Betmen: Cəngavərin süqutu () — Betmen personajından bəhs edən və DC Comics tərəfindən 1993–1994-cü illərdə nəşr olunmuş, üç süjet xəttindən ibarət "Batman: Knightfall" komiks süjet xətti əsasında çəkilmiş, böyüklər üçün nəzərdə tutulmuş superqəhrəman animasiya filmləri trilogiyasıdır. Filmlərin rejissoru Ceff Uemester, ssenari müəllifi isə Ceremi Adamsdır. Baş rolları Enson Maunt, Maykl Mando və Pablo Şrayber səsləndirmişlər. Filmlər "DC Kainatı Orijinal Animasiya Filmləri" seriyasının hissələridir.

Trilogiyanın ilk filmi "Betmen: Cəngavərin süqutu — I hissə" filmində Beyn tərəfindən azad edilmiş Arkhem Psixiatriya Xəstəxanasının qaçmış məhbusları ilə mübarizə apararkən Betmenin tədricən fiziki cəhətdən tükənməsi təsvir olunur. Filmin premyerası 2026-cı il Ansi Beynəlxalq Animasiya Filmləri Festivalında baş tutmuş, 25 avqust 2026-cı ildə isə rəqəmsal formatda yayımlanmışdır.

Məzmunu

I Hissə: Cəngavərin süqutu

Qotem şəhərində Azrael Kobra kultunun üzvlərini amansızcasına öldürür, yalnız bir insan alverçisini sağ buraxır; Betmen son anda onu xilas edir. Betmenlə döyüşdükdən sonra Azrael qətl törətmək istəyindən ayılır və əslində Jan-Pol Valli olduğunu açıqlayaraq Betmendən ona kömək etməsini xahiş edir.

İllər əvvəl Santa-Priska dövlətində bir oğlan üsyançı atasının cinayətlərinə görə həbsxanada böyüyür və anası ona zəifliyə nifrət etməyi öyrədir. O, jurnalda Qotem şəhərini və Tomas Ueyni gördükdən sonra gələcəkdə Qotemi idarə etməyi arzulayır. Anasının ölümündən sonra oğlan ona qarşı seksual xarakterli hərəkət etməyə çalışan həbsxana işçisini kitabla döyərək öldürür və onu saxlamağa çalışan şəxslərə, o cümlədən həbsxana rəisinə hücum edir. Cəza olaraq o, bir quyuda saxlanılır və burada böyüyərək yetkin kişiyə çevrilir. Nəhayət, quyudan çıxarılaraq üzərində təcrübələr aparılır və Venom adlı sirli preparat vasitəsilə bədəni gücləndirilir. Yeni gücü və iri bədən quruluşu sayəsində həkimləri və həbsxana rəisini öldürür, daha sonra həbsxanadan qaçır və özünü Beyn adlandırır.

Hazırkı dövrdə Brüs Ueynin həkimi Şondra Kinsolvinq onun Dik Qreyson ilə münasibətlərinin pozulması və Ceyson Toddun ölümü ilə bağlı hələ də keçirdiyi hisslər barədə soruşur və onu yardım almağa çağırır. Bu zaman Arkhem Psixiatriya Xəstəxanasına daxil olan Beyn güclü partlayış törədərək bütün məhbusları azad edir.

İki gün sonra Betmen və Robin Dəlisov Papaqçı ilə qarşılaşırlar. Onlar Dəlisov Papaqçının girovlarını xilas edə bilirlər, lakin Betmen əmr etdiyi kimi Betmobildə qalmadığına görə Robinə irad tutur. Betmağarada Jan-Pol sağalma və məşqlərini davam etdirir və Alfredə hərəkətlərinin atası tərəfindən onun şüuruna həkk edildiyini açıqlayır. Betmen və Robin geri qayıtdıqdan sonra Betmen Robinə Arkhemin dağıdılmasını araşdırmağı tapşırır və Alfredlə Timin onun iki gündür yatmamasından narahat olmalarına baxmayaraq, dərhal yenidən şəhərə yollanır.

Məktəblərdən birində Betmen girovları, eləcə də Komissar Qordonun əmrinə qarşı çıxaraq binaya daxil olmuş detektiv Rene Montoyanı seriyalı qatil Viktor Zsasdan xilas edir. Betmen Zsası az qala ölənədək döyür, lakin Rene onu dayandırır. Gecə davam etdikcə Betmen Ventriloq və Çapıqsifət, Mister Friz, Ketmen və Atəş böcəyi ilə döyüşüb onları ələ keçirərkən getdikcə daha çox yorulur və yaralanır. Qorxuluğun qorxu qazının təsiri nəticəsində Ceysonla bağlı hallüsinasiya gördükdən sonra Şondra ilə əlaqə saxlamağa çalışır, lakin Bet-siqnal onu yenidən çağırır. Saat qülləsində Betmen Riddler ilə qarşılaşır; Beyn onu hücuma məcbur etmək üçün zorla Venom preparatı ilə inyeksiya etdirmişdir. Riddler bomba yerləşdirərək qaçır, lakin Betmen bombanın yaratdığı təhlükəni aradan qaldırır. Qordon Betmenin özünə nəzarəti itirməsi ilə bağlı onunla üzləşir, lakin Betmen Qordonun kömək təklifinə məhəl qoymur. Brüs Şondranın kabinetinə gedir; burada Şondra onun yaralarına qulluq edir və hər ikisi yuxuya gedir.

Robin və Jan-Pol Arkhemdə tapdıqları partlayıcı maddə qalıqlarının Bertinelli cinayət ailəsi ilə əlaqəli olduğunu müəyyənləşdirərək onun başçısı ilə üzləşirlər. Onlar Beynin ailəyə hücum etdiyini və partlayıcı maddələrini tələb etdiyini öyrənirlər. Lakin digər mafiya üzvləri onlara hücum etdikdə Jan-Polun şüuruna yeridilmiş zorakı davranış proqramı işə düşür və o, təşviş içində geri çəkilir. Robin oğurlanmış bombaları araşdırarkən Beyn ona pusqu quraraq əsir götürür. Robin özünə gəldikdə Beyn Betmen və Robinin əsl kimliklərini artıq bildiyini və Qotem şəhərini daha güclü olmağa məcbur etmək üçün Betmeni sındırmaq niyyətində olduğunu açıqlayır. Robin əsirlikdən qurtulur və hücumlarının Beynə heç bir təsir göstərmədiyini gördükdən sonra çətinliklə qaçmağa müvəffəq olur. Kilsədə Jan-Pol günahlarını etiraf edir, lakin hallüsinasiya görərək bir keşişin və Məbəd cəngavərinin ona Müqəddəs Düma ordeninə tabe olmağı və Azrael rolunu qəbul etməyi əmr etdiklərini görür.

Brüs yuxudan oyanaraq Betmağaraya qayıtdıqda Tim ona Beyn haqqında məlumat verməyə çalışır. Lakin Brüs Timin onun əmrinə tabe olmamasına qəzəblənərək onu Robin vəzifəsindən uzaqlaşdırır. Daha sonra Tim və Alfreddən üzr istəməyə çalışsa da, onların huşsuz vəziyyətdə olduqlarını görür və Beynlə qarşılaşır. Brüs zəifləmiş vəziyyətinə baxmayaraq onunla döyüşür, lakin Beyn uğursuzluqlarına görə onu ələ salaraq Ueyn malikanəsi və Betmağara boyunca amansızcasına döyür. Nəhayət, onun müqavimət göstərməsindən bezən Beyn Brüsün onurğasını sındırır, lakin onu öldürmür.

Qordon, Montoya və Jan-Pol hadisəni Timlə birlikdə izləyərkən, Alfred və doktor Şondra baş verənlərə televiziyadan şahid olurlar. Beyn Betmenin hərəkətsiz bədənini Qotem Şəhər Polis Departamentinin (GCPD) qərargahının damından aşağı atır və bundan sonra Qotemin öz başının çarəsinə baxmalı olacağını elan edir. Qorxu içində olan insanların gözü qarşısında Harvi Bullok Qordona Qotem şəhərinin yer üzündə cəhənnəmə çevrilmək üzrə olduğunu bildirir.

Səsləndirən aktyorlar I Hissə Enson Maunt — Brüs Ueyn / Betmen Maykl Mando — Beyn Noa Mendes — gənc Beyn Pablo Şrayber — Jan-Pol Valli / Azrael Cek Qriffo — Tim Dreyk / Robin Brüs Boksleytner — Komissar Qordon Devid Dastmalçian — Edvard Niqma / Riddler Saymon Templman — Alfred Penniuort Toks Olaqundoye — Şondra Kinsolvinq Ceyson Fleminq — Cervis Tetç / Dəlisov Papaqçı Cessika Kamaço — Rene Montoya Mik Uinqert — Harvi Bullok Endrü Morqado — Viktor Zsas Ceff Bennett — Arnold Vesker / Ventriloq və Skarfeys Luis Bermudes — Tomas Bleyk / Ketmen Maks Mittelman — Ceyson Todd / Robin Adriana İsabel — Beynin anası Bayardo de Murqula — Pena Duro həbsxanasının rəisi

İstehsalı

2025-ci ilin oktyabrında Nyu-York Komik-Konu zamanı Betmen haqqında 1993–1994-cü illərdə nəşr olunmuş üç hissəli "Cəngavərin süqutu" süjet xətti əsasında animasiya filmləri seriyasının hazırlandığı elan edildi. Seriyanın ilk filmi "Betmen: Cəngavərin süqutu — I hissə: Cəngavərin süqutu"nun rejissoru Ceff Uemester, ssenari müəllifi isə Ceremi Adamsdır. Cim Kriq və Kimberli S. Moro filmin prodüserləri, Sem Recister və Maykl Uslan isə icraçı prodüserləri olmuşlar. Filmin istehsalı Warner Bros. Animation və DC Studios tərəfindən həyata keçirilmiş, Studio Mir isə animasiya xidmətlərini təmin etmişdir.

Filmin istehsalına başlanarkən nəzarətçi prodüser Rik Morales və yaradıcı heyətin digər üzvləri Betmen filmi olduğu üçün onun "PG-13" yaş reytinqi almalı olduğu tələbi çərçivəsində işləyirdilər. Moralesin "Ölümcül döyüş əfsanələri: Qar korluğu" (2022) filmi üzərindəki təcrübəsinin, öz ifadəsi ilə desək, "DNT-sinin bir hissəsinə çevrilməsinə" baxmayaraq, ilkin stori-bordlar məhz daha yumşaldılmış zorakılıq səviyyəsinə uyğun hazırlanmışdı. Lakin onlar materialları rəhbərliyə təqdim etdikdə, filmdə zorakılığın bir qədər daha açıq göstərilə biləcəyi bildirildi. Buna təəccüblənən Morales həmkarlarından sərhədləri daha da genişləndirməyi və "R" reytinqi əldə etmək üçün filmi "bir qədər daha" zorakı və çılğın etməyi istədi. Prodüser Cim Kriqin sözlərinə görə, belə səhnələrdən birində personajların yanaraq ölməsi əvvəlcə kadr arxasında baş verirdi, lakin sonradan yaradıcı heyət bu səhnəni daha açıq şəkildə göstərmək qərarına gəldi.

"I hissə: Cəngavərin süqutu" filminin 2026-cı il Ansi Beynəlxalq Animasiya Filmləri Festivalında keçirilmiş premyerasında səsləndirmə heyəti açıqlanmışdır. Heyətə daha əvvəl "Ədalətsizlik" filmində Betmeni səsləndirmiş Enson Maunt, həmçinin Maykl Mando və Pablo Şrayber daxil olmuşlar. Filmin musiqisini Con Cenninqs Boyd və Erik V. Haçikyan bəstələmişlər.

Çıxarılması

"I hissə: Cəngavərin süqutu" filminin premyerası 23 iyun 2026-cı ildə Ansi Beynəlxalq Animasiya Filmləri Festivalında baş tutmuşdur. Film 25 avqustda rəqəmsal formatda yayımlanmış, 4K Ultra HD, Blu-ray və DVD formatlarında fiziki daşıyıcılarda buraxılışı isə 8 sentyabr tarixinə planlaşdırılmışdır. II hissənin 2026-cı ilin sonlarında, III hissənin isə 2027-ci ildə çıxarılması planlaşdırılır.

İstinadlar

Xarici keçidlər (Part 1)

Kateqoriya:2026-cı ilin filmləri Kateqoriya:2027-ci ilin filmləri Kateqoriya:2020-ci illərin ingilis dilli filmləri Kateqoriya:2020-ci illərin superqəhrəman filmləri Kateqoriya:ABŞ-nin animasiyalı döyüş filmləri Kateqoriya:ABŞ-nin böyüklər üçün animasiya filmləri Kateqoriya:Betmen haqqında animasiya filmləri Kateqoriya:DC Kainatı orijinal animasiya filmləri Kateqoriya:Sem Recisterin prodüseri olduğu filmlər