Nina Qeorqiyevna Romanova (; ) — Rus çarı I Nikolayın nəticəsi, böyük knyaginya.

1901-ci ildə Neva çayı sahilindəki Yeni Mixail sarayında doğuldu. Atası Qeorqi Mixailoviç çar I Nikolayın nəvəsi, anası Knyaginya Mariya isə Yunanıstan kralı I Georqun qızı idi. Üstəlik ana-nənəsi Olqa Konstantinovna da çar I Nikolayın nəvəsi idi.

Həyatının ilk illərini doğulduğu sarayda keçirsə də, 1905-ci ildə ailə Krımda yeni inşa edilən daha kiçik saraya köçdü. Birinci Dünya müharibəsinin başladığı 1914-cü ilədək burada sakit həyat yaşadı.

Ancaq valideynlərinin evliliyi xoşbəxt deyildi. Özünü sürgündə hiss edən anası Knyaginya Mariya vətən həsrəti çəkməkdə idi. Üstəlik əriylə münasibətləri də soyuq idi. Hər fürsətdə ölkə xaricinə çıxan Knyaginya Mariya Birinci Dünya müharibəsi başladığı əsnada qızlarıyla birlikdə Britaniyada tətildə idi və müharibəni bəhanə edərək Rusiyaya qayıtmaqdan imtina etdi. Bu tarixdən etibarən atasını heç vaxt görmədi.

Bolşeviklərin hakimiyyəti ələ almasının ardından atası həbs olundu və 1919-cu ilin yanvarında güllələndi. Anası ikinci dəfə evlənsə də, Knyaginya Nina və bacısı Kseniya daim atasının xatirələrini yaşatdı. Sırf bu səbəblə, hər ikisi də gənc yaşda evlənərək anasının nəzarətindən xilas oldular.

3 sentyabr 1922-ci ildə Londonda ikən Pavel Aleksandroviç Çavçavadze ilə evləndi. Seçilən bəy namizədi əslən Kaxeti əyalətindən olan Çavçavadze ailəsinə və Gürcüstanın son çarı XII Qriqorinin şəcərəsinə mənsub idi. Cütlüyün bu nikahdan 1 oğlu doğuldu.

David Çavçavadze (1924–2014)

1927-ci ildə ailəsiylə birlikdə ABŞ-a köçdü və Nyu-Yorkda məskunlaşdılar. Ərinin 1971-ci ildə ölümündən sonra son illərini Massaçusetsdə keçirən Knyaginya Nina 1974-cü ildə burada vəfat etdi.

Mənbə

Ədəbiyyat

Zeepvat, Charlotte (2004). The Camera and the Tsars. Sutton Publishing.

İstinadlar