Leonida Bissolati (; ) — İtaliya sosialist siyasətçisi.
Həyatı Bissolati tibb bacısı və keçmiş keşiş (sonradan professor) Stefano Bissolatinin nikahdankənar övladı olmuş və həddi-büluğa çatdıqdan sonra atasının soyadını götürmüşdür. Erkən yaşlarından sosialist baxışlarını mənimsəyərək kasıb əhalinin hüquqlarının müdafiəçisi kimi çıxış etmişdir. O, 1892-ci ildə təsis edildiyi vaxtdan etibarən İtaliya Sosialist Partiyasının fəal üzvü olmuşdur. Bolonya Universitetində hüquq təhsili almış, 20 yaşında hüquqşünas diplomu əldə edərək vəkil kimi fəaliyyət göstərməyə başlamışdır.
İlk dövrlərdə Bissolati fəaliyyətinə jurnalist və redaktor kimi başlamış, "La Critica sociale" və "La Lotta di classe" həftəlik mətbuat orqanlarının, daha sonra isə partiyanın rəsmi gündəlik qəzeti olan "Avanti!"nin redaktoru olmuşdur.
1876-cı ildə Kremona şəhər şurasına deputat seçilmiş, əvvəlcə radikalları təmsil etmiş, sonradan sosialistlərə yaxınlaşaraq 18 il ərzində burada əsasən şəhər təhsili məsələləri ilə məşğul olmuşdur.
1897-ci ildə Peskarolodan, daha sonra Budriodan və nəhayət 1908-ci ildə Romadan İtaliya Parlamentinin deputatı seçilmiş, ömrünün sonunadək Romanı təmsil etmişdir.
İtaliya Sosialist Partiyasında sağ, islahatçı və milliyyətçi qanadı təmsil etmişdir. Sosialist doktrinasına sadiq qalmasına baxmayaraq, Bissolati partiyanın yürütdüyü siyasətin bəzi məqamlarından, xüsusən də İtaliya–Osmanlı müharibəsinə münasibətdə tutduğu "anti-vətənpərvər" mövqeyindən narazı qalmışdır.
1889–1895-ci illər arasında həyat şəraitinin yaxşılaşdırılmasını tələb edən kəndlilərin bir neçə nümayişini təşkil etmişdir.
"Kommunist Partiyasının Manifesti"ni italyan dilinə tərcümə etmişdir.
1911-ci ildə partiyada parçalanma baş verdikdə, Bissolati İvanoe Bonomi və sağ qanadın digər aparıcı sosialistləri ilə birlikdə İtaliya Sosialist Partiyasından xaric edilmişdir. Onlar Covanni Colittinin kabinetini Afrika siyasətində dəstəkləyən və gələcək demokratik islahatlar vədlərinə inanan İtaliya İslahatçı Sosialist Partiyasını təsis etmişdilər.
Birinci Dünya müharibəsinin başlaması ilə Bissolati Sosialist Partiyasının neytrallıq mövqeyinə zidd olaraq, İtaliyanın Almaniya militarizminə qarşı Antanta dövlətləri tərəfində müharibəyə qoşulmasının tərəfdarı kimi çıxış etmişdir. İtaliya 1915-ci ilin mayında müharibəyə daxil olduqda, o, çavuş rütbəsində orduya yazılmış, yaralanmış və igidliyinə görə təltif edilmişdir.
1916-cı ilin iyun ayında Paolo Bosellinin başçılıq etdiyi hökumət ("milli kabinet") hakimiyyətə gəldikdə, Bissolatiyə hökumət və ordu arasında vasitəçi rolunu oynayacaq portfelsiz nazir vəzifəsi təklif olunmuş və o, bu təklifi qəbul etmişdir. 1918-ci ilin dekabrında barışıq bağlandıqdan sonra Londondakı sülh danışıqları məsələsində Orlando hökuməti ilə yararan fikir ayrılıqları səbəbindən istefa vermişdir.
Bissolati əhalisinin əksəriyyətini almanlar təşkil edən Alto-Adice, həmçinin slavyanların çoxluq təşkil etdiyi Şimali Dalmasiyanın İtaliyaya birləşdirilməsinə qarşı çıxış etmiş, lakin xalis italyan şəhəri kimi Fiumenin ölkəyə birşdirilməsini dəstəkləmişdir. Bissolatinin Alto-Adice və Dalmasiya məsələlərinə münasibəti onu əhalinin əksəriyyəti arasında əvvəllər qazandığı nüfuzdan məhrum etmiş, Millətlər Liqasının konfransında öz baxışlarını şərh etdiyi Milan çıxışı son dərəcə soyuq qarşılanmışdır.
İstinadlar
Kateqoriya:İtaliya jurnalistləri Kateqoriya:İtaliya nazirləri