Paşupata Şivaizmi (; ) — ən qədim böyük şivaizm hindu məktəblərindən biridir.
Tarixi Bu məzhəbin təsis olunma tarixi dəqiq məlum deyildir. Lakin Paşupataların b.e.-nın I əsrindən etibarən mövcud olduğu ehtimal edilir. Qavin Flud onların yaranmasını b.e.-nın II əsrinə aid edir. Bundan əlavə, b.e.-nın IV əsrində son formasını aldığı düşünülən Mahabharata epik poemasında da onlardan bəhs olunur. Paşupata hərəkatı VII və XIV əsrlər arasındakı dövrdə Cənubi Hindistanda mühüm nüfuza malik olmuşdur.
VII əsrin əvvəllərində Hindistana səyahətləri zamanı Buddist zəvvar-rahib Syuanzan, ölkənin hər yerində Paşupata məzhəbinin ardıcıllarını gördüyünü bildirmişdir. O, Malva regionunda əksəriyyəti Paşupatalara aid olan müxtəlif növ yüzlərlə məbəd gördüyünü qeyd etmişdir. Rahib, həmçinin 'O-tin-p'o-chi-lo (Atyanabakela) adlı ərazinin paytaxtında Paşupataların məskunlaşdığı, zəngin heykəllərlə bəzədilmiş bir Şiva məbədini müşahidə etdiyini yazmışdır.
Ümumi məlumat Paşupata Şivaizmi sadiqlik (Bhakti) və riyazət (zöhd) hərəkatı idi. Paşupati sözündəki "Paşu" nizamlanan tərəfi (yaxud yaradılmış aləmi) ifadə edir və başqa bir varlıqdan asılı olanı bildirir. "Pati" isə səbəb (yaxud ilkin prinsip) mənasına gələrək kainatın səbəbini və ya hökmdarı olan Allahı təcəssüm etdirir. Dünyəvi buxovlardan azad olmaq üçün Paşupatalara "paşupata vrata" ritualını icra etmək tapşırılır. Atharvaşiras Upanişada görə "paşupata vrata" insanın öz bədənini küllə örtməsi və eyni zamanda müəyyən mantraları pıçıldaması kimi tərif edilir: "Aqni küldür, Vayu küldür, səma küldür, bütün bunlar küldür, zəka və bu gözlər küldür".
Fəlsəfəsi Paşupatalar ruhların Ən Ali Varlığa xidmət etməsi doktrinası ilə tanınan Vişnuist teologiyasını rədd edirlər. Onların dəlilinə əsasən, hər hansı bir varlıqdan asılılıq əzabın sona çatması və ya digər mənəvi məqsədlərə çatmaq üçün vasitə ola bilməz. Başqalarından asılı olan və müstəqillik həsrətində olanların özlərindən kənar bir şeyə tabe olduqları üçün azad ola bilməyəcəklərini müdafiə edirlər. Paşupatalara görə, ruhlar "bütün əzabların toxumundan" xilas olduqda Ali Allahın xüsusiyyətlərinə sahib olurlar.
Bu təlimdə əzabın sona çatması iki növə bölünür: şəxsi olmayan və şəxsi olan. Şəxsi olmayan əzabın sona çatması bütün kədər və iztirabların mütləq yox olmasından, şəxsi olan isə düşüncə sürəti, istənilən formanı ala bilmə kimi dərketmə və fəaliyyət qüvvələrinin inkişafından ibarətdir. Allahın sonsuz dərketmə və fəaliyyət güclərinə sahib olduğu qəbul edilir.
Paşupata sisteminə görə vəhdət — ruhun zəka vasitəsilə Allah ilə qovuşmasıdır. Bu, iki yolla əldə edilir: əməl (fəaliyyət) və əməlin dayandırılması. Əməl yolu ilə vəhdətə zikr, meditasiya və analoji rituallarla çatılır. Əməlin dayandırılması yolu ilə vəhdət isə xalis şüur vasitəsilə baş verir.
İstinadlar
Ədəbiyyat siyahısı
Kateqoriya:Astika Kateqoriya:Hindistan fəlsəfəsində fəlsəfi məktəblər və cərəyanlar Kateqoriya:Hindu fəlsəfəsi Kateqoriya:Şivaizm məzhəbləri