma son dövrlərin tədqiqatları tərəfindən şübhə altına alınmışdır. Yeni araşdırmalar həmin fərziyyələri təsdiqləyəcək arxeoloji və ya tarixi sübutlar ortaya qoya bilməmişdir.

Qotik kafedralın inşasından əvvəl Site adasında bir-birini əvəz edən dörd kafedral mövcud olmuşdur: erkən xristian kafedralı (IV əsr), Merovinqlər dövrünün kafedralı (VI əsr; erkən xristian kafedralının yenidən qurulması), Karolinqlər dövrünün kafedralı (IX əsr; Merovinqlər dövrü kafedralının yenidən təşkili) və roman üslublu kafedral (XI–XII əsrlər; tamamilə yeni tikili). İlk iki kafedralın yerləşdiyi yer məlum deyildir. Karolinqlər dövrünə aid kafedralın, arxeoloji təsdiq əldə olunacağı təqdirdə, Notr-Dam meydanının altında aşkar edilmiş tikili olduğu ehtimal edilir. Roman üslublu kafedral isə Karolinqlər dövrü kafedralının şərqində, indiki Notr-Dam kafedralının yerləşdiyi sahədə inşa edilmiş ola bilər, lakin bunu təsdiqləyən arxeoloji sübutlar olduqca məhduddur.

IV əsrdən XII əsrin birinci yarısınadək olan dövrə aid mənbələr həmin dövrdə mövcud olmuş, lakin sonradan yoxa çıxmış kafedral tikililərinin yerini müəyyən etməyə imkan vermir. Müqəddəs Martinin həyatı haqqında əsərində Paris kafedralından bəhs edən Sulpisi Sever binanın özü barədə heç bir məlumat vermir. Halbuki yepiskop artıq iki əsrdən artıq idi ki, Site adasında fəaliyyət göstərirdi. Venansi Fortunat tərəfindən I Xildebertin kafedral üçün həyata keçirdiyi tikinti və abadlıq işlərini tərifləyən şeirlər XII əsrin əvvəllərində VI Lüdovik tərəfindən verilmiş akta qədər kafedral haqqında müəyyən təfərrüatlar təqdim edən yeganə yazılı mənbədir. Arxeoloji məlumatlar isə parçalı və natamam xarakter daşıyır. Bununla belə, ilkin kafedralın yerləşməsi və inkişafı, onun həsr olunduğu müqəddəs və ya müxtəlif dövrlərdə dəyişmiş himayədar müqəddəslər, ətraf mühiti, eləcə də onunla əlaqəli tikililərin müəyyənləşdirilməsi məsələləri tarixşünaslıqda geniş şəkildə araşdırılmış və bu mövzuda çoxsaylı elmi mübahisələr aparılmışdır.

IV əsrdə imperiya və bələdiyyə hakimiyyət orqanları Site adasında məskunlaşdı. Böyük ehtimalla dini hakimiyyət də eyni dövrdə buraya köçürülmüşdür, lakin bunun hansı şəraitdə baş verdiyi məlum deyildir, çünki bunu təsdiq edən heç bir arxeoloji iz aşkar edilməmişdir. 1711-ci ildə üzə çıxarılan və içərisində Qayıqçılar sütunu () ikinci dəfə istifadə olunmuş divar, ilkin kafedrala deyil, daha çox mülki və ya hərbi təyinatlı tikiliyə məxsus olmuşdur. Eyni şəkildə, Notr-Dam meydanının altında aşkar edilmiş bina da ilkin kafedral hesab edilmir. VI əsrə aid kafedralın tamamilə I Xildebert tərəfindən inşa edildiyi, yoxsa onun yalnız daha qədim bir tikilini bərpa etdiyi məlum deyildir. Həmin kafedralın görünüşü, bəzək elementlərinin bir neçə fraqmenti istisna olmaqla, naməlum olaraq qalır; onun dəqiq yerləşdiyi yer də müəyyən edilməmişdir.

VI əsr mənbələrində adı çəkilən vəftizxananın Müqəddəs Jan-le-Ron kilsəsi ilə eyniləşdirilməsi arxeoloji baxımdan sübuta yetirilməmişdir. Hədiyyə sənədlərindən birində Müqəddəs Stefanın adının çəkilməsi yanlış olaraq kafedralın ona ithaf edildiyinin sübutu kimi şərh edilmişdir. Əslində həmin bazilika, şübhəsiz ki, yepiskopluq kompleksinin tərkib hissəsi olmuş, lakin ilk xristian şəhidi olan Müqəddəs Stefanın xatirəsinə həsr edilmiş ziyarətgah funksiyasını daşımışdır. 1884-cü ildə aşkar edilmiş, uzunluğu 22 metr, eni 10 metr olan, təknefli, şərqə istiqamətlənmiş yarımdairəvi apsidaya malik və cənub-şərq küncü Kluatra qapısının () altında qalan kilsənin təməlləri məhz bu Müqəddəs Stefan bazilikasına aid ola bilər. Bu kilsənin və vəftizxananın şəhər divarına təxminən paralel şəkildə, şərq-qərb istiqamətində yüz metrə yaxın uzanan ox üzərində yerləşməsi və həmin xəttin qərbdə Müqəddəs Kristof kilsəsinə qədər davam etməsi, VII əsrin sonlarında Merovinqlər dövrü kafedralı ilə yepiskop iqamətgahının yerləşdiyi ərazinin sərhədlərini müəyyən etməyə imkan verə bilər.

1847-ci ildə Notr-Dam meydanının altında aparılan qazıntılar zamanı IV əsr şəhər istehkam divarının üzərində inşa edilmiş bir tikilinin təməlləri aşkar edilmişdir. Bazilikal planlı olan bu tikilinin mərkəzi nefinin eni 9,51 metr, şimal yan nefinin eni 5,11 metr, cənub yan nefinin eni isə 4,85 metr idi; qərb hissəsində giriş korpusu yerləşirdi və tikilinin ümumi uzunluğu 35 metr təşkil edirdi. Onun şərq hissəsi qotik kafedralın inşası zamanı dağıdılmışdır. Ehtimal olunur ki, apsidası indiki Notr-Dam kafedralının nefinin üçüncü aşırımına qədər uzanmış və bu halda tikilinin ümumi uzunluğu 74 metrə çatmışdır. Tikilinin monumental qərb hissəsi VIII–X əsrlər memarlığı üçün xarakterik xüsusiyyətlər daşıyır. Böyük ölçüləri və yerləşdiyi mövqe bu qalıqları Karolinqlər dövrü kafedralının qalıqları ilə əlaqələndirməyə imkan verir. Görünür, bu yeni kafedral IX əsrin ilk onilliklərində imperatorun ianəsi hesabına, Reyms, Ruan və Turnedə olduğu kimi, inşa edilmişdir; üstəlik, şəhər istehkam divarının sökülməsi üçün hökmdarın razılığı da zəruri idi. Onun tikintisi, ehtimal ki, 829-cu ildə Parisdə həyata keçirilmiş Karolinqlər dövrü kanon islahatı ilə bağlı olmuşdur. Bu islahat nəticəsində kanoniklər məhəlləsi yenidən təşkil edilmiş, hasarlanmış ərazi yaradılmışdır. X əsrin əvvəllərindən etibarən mövcudluğu sənədlərlə təsdiqlənən kanoniklər məhəlləsinin, ehtimal ki, lap başlanğıcdan kafedral kompleksinin şimal hissəsində salındığı güman edilir.

Karolinqlər dövründən əvvəl kafedralın hansı müqəddəsə ithaf edildiyi məlum deyildir. VIII əsrin ikinci yarısından etibarən isə onun ithafı artıq açıq şəkildə sənədlərdə qeyd olunur və Müqəddəs Məryəm həmişə kafedralın əsas himayədarı kimi göstərilir — 775-ci ildə Müqəddəs Stefan və Müqəddəs Germanla birlikdə, lakin onlardan üstün mövqedə, 829-cu ildə isə yalnız Müqəddəs Stefandan öncə qeyd edilir; sonrakı dövrlərdə isə yeganə himayədar kimi yalnız Müqəddəs Məryəmin adı çəkilir. Heç bir yazılı mənbə Jan Hyuber tərəfindən irəli sürülmüş ikili kafedral nəzəriyyəsini təsdiq etmir. Bu dövrdə həyata keçirilən tikinti və yenidənqurma işləri Site adasının şərq hissəsinin planını dəyişdirmiş, kafedralın ətrafdakı digər dini tikililər üzərində vizual üstünlüyünü daha aydın şəkildə nümayiş etdirməsinə imkan yaratmışdır.