Oldenburqlu Georq (; ) — Böyük Oldenburq hersoqu I Pyotrun oğlu, Oldenburq şahzadəsi.

1784-cü ildə Oldenburqda dünyaya gəldi. Atası Holşteyn-Qottorp hersoqu Şahzadə Pyotr, anası isə Vürtemberq hersoqu II Fridrix Yevgenin qızı Şahzadə Frederikadır. Xalasının əri olan rus çarı I Pavel onun xaç atası oldu. Hələ 1 yaşında ikən anası doğuşda vəfat etdi və atası bir daha evlənməyərək dini məsələlərlə məşğul oldu. Digər yandan da ruhi xəstə olan əmisi oğlu Şahzadə Vilhelmin yerinə naib ünvanıyla dövlət işlərini idarə etdi.

Böyük qardaşı Şahzadə Avqustla birlikdə saray təlim-tərbiyəsi aldı. Ardından 1803-1805-ci illərdə Leypsiq Universitetində təhsilini davam etdirdilər. 1805-1807-ci illərdə İngiltərə və Şotlandiyada müxtəlif elmi dərəcəli müəllimlərdən dərslər aldılar. 1808-ci ildə Oldenburq fransızlar tərəfindən işğal edildi və Şahzadə Georq xalası olan Çariça Mariya Fyodorovnanın yanına Sankt-Peterburqa göndərildi.

3 avqust 1809-cu ildə rus çarı I Pavelin qızı Yekaterina Pavlovna ilə evləndirildi. Seçilən gəlin namizədi eyni zamanda onun xalası qızı idi. Toy mərasimi səbəbilə Şahzadə Georq Rusiyanın fərqli əyalətlərinin idarəsiylə vəzifələndirildi. Tverdə yaşayan cütlüyün bu nigahdan 2 oğlu dünyaya gəldi.

Oldenburqlu Aleksandr (1810-1829) Oldenburqlu Pyotr (1812-1881)

22 yanvar 1811-ci ildə Oldenburq Napoleon Bonapart tərəfindən ilhaq edildi. Şahzadə Georq çar I Aleksandrın sevimli bacısı ilə evli idi və bu işğal Rusiya-Fransa münasibətlərini kəskinləşdirdi. 1812-ci ildə tifus xəstəliyi səbəbilə vəfat etdi. Xanımı 4 il sonra yenidən evlənsə də, 1819-cu ildə vəfat etdi. Beləcə, hər iki valideynini də itirən oğulları əmisi Şahzadə Avqust tərəfindən böyüdüldü.

Mənbə

Ədəbiyyat

İstinadlar