La Fabrika – 1970-ci illərdə memar Rikardo Bofill tərəfindən ofis və yaşayış mərkəzinə çevrilmiş keçmiş sement zavodu. Barselona yaxınlığındakı San-Just-Desvern qəsəbəsində yerləşir.
Tarixi 1916 və ya 1917-ci ildə Kampins qəsəbəsində qurulmuş "La Auxiliar de la Construcción S. A." sement şirkəti zavodun qurucusudur. Zavodu 1920-ci ildə "Sanson" brendi adı ilə qeydiyyatdan keçirmişdir. Zavodun 105 metr hündürlüyündə olan və 1924-cü ildə tamamlanmış bacası amerikalı mühəndis Klifford Tomlinson tərəfindən dizayn olunmuşdur və dövrünün ən hündür Avropa bacası idi. Zavod İspaniya vətəndaş müharibəsində zərər görməmiş, istehkam işləri üçün sement istehsal etmişdir. Zavodun 1925-ci ildə tamamlanmış öz dəmiryol xətti var idi və Kornelya-de-Lyobreqatda dəmiryol şəbəkəsi ilə əlaqələnirdi. 1950-ci illərin əvvəlində zavodda 378 nəfər işləyirdi. İkinci Dünya müharibəsindən sonra zavodun səbəb olduğu çirklənmə yaxınlıqda yaşayan insanların etirazları ilə nəticələnmiş, zavod üçün yeni investisiyaların qarşısını almışdır. 1968-ci ildə "Sanson" şirkəti Felyu-de-Lyobreqatda yeni zavod açmışdır və köhnə zavod tərk edilmişdir.
Rikardo Bofill və onun "Taller de Arquitectura" şirkəti 1972-ci ildə bu məkanı kəşf etmiş və 1973-cü ildə satın almışdır. O, zavodda yenidənqurma və yaşıllaşdırma işlərinə başlamış, sənaye strukturlarını sökmüşdür. Qorunmuş silolar ofislərə və yaşayış məkanlarına çevrilmişdir. Layihə 1975-ci ildə tamamlanmışdır. Dizaynda katalan qotiki və sürrealizm üslublardan istifadə olunmaqla yanaşı, postmodernizm və tənqidi regionalizm kimi memarlıq elementləri daxil edilmişdir.
Rikardo Bofillin ölümündən sonra "La Fabrika" 26–27 yanvar 2022-ci il tarixlərində ictimaiyyətə açılmışdır. Barselona və digər yerlərdən minlərlə şəxs məkanı ziyarət etmişdir.
Xüsusiyyətlər "Taller de Arquitectura" şirkətinin qərargahı kimi istifadə olunur. Rikardo Bofill 14 yanvar 2022-ci ildəki ölümünə qədər burada yaşamışdır. "La Fabrika"ya ofislər, model hazırlama emalatxanaları, arxivlər və kitabxana daxildir. "Kafedral" adlı böyük interyer məkanı görüşlər, sərgilər, konsertlər və digər fəaliyyətlər üçün istifadə olunur. Kompleks yaşıllıqla əhatə olunmuşdur, hətta bəzi damlarda bitkilər əkilmişdir.
Populyar mədəniyyətdə "HBO" kanalı tərəfindən yaradılmış "Qərb dünyası" serialının üçüncü mövsümündə "La Fabrika"nı görmək mümkündür.
İstinadlar
Kateqoriya:Postmodern memarlıq Kateqoriya:İspaniya tikililəri