Əbu Abdillah Əhməd ibn İbrahim ibn Kəsir əd-Dəvrəqi (; ) — "Müsnədü Səd ibn Əbi Vəqqas" adlı əsərin müəllifi olan mühəddis.
Həyatı Hicri 168-ci (784) ildə Bağdadda anadan olmuşdur. Onun Dəvrəqi nisbəsini hansı səbəbdən aldığı dəqiq məlum deyil. Bununla bağlı üç ehtimal irəli sürülmüşdür. Birinci ehtimala görə, bu ad Əhvazın Dəvrəq qəsəbəsindən olması ilə əlaqədardır. İkinci ehtimala görə, ailəsi uzun bir baş geyimi növü olan dəvrəqiyyə istehsal edirdi və satırdı. Üçüncü ehtimala görə isə atasının yaşadığı dövrdə dindar gənclərə (yəqin ki, geyindikləri başlığa görə) dəvrəqi deyilirdi. Bu ehtimallar içərisində ən doğru olanın üçüncüsü olduğu, Abdullah ibn Əhməd ibn Hənbəlin şəxsən Əhməd əd-Dəvrəqidən etdiyi rəvayətdən məlum olur. Ailəsi Əbdülqeys qəbiləsinin Bəni-Nüqrə qolunun mövlası olduğuna görə o, Əbdi, Qeysi və Nüqri nisbələri ilə də tanınırdı. Onun qardaşı Yaqub ibn İbrahim əd-Dəvrəqi də mühəddis idi.
Dəvrəqi hələ uşaq yaşlarından elm öyrənməyə başlamışdır. Görkəmli hədis hafizləri və hədis tənqidçilərinin yetişdiyi bir dövrdə yaşadığı üçün Bağdad, Bəsrə, Kufə və Vasit kimi elm mərkəzlərini dolaşaraq Hüşeym ibn Bəşir, Cərir ibn Əbdülhəmid, Vəki ibn Cərrah, Əbdürrəhman ibn Mehdi və başqa alimlərdən hədis öyrənmişdir. Bu günə qədər gəlib çatdığı məlum olan əsərlərindən "Müsnədü Səd ibn Əbi Vəqqas"da onun müəllimlərinin sayı əlli altıdır. Özündən də Müslim, İbn Macə, Əbu Davud, Tirmizi, Əbül-Qasım əl-Bəğavi və başqa görkəmli mühəddislər faydalanmışlar.
Əbu Hətim ər-Razi Əhməd ibn İbrahim əd-Dəvrəqini "saduq" (doğru danışan, etibarlı) adlandırmış, Uqeyli və İbn Hibban isə onu "siqa" (etibarlı, güvənilən ravi) hesab etmişlər. Saleh Cəzərə Əhməd əd-Dəvrəqinini qardaşı Yaqub əd-Dəvrəqi ilə müqayisə edərək Əhmədin daha çox hədis rəvayət etdiyini və hədis bilgisinin daha yaxşı olduğunu, Yaqubun isə rəvayət məsələsində daha diqqətli davrandığını söyləmişdir. Bununla yanaşı, hər ikisinin də etibarlı mühəddis olduğunu qeyd etmişdir.
Əhməd əd-Dəvrəqinin oğlu, İbn əd-Dəvrəqi adı ilə tanınan Əbül-Abbas Abdullah da atasının müəllimləri olan Əffan ibn Müslim və Əbu Sələmə ət-Təbuzəki, eləcə də Yəhya ibn Məin kimi nüfuzlu alimlərdən hədis öyrənmişdir. O, İbn Səid əl-Haşimi, Məhəmili Məhəmməd ibn Məhləd və İbn Qəni kimi tanınmış alimlərə müəllimlik etmiş mühəddis idi.
Əhməd ibn İbrahim əd-Dəvrəqi hicri 246-cı il Şaban ayının 22-də (noyabr 860) Səmərra şəhərində vəfat etmişdir.
Mənbə
İstinadlar
Ədəbiyyat