Hesseli Filipp (; ) — Almaniya imperatoru III Fridrixin nəvəsi, Hessen şahzadəsi.
Həyatı 1896-cı ildə Offenbaxda əkiz qardaşı Volfqanqla birlikdə dünyaya gəldi. Atası Hohensollern sülaləsindən Hesseli Fridrix Karl, anası isə Almaniya imperatoru III Fridrixin qızı Şahzadə Marqaritadır. Uşaqlıq illəri Kronberq malikanəsində keçdi. Bu qəsr ana nənəsi olan dul imperatriça Viktoriyanın ölümündən sonra 1901-ci ildə anasına miras qalmışdı. Anasının istəyilə ingilis üslubunda təlim-tərbiyə aldı. 1910-cu ildə təhsil alması üçün Britaniyaya göndərildi. Ardından Frankfurt və Potsdamda təhsilini davam etdirdi. Qardaşları arasında hərbi təhsil almayan tək şəxs o idi.
Birinci Dünya müharibəsinin başlamasının ardından qardaşı Maksimilyanla birlikdə süvari alayının tərkibində cəbhəyə yollandı. İlk xidmət yeri Belçika idi və qardaşı Maksimilyan burada həlak oldu. Ardından şərq cəbhəsinə yollandı. Ukraynada gedən döyüşlərdə yaralandı. 1916-cı ildə digər qardaşı Fridrix Vilhelmin döyüşdə həlak olması xəbərini aldı.
Müharibənin ardından Reyxsverə üzv oldu. 1920-1922-ci illərdə Darmştadt Texniki Universitetində incəsənət tarixi və memarlıq üzrə təhsil aldı. Yunanıstan kralı I Konstantinlə evli olan xalası Prussiyalı Sofiyanı ziyarət məqsədilə bir neçə dəfə Afinaya səyahət etdi. 1923-cü ildə Romaya köçdü və burada memar kimi çalışdı. Burada İtaliya kralı III Viktor Emmanuelin qızı Şahzadə Mafalda ilə tanış oldu. 23 sentyabr 1925-ci ildə cütlük Turində evləndi. Birlikdə 4 övladı oldu.
Morits (1926-2013) Henri (1927-1999) Otto Adolf (1937-1998) Yelizaveta Marqarita (1940-)
İtaliyada ikən faşist partiyasına, 1930-cu ilin oktyabrında isə nasist partiyasına üzv oldu. Partiya daxilində aktiv rol oyandı və bu illər ərzində Herman Görinqlə yaxın əlaqələr qurdu. İtaliya kralının kürəkəni olduğu üçün Adolf Hitler və Benito Mussolini arasında körpü rolu oynadı. 1941-ci ilin fevralında hadamar sanatoriyasında 10 min psixiatrik xəstənin öldürülməsində günahlandırıldı. Ancaq müharibə illərində Adolf Hitlerin alman əsilzadələrinə olan etibarı sarsıldı. 1943-cü ilin mayında alınan qərarla alman əsilzadələri dövlət vəzifələrindən və partiya sıralarından uzaqlaşdırıldı. Üstəlik həmin ilin iyulunda qaynatası III Viktor Emmanuelin əmriylə Mussolinin həbs edilməsi onun Belrindəki nüfuzunu azaltdı. Bunda Şahzadə Filippin də payı olduğuna inanan Adolf Hitler 8 sentyabrda onun həbs edilməsi əmrini verdi. Dərhal Flossenburqdakı əsir düşərgəsinə göndərildi. Xanımı Şahzadə Mafalda isə Romada göz həbsinə alındı. Münxen və Berlində dindirildi və ardından başqa bir əsir düşərgəsinə göndərildi. 1944-cü ilin avqustunda bombalanan düşərgədə ağır yaralandı və bir neçə gün sonra vəfat etdi.
Almaniyanın məğlub edilməsinin ardından azadlığa buraxılsa da, keçmiş partiya üzvü olması səbəbilə 4 may 1945-ci ildə yenidən həbs edildi. 1947-ci ilədək müxtəlif əsir düşərgələrində saxlanıldı. Mal-mülkü müsadirə edildi.
1940-cı ildə atasının vəfat etməsinin ardından onun yerinə Hesse ailə başçısı oldu.
1980-ci ildə Romada vəfat etdi.
Mənbə
Ədəbiyyat
Judd, Denis (1981). Prince Philip: A Biography (First American ed.). New York: Atheneum. ISBN 9780689111310 Petropoulos, Jonathan (2008). Royals and the Reich (First ed.). Oxford University Press. ISBN 978-0195339277 Speer, Albert (1995). Inside the Third Reich. London: Weidenfeld & Nicolson. pp. 419–420. ISBN 9781842127353
İstinadlar