Ayaz Mustafa oğlu Mustafayev () — azərbaycanlı diplomat və media meneceri. 2026-cı ilin mayından Space TV-nin baş direktoru vəzifəsində çalışır.
Həyatı və təhsili Ayaz Mustafayev 1986-cı ildə Mingəçevir şəhərində anadan olub.
2004–2008-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib.
2010–2011-ci illərdə Malta Universitetinin nəzdində fəaliyyət göstərən Aralıq Dənizi Diplomatik Akademiyasında diplomatiya ixtisası üzrə magistr təhsili alıb. Həmçinin ADA Universitetinin Advanced Foreign Service Program proqramını bitirib.
Peşəkar inkişafı çərçivəsində Londonda Young Diplomats Forum proqramında, həmçinin Sinqapur Xarici İşlər Nazirliyinin təşkil etdiyi insan resurslarının və layihələrin idarə olunması üzrə təlim proqramında iştirak edib.
Fəaliyyəti Mustafayev əmək fəaliyyətinə 2009-cu ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində başlayıb. Daha sonra Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyində müxtəlif vəzifələrdə çalışıb.
2017-ci ilin diplomatik siyahısında Ayaz Mustafayev Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşı, üçüncü katib (mətbuat) kimi göstərilib.
Böyük Britaniyada diplomatik fəaliyyətindən sonra İctimai Televiziyanın və Azərbaycan Televiziyasının London bürolarında çalışıb. Bu dövrdə mətbuat və media sahəsində fəaliyyət göstərib.
2020–2024-cü illərdə müxtəlif özəl şirkətlərdə çalışıb. 2024-cü ilin oktyabrında Təhsil Tələbə Krediti Fondunda İşəgötürənlərlə iş və innovativ layihələr şöbəsinin rəhbəri təyin edilib.
2026-cı il mayın 4-də Ayaz Mustafayev Space TV-nin baş direktoru təyin edilib. Təyinat Space TV-nin təsisçisinin qərarı əsasında həyata keçirilib və həmin gün Mustafayev telekanalın rəhbər şəxsləri və redaksiya kollektivi ilə görüş keçirib.
Şəxsi həyatı Ailəlidir, iki övladı var.
İstinadlar
Kateqoriya:Azərbaycan diplomatları Kateqoriya:Azərbaycan media menecerləri Kateqoriya:Azərbaycan televiziya xadimləri Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Mingəçevirdə doğulanlar