Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti - elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması, realizə edilməsi, enerji haqlarının mövcud tarif qiymətinə uyğun olaraq yığılması və elektrik stansiyalarının, yarımstansiyaların vahid mərkəzdən dispetçer idarəetməsi istiqamətində 2017 - 2025-ci illər arasında fəaliyyət göstərmiş, Naxçıvan MR mərkəzi icra hakimiyyəti orqanı

Tarixi Naxçıvan MSSR Nazirlər Sovetinin 21 sentyabr 1957-ci il tarixli “Azərbaycan Baş Kənd Təsərrüfatı Elektrik İdarəsinin Naxçıvan Şöbəsinin təşkili haqqında” qərar əsasında müvafiq Şöbə yaradılıb.

1 sentyabr 1963-cü ilədək həmin Şöbənin rəhbərliyi ilə “Azkomenerji”nin Naxçıvan İstilik Energetika Stansiyası təsis olunub.

Azərbaycan SSR Nazirlər Sovetinin 2 avqust 1963-cü il tarixli 540 nömrəli Sərəncamına və Azərbaycan SSR Energetika və Elektrofikasiya Baş İstehsalat İdarəsinin 13 avqust 1963-cü il tarixli 58 nömrəli Əmrinə əsasən 1 sentyabr 1963-cü il tarixdən ilk dəfə Naxçıvan MSSR-də “Azbaşenerji”nin Naxçıvan Elektrik Şəbəkəsi yaradılıb.

“Azbaşenerji”nin 19 mart 1980-ci il tarixində təsdiqlənmiş strukturuna əsasən Naxçıvan Elektrik Şəbəkəsi 1 aprel 1980-ci il tarixdən “Azbaşenerji”nin  Naxçıvan Elektrik Şəbəkələri Müəssisələrinə çevrilib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 21 yanvar 1992-ci il tarixli 22 nömrəli Qərarına əsasən Naxçıvan Elektrik Şəbəkələri Müəssisələri tam təsərrüfat hesablı Naxçıvan Muxtar Respublikası Enerji İstehsalat Birliyinə çevrilib.

“Azərenerji” Dövlət Şirkətinin 17 oktyabr 1994-cü il tarixli 113 nömrəli Əmri ilə Naxçıvan Muxtar Respublikası Energetika İdarəsi yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 avqust 2006-cı il tarixli 40-lll FR nömrəli Fərmanına əsəsən Naxçıvan Muxtar Respublikası Energetika İdarəsinin bazasında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 10 aprel 2017-ci il tarixli 59-V FR nömrəli Fərmanına əsəsən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin bazasında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 31 avqust 2018-ci il tarixli 306-04/S nömrəli Sərəncamı ilə Xidmətin səlahiyyətləri artırılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 04 noyabr 2025-ci il tarixli 24-VII FR nömrəli Fərmanı ilə ləğv edilib. Ləğv səbəbi odur ki, bu qurumun fəaliyyəti "Elektroenergetika haqqında" 2023-cü il Qanununa uyğun deyildi. Bu səbəblə qurumun ləğvi üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən 2025-ci ildə ayrıca Fərman verilib.

Fəaliyyət istiqamətləri Xidmət aşağıdakı istiqamətlərdə fəaliyyət göstərib:

elektrik enerjisinin istehsalı; elektrik enerjisinin ötürülməsi; elektrik enerjisinin paylanması; elektrik enerjisinin realizə edilməsi; enerji haqlarının mövcud tarif qiymətinə uyğun olaraq yığılması; elektrik stansiyalarının, yarımstansiyaların vahid mərkəzdən dispetçer idarəetməsi.

Strukturu Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinin aparatı və onun tabeçiliyinə daxil olan strukturlar öz fəaliyyətini, əsasnaməsini, elektroenergetika sahəsində mövcud qanunvericilik aktlarını, mübadilə və xidmətlər üzrə müqavilələrin tələblərini yerinə yetirərək, qarşıya qoyulmuş və müvafiq sahədə dövlət siyasətinin formalaşmasında muxtar respublikanın mənafeyinə xidmət edən vəzifə və funksiyaların layiqincə həyata keçirilməsi prinsiplərini əsas götürüb:

Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinin balansında 9 Elektrik Şəbəkəsi, eyni zamanda ümumi qoyuluş gücü 244.8 MVt olan iki istilik elektrik stansiyası, beş su elektrik stansiyası, üç günəş elektrik stansiyası, bir külək-günəş hibrid elektrik stansiyası və bir külək elektrik stansiyası olub.

İstinadlar