Əbu Əmr əş-Şeybani (; ) — Kufə dilçilik məktəbinə mənsub alim.

Bioqrafiyası Onun tam adı Əbu Əmr İshaq ibn Mirər əş-Şeybanidir. Kufənin kəndlərinin birində anadan oldu. Nisbəsi "əş-Şeybani"dir. Nisbəsinin mənşəyi haqqında mənbələrdə müxtəlif məlumatlar qeyd edilmişdir.

Mənbələrdə onu Əbu Əmr ibn Əla və Müfəddəl əd-Dəbbidən dilçilik və şeir sahələrində bəhrələndiyi qeyd edilmişdir.

Əbu Əmr əş-Şeybani ərəb dili və poeziyası haqqında məlumatlar toplamaq məqsədilə bədəvi ərəblər arasında yaşamış, topladığı zəngin dil və şeir nümunələrini ciddi seçimdən keçirərək etibarlı şəkildə gələcək nəsillərə ötürmüşdür. Əbu Əmr əş-Şeybaninin fəaliyyətinin ən mühüm nümunələrindən biri 80-dən çox ərəb qəbiləsinin Cahiliyyə dövründən hicri II əsrin (760–770) ortalarına qədərki şeirlərini əhatə edən "Kitabü Əşaril-Qəbail" adlı çoxcildlik ensiklopedik məcmuəni ərsəyə gətirməsidir. Onun bir digər əsəri də "Kitabül-Cim"dir (və ya "əl-Cim").

Əbu Əmr əş-Şeybani qədim ərəb şeirində bəhs edilən tarixi hadisələrin, Əyyam əl-Ərəbin və tarixi rəvayətlərin izahında dövrünün ən nüfuzlu mütəxəssislərindən biri hesab olunmuş, eyni zamanda dürüstlüyü və etibarlılığı ilə tanınmışdır. O, həyatının son dövrünü Bağdad şəhərində keçirmiş və burada tədris fəaliyyəti ilə məşğul olmuşdur. Mənbələrdə onun Əhməd ibn Hənbəl, Əbu Ubeyd Qasım ibn Səllam və İbn əs-Sikkit kimi alimlər yetişdirdiyi haqqında məlumatlara rast gəlinir.

Onun ölüm tarixi haqqında mənbələrdə müxtəlif məlumatlar (820, 825, 828, 830 və ya 831) vardır.

İstinadlar

Kateqoriya:IX əsr ərəbləri Kateqoriya:VIII əsr ərəbləri